BURA / ORA
Tibb bacısının həssas qərarı... Tarix : 15 Noyabr 2019, 12:28


Bilənlər bilir, bilməyənlər üçün deyim ki, Türkiyədə magistratura və doktorantura pilləsində dərslər müəllimlə tələbənin debatı şəklində qurulur. Təbii ki bəzən mövzu məişət məsələlərinə də gəlib çıxa bilir. Belə söhbətlərin birində məlum oldu ki, dərsini dinlədiyimiz professorun bacısı dövlət xəstəxanalarının birində tibb bacısı kimi çalışır. 


Günlərin bir günü işdən evə gəlirmiş. Maşınını yaşadığı binanın həyətinə park edən zaman arxadan başqa bir maşının zərbəsi ilə sarsılır. Həm maşını, həm də özü ciddi zədələnir. Maşını bərpa etmək çətin olmasa da, özü aylarla ayağından aldığı zədəyə görə çox əziyyət çəkir. Sonra məlum olur ki, onun maşınını vuran adamla eyni binada yaşayırmışlar. Xanıma bu qədər zərər vermiş həmin şəxs bir dəfə də olsa ona baş çəkmir. Buna görə də xanım onu məhkəməyə verməyə qərar alır.


Məhkəmə məsələsini eşidəndən sonra araya tanışlar salır, dəfələrlə gedir, gəlir, üzr istəyir. Dəymiş maddi zərəri ödəmək üçün pul da təklif edir. Nəhayət, xanım bir qərar verir. Amma qərar verməmişdən öncə onun maddi vəziyyətini də ətraflı öyrənir.


Bunu da ona görə edir ki, adam çətin vəziyyətdə qalmasın.

Ona qız uşaqlarının oxuması üçün yardım toplayan bir qurumun hesabına 3000 tl pul (təxminən 1000 AZN) köçürüb, qəbzini də gətirməyini  istəyir.


Bunu eşidəndə məndə iki sual yarandı. Birincisi budur. Görəsən eyni hadisə bizdə olsa, tibb bacısı eynilə bu cür həssaslıq göstərə bilərdimi? İkinci sual isə budur. Deyək ki, tibb bacısı bunu düşündü. Pulu hansı yardım qurumunun hesabına köçürəcəkdi?


Yox, üçüncü sual da yaranır deyəsən. Bu addımı atmasını o tibb bacısından istəməyə nə qədər haqqımız çatır?

Belə suallar əslində əvvəlcədən cavabını bildiyimiz suallar silsiləsindəndir...

 

Yazdı: Xumar Hüseynova

 qadinkimi.com