SEVGİ, QADIN / KİŞİ
Təranə Məmmədin "Gül səbəti" Tarix : 02 Mart 2021, 08:43
 
Qadın ürəyi silsiləsindən: 
 
O gün çox gözəl görünürdüm. Gözlərim işıq saçırdı. Ev işlərini görə-görə zümzümə edirdim. Səhər tezdən oyanıb ev-eşiyi təmizləyib özümə də sığal çəkmişdim. O gün mənim günüm idi axı. Qadınlar günü.
Gülləri çox sevdiyimi evdə hamı bilir. Qızım da, institutda oxuyan iki oğlum da. Yoldaşım da bilir, ancaq buna baxmayaraq mənə heç vaxt gül almır. Səbəbini bilmirəm. Başqa nəsə ala bilər, amma gül almır.
Elə işlərimi bitirib oturmuşdum ki, qapının zəngi basıldı.

Bayram əhvalı - ruhiyyəsiylə qapını açdım.
Qarşımda dayanan cavan oğlan bir səbət qızılgülü mənə uzadıb:
- Xanım, bu güllər sizə çatacaq!- dedi.
Sevincimi boğa bilməyib
-Nə gözəl güllərdir! Dəqiq mənə çatacaq?- deyə soruşdum.

-Bəli. Buyurun!
Mən gül səbətini alıb qapını bağladım.
Otaqda gülün üstündəki kiçik zərfi acdım və
"Sevgilim,səni çox sevirəm! Bayramın mübarək!" sözlərini oxuyurdum ki, yoldaşım yaxınlaşıb kağızı məndən aldı, bir mənə, bir güllərə baxıb yazını oxudu və:
- Kimdəndi bu?
- Bilmirəm,- dedim
-Bəs kim bilir?
- Mən elə bildim ki...
İstədim deyim ki, elə bildim sən mənə sürpriz etmisən ,ancaq yoldaşım sözümü bitirməyə imkan vermədi.
- De görüm, kimdi sənə "sevgilim" yazıb gül göndərən?-deyə bağırdı.
- Bilmirəm, dedim. Mən bilmirəm. Adını yazmayıb! - dedim.
- Əlbəttə yazmaz. Ancaq sən sevdiyin gızılgülləri bilir. Demək bu adam sənə çox yaxındır. Sanki evin içidir.

Kişi özündən çıxdı. Yersiz ittihamlar, olmayan sözlər, cavanlıqda etdiyimiz səhvlər- hamısı yada düşdü.
Mən günahsız təhqir edildim, ünvanıma yaraşmayan sözlər deyildi.
Əlacsız qalıb ağladım. Elə ürəkdən ağladım ki, özümün özümə yazığım gəldi.
 
 
Rose love - Flower Bouquet - Aybax.com
 

Düşündüm ki, kaş həqiqətən məni bu qədər sevən bir kəs olaydı və bu gülləri mənə o göndərəydi! Kaş ki... Onda bəlkə bu qədər yandırmazdı məni bu haqsızlıq.
O bayram günü məni sakitləşdirmək də keçmədi ağlından yoldaşımın.
Qapının zəngi yenə eşidildi. Əllərində bir dəstə qızılgül böyük oğlum gəldi. Mənim o üzümdən bu üzümdən öpüb təbrik edəndə daha da kövrəldim.
- Atamın hədiyyəsi mənimkindən gözəldir təbiiki, - deyə səbətdəki, güllərə işarə etdi.

Yoldaşım özünü itirmişdi. Nə sual verə bilir, nə də bayaqdan ünvanıma dedikləri üçün üzr istəyə bilirdi.
Oğlum mənə xoş gəlsin deyə atasının adından zərfə qoyulan kiçik məktubu və bir səbət qızılgülü evə yollayıbl ki, güya bunu atası sifariş edib. Atasını xəbərdar etməyi isə unudub.
Bir neçə dəqiqədən sonra onlar, sanki heç nə baş verməmiş kimi bu əhvalatı danışıb gülürdülər.
Mən də o günü ömürlük yadımda saxladım. O gün dərk etdim ki, səni anlamayan, sənə etibar etməyən, sənin qəlbini duymayan insan sənə heç vaxt gül ala bilməz...
 

 
Təranə Məmməd
qadinkimi.com