BURA / ORA
Tənhalığa qarşı mübarizə aparan qadın – Mo Fayose Tarix : 25 Dekabr 2019, 11:30
Yazar : Qadinkimi.com
Britaniyada tənhalığa qarşı mübarizə aparan Mo Fayose adlı bir qadın tanımadığı 1900 nəfərə yazdığı Milad açıqcasını şəxsən çatdırıb. 
 

Bu geniş ürəkli qadın qeyd edib ki: "Miladla bağlı bir çox insan çox kədərli əhval-ruhiyyədə ola bilər  – kiçik də olsa birindən nəsə almaq, unudulmadığını bilmək insan üçün çox önəmli fərq yaradır”  

İngiltərənin Nottinqam şəhərində yaşayan 45 yaşlı Mo Fayose bu kartları hazırlamaq üçün günlərlə gecə yarısına qədər yatmadığını və insanlara çatdırmaq üçün küçələri dolaşdığını deyib. 

Hər bir kart şokolad və Milad günündə könüllülər qrupu tərəfindən təşkil olunan qonaqlıq dəvətnaməsi ilə birlikdə verilib.

 
Mo Fayose gələn il bu kampaniyasını daha da genişlətmək istədiyini bildirib. 

İki uşaq anası və "Qayğı Klubu Cəmiyyəti”nin rəhbəri Mo Fayose bu fikrə psixi sağlamlıq mərkəzində tibb bacısı işləyən zaman bir qadının özünü çox tənha hiss etdiyini dediyindən sonra gəldiyini deyib. 

Qeyd edək ki, o, ilk dəfə bu işi 2016-cı ildə görüb. Milad günündə tənha insanları şam yeməyinə dəvət edib.
 



Ma Fayose kimdir?

O, özü haqqında bunları deyir: Mən böyük ailədə doğulmuşam. 14 yaşımda ailəmizə yaxın biri tərəfindən cinsi təcavüzə məruz qaldım. Amma bunu heç kimə deyə bilmədim, çünki qorxurdum və özümdən çox utanırdım. 

1993-cü ilin 14 noyabrında bir gözümün kor olmasına səbəb olan dəhşətli avtomobil qəzası yaşadım. Növbəti il məktəb bufetindəki işimə geri döndüm.  Ancaq məktəbdəki uşaqlar valideynlərinə bir "canavar”ın onlara yemək verdiyindən şikayət etdilər. Valideynlərin məktəb rəhbərliyinə müraciətindən sonra məni qapıçı işinə keçirdilər. Amma almalı olduğum pulu mənə ödəmədilər. Bir sözlə, həm maddi, həm də mənəvi zərər gördüm. 

1994-cü ildə məni qorxularımla qəbul edən bir insanla tanış oldum. Özümü çox xoşbəxt hiss edirdim. Çünki məni kiminsə qəbul edəcəyini heç vaxt düşünmürdüm. Onun mənə xəyanət etməsinə rəğmən evləndik. Kimdən olduğunu bilmədiyim uşağına baxsam da ondan ayrılmadım. Çünki bir "canavar” olaraq başqa kim mənlə yaşayacaqdı ki?!

2013- cü ildə həyatımın ən ağır hadisələrindən birini yaşadım. Döş xərçəngindən bacımı itirdim. Heç vaxt düşünməzdim ki, ailə üzvlərimdən və ya əzizlərimdən kimsə bu xəstəliyə tutula bilər. 

Hekayəmi danışmaqda məqsədim odur ki, özünü tək hiss etmə. Bir çoxumuzun hekayələri oxşardır. Çox böyük bir ailədə doğulsam da, onlar məni anlamırdılar. Məni "dəli” adlandırırdılar. Ona görə də rahatlığımı məni sevməyən birində tapacağımı düşündüm. Ağlımı itirəcəyimi düşünürdüm. Ətrafımda çox az insan var idi. 

Sizə demək istədiyim şey budur: "Tənhalığınızdan qurtularaq özünüzü cəsarətləndirin. Bilin ki, hardasa kimsə sizinlə maraqlanır”. 

qadinkimi.com