Tək sevgilisi musiqi olan bəstəkar
Tarix : 20 Fevral 2026, 18:34
O, ailə qurmadı, kimsəni sevə bilmədi. Onun tək sevgilisi musiqi oldu. Konfutsi deyir ki, musiqi göylə torpaq arasında bir ahəngdir. Bu ahəngi yaradanlardan birindən söz açırıq.
1912 – ci il dekabrın15 –ində Bakıda ziyalı ailəsində anadan olan Ağabacı Rzayevadan... İsmayıl və Sona xanımın ailəsində 5 övlad böyüyürdü: Ruqiyyə, Rəfiqə, Nəsir, Aliyə və Ağabacı. İsmayıl Rzayev məşhur tarzən Mirzə Fərəcin oğlu idi. O, İxtisasca iqtisadçı olsa da, müsiqini sevir, atasından muğamlarımızı öyrənirdi. İsmayıl atasından tar çalmağı da öyrənmişdi. Ailədə musiqiyə sevgi vardı. Ağabacı və bacısı Ruqiyyə də ilk tar dərslərini atasından və babasından almışdılar.
Babasının vəfatından sonra Ağabacı Rzayeva Pedaqoji texnikumu bitirib, Kürdəxanıda müəllim işləyir və bu peşəyə bağlanır. Amma müsiqiyə vurğunluğu burda da özünü göstərir. Qızlardan ibarət xor dərnəyi yaradır, müsiqi nömrələri hazırlayır, özü də tarda onları müşayət edirdi. O illərdə radioda müsiqi nömrələri ilə çıxışları sevilirdi. Bacıların tarda ifasından xəbər tutan Üzeyir bəy Hacıbəyov onları 1934 - cü ildə Konservatoriyanın nəzdində yaradılan "Xalq musiqisi” şöbəsinə dəvət edir. İsmayıl kişi qızlarının musiqiyə sevgisini bildiyindən onların təhsil almasına etiraz etmir. Ağabacı və Ruqiyyə bu şöbənin ilk qız tələbələri idi. Ağabacı xanım not dərslərini tarzən və bəstəkar Səid Rüstəmovdan, muğam dərslərini Mirzə Mənsur Mənsurovdan alır. Bir il sonra Üzeyir bəyin yaratdığı ilk notlu xalq çalğı alətləri orkestrinə qəbul olur.
Ağabacı Rzayeva təkcə Azərbaycan Dövlət Konservatoriyasında Üzeyir Hacıbəyovun kompozisiya sinfində təhsil alan ən sevimli tələbələrindən biri deyildi, həm də ilk azəri qızıydı.
Əlindən tutub onu musiqi dünyasına aparan müəlliminə "Gənc vətənpərvərlər marşı” adlı ilk əsərini çəkingənliklə təqdim edəndə eşitdiyi sözlər ona mənəvi dayaq olmuşdu: "Sən sübut etdin ki, qadın da bəstəkar olar”. Bundan sonra o, Üzeyir bəydən bəstəkarlıq dərsləri almağa başlayır. A. Rzayevanın yaradıcılığında böyük Üzeyir bəyin sözləri dəfələrlə öz təsdiqini tapır. "Vətən”, "Könlüm”, ”Oxuma gözəl”, ”Gözləyirəm sevgilim”, ”Gözlərin”, "Neftçi Qurban”, "Zülfi pərişan olmasın””Çoban Qara”, "Sevgilim əsgər gedir” və s. kimi bir çox mahnı və romansları ona sevgi və şöhrət qazandırır. Yaradıcılığının əsasını mahnı və romanslar təşkil etsə də Ağabacı Rzayeva xor üçün əsərlər, simfonik əsərlər, xalq çalğı alətləri, simli kvartet üçün əsərlər, sonatalar, tar və kamança üçün pyeslər və s. musiqilərin müəllifidir. Xalq çalğı alətləri ansamblına klarnetin salınması da Ağabacı Rzayevanın adı ilə bağlıdır. Təkcə Azərbaycanda deyil, Şərqdə peşəkar musiqi təhsili almış İlk professional xanım bəstəkarlardan olan Ağabacı Rzayeva bir - neçə musiqili səhnə əsərləri də yazmışdır.
Öz musiqisi ilə yoğurub yapdığı dövrünün ən istedadlı ifaçılarının repertuarından düşməyən müxtəlif mövzulu gözəl mahnıların müəllifi Ağabacı Rzayevanın yaradıcılığında bir – birindən maraqlı, unudulmaz uşaq mahnıları da xüsusi yer tutur. "Kukla”, "Ağ göyərçinim”, "Qaranquş”, "Sabahın ustaları”, "Balaca kapitan”, "Qərənfiləm mən”, "Gəl, gəl a yaz günləri”, "Şən yolka”və onlarla başqa uşaq mahnıları bu gün də populyardır. Onun uşaq mahnılarını böyüklər də sevir. Hər birimiz bu mahnıları dinləməkdən, hətta oxumaqdan doymuruq. Nə qədər uşaq mahnıları yazılsa da, Ağabacı xanımın mahnıları unudulmur, çünki bu mahnılar öz şirinliyi, gözəlliyi ilə yaddaşlara yazılıb.
Ağabacı Rzayevadan sonra Ədilə Hüseyzadə, Hökümə Nəcəfova, Şəfiqə Axundova, Gülarə Əliyeva, Elza İbrahimova, Aygün Səmədzadə, Rəhilə Həsənova, Sevda İbrahimova, Firəngiz Əlizadə, Əzizə Mustafazadə, və başqa qadın bəstəkarlarımız Azərbaycan musiqisinin gözəl nümunələrini yaradıb, yaradacaq və yaşadacaqlar. Ağabacı xanım isə İki dəfə "Qırmızı Əmək Bayrağı” və "Şərəf nişanı” ordeni almış, Azərbaycanın Əməkdər İncəsənət xadimi adına layiq görülən bəstəkar kimi adını Azərbaycan musiqi tarixinə yazıb. Bacısı Ruqiyyə ilə birlikdə Konservatoriyanın nəzdində yaradılan "Xalq musiqi şöbəsi”nin ilk qız tələbəsi olan Ağabacı Rzayevanın mahnı və romanslarını Bülbül, Rəşid Behbudov, Firəngiz Əhmədova, Fatma Mehrəliyeva, Şövkət Ələkbəroba, Sara Qədimova, Gülağa Məmmədov, M.Salmanov, Lütfiyar İmanov və başqa usta sənətkarlar məharətlə ifa ediblər. Onun musiqiləri bu gün də ruhumuzu oxşayır, ürəyimizə rahatlıq verir, yaşayır və bizi də yaşadır. A.Rzayeva 5 iyul 1975 – ci ildə Bakıda vəfat etmişdir. Əslindəsə, onun ömrü mahnılarındadır, ölməz mahnılarında.
Kamalə Abiyeva, şair, publisist, pedaqoq
Qadinkimi.com