Əşrəf Dehqani şah, həm də ayətullah rejimlərinə qarşı müqavimət hərəkatının ən tanınmış üzvlərindən biri, İran Xalq Partizanları-Fədailəri-nin qurucusu və rəhbəridir.
Onun formalaşmasında tarixi şərait, mühit müstəsna rol oynayıb. Səməd Behrəngi kimi bir şəxsin yanında olmaq, onunla fikir mübadiləsi etmək Əşrəfi hələ gənc yaşlarından mübarizə meydanına səsləyib. İstər Səmədin, istərsə də qardaşı-həmfikiri Behruzun, yazar-inqilabçı Əlirza Nabdil Oxtayın, eləcə də digər yoldaşlarının mübarizəsi və edamı bu gənc qızın fikirlərini bir daha yumşalmayacaq şəkildə daşlaşdırdı. Tarix onun gözü qarşısında, onun iştirakı ilə yazılırdı.
Bu gün İranda davam edən hərəkat tarixi hadisələrdən qaynaqlanır və haqq-ədalət zəncirinin növbəti halqasıdır.
70-ci illərdə Yaxın Şərq inqilabi hərəkatları, xüsusilə də İran praktikası ilə az-çox maraqlanan hər kəs "Sağ qalma nəzəriyyəsi” anlayışını və "Əgər döyüşmək fikrində deyiliksə, niyə sağ qalmalıyıq?” ifadəsini eşitmiş olmalıdır. Bu, sadə görünsə də, təkcə İranda deyil, ağır repressiv rejimlərin hökm sürdüyü bütün ölkələrdə çox yayılan dilemmadır. Tarix göstərib ki, Arazın o biri tərəfində hakimiyyətdə kimin olmasından asılı olmayaraq, onlar Azərbaycan coğrafiyasına və türklərə qarşı amansızlıqda pik həddə olublar.
Əşrəf Dehqaninin atası mirab – suvarma işlərində çalışıb. Böyük ailəsini dolandırmaq üçün hər zəhmətə qatlaşan ata ərzaq mağazasında, pambıq fabrikində, tikintidə çalışıb, iş tapmayanda zibil daşıyıb. Ancaq günəmuzd işlədiyinə, davamlı olaraq bir işə sahib olmadığına görə bütün bu işlərdən əldə etdiyi qazancla səkkiz nəfərlik ailəsini bir qarnı ac, bir qarnı tox keçindirib. Bu səbəbdən də anası və böyük uşaqlar hərəsi bir işin qulpundan tutmalı olub. Böyük qardaşlar əllərindən gələni edir, anası və böyük bacısı bəzən iplik əyirirdi. Mirab olan ata daim rütubətə məruz qalır, tez-tez bütün gecəni suyun yanında keşik çəkməli olur. Ayaqlarında yaranan davamlı ağrılar nəhayətində onu əlil edir. Bütün ömrü yoxsulluq və məhrumiyyətdə keçsə də, bu səfil həyatına digərləri kimi " Neyləmək olar, bu mənim qismətim, alın yazımdır” deyib boyun əymir, ən azından ideoloji mübarizədə iştirak edir. O, özünün və onun kimi milyonlarla işçinin bədbəxtliyinin səbəbini çox yaxşı anlayırdı. Yaşadığı müsibət və yoxsulluq əsl müəllim idi ki, bu da ona istismar və ədalətsizliyin reallığını açmağa kömək edirdi. O, savadsız olsa da, siyasi şüurlu idi və düşmənlə mübarizədə iştirak edirdi. 1945-46-cı illərdə Azərbaycanda gedən proseslərdə və Demokratik hakimiyyətin qurulmasında xalq cəbhəsinin üzvü olmuşdu. Şah qüvvələrinin Azərbaycana qarşı teraktı, xalq qəhrəmanlarının kütləvi şəkildə qətlə yetirilməsi zamanı onun evi rejimin vəhşiliyindən qorunmaq üçün çoxlarına sığınacaq olub. Onun mütərəqqi baxışları sonradan adından söz etdirəcək övladlarının yetişməsində mühüm rol oynayıb.
Cənubi Azərbaycanlı müəllim, yazıçı, tərcüməçi və partizan, Behruz Təbrizi kimi də tanınan Behruz Dehqani (1939-1971 30 may) Əşrəf Dehqaninin böyük qardaşı idi.Bu həmin Behruzdur ki, Səməd Behrəngi ilə birlikdə Azərbaycan kəndlərində folklor nümunələrini toplayıb.Təhsilini Amerikada aldıqdan sonra vətənə dönən Behruz dostu Səməd Behrəngi ilə Azərbaycan vilayətlərini qarış-qarış gəzib, nənə-babaların dilindən şifahi xalq yaradıcılığı nümunələrini toplayıb yazıya alır. Onlar ana dilində kitab çap etdirmək, dərslik yazmaq, məktəb açmaq üçün yollar arayırlar. Ancaq kitabı İran şahının qeyri-fars dillərlə əlaqədar siyasətinə görə çap etdirə bilmirlər. Məcburiyyətdən bu nağılları fars dilinə çevirib nəşr etdirməli olurlar. Səməd Behrənginin canlı xalq ədəbiyyatından təsirlənərək yazdığı bu nağılları sonralar Sirus Mədədi türk dilində "Azərbaycan nağılları" adı ilə Tehranda çap etdirib.
Onların gücünü təhlil edən rejim çox böyük bəlanın qarşısını almaq üçün dərhal kəskin tədbirlərə əl atır. Hər ikisi təqib olunur, dəfələrlə göz altına alınır. Behrənginin edamından sonra çıxış yolunu traktor alıb kənd təsərrüfatı işlərilə məşğul olan biri kimi görünməkdə tapan Behruz təbliğatını bu yolla davam etdirir.
Bizə məlum bioqrafiyasında adı heç bir partiya və siyasi hərəkatda rəsmən hallanmasa da Səməd Behrəngi (24 iyun 1939-31 avqust-1967) ətrafına cəm olan Əlirza Nabdil Oxtay, Əmir Pərviz Pouyan, Behruz Dehqani, Ruhangiz Dehqani, Kazem Səadəti, Manaf İmani və başqalarının mənəvi güc mənbəyi idi. O, göstərdiyi hünər və sərgilədiyi mətanətlə hər biri bir dastan yazan, işgəncə və edama meydan oxuyan inqilabçı gənclərin lideri, ilham mənbəyi, yol göstərəni və əvəzolunmaz rəhbəri idi. Məhz bu üzdən adi kənd müəllimi (!) dəfələrlə həbs olunur, maddi sıxıntı məngənəsində boğulması üçün xəbərdarlıqla, sonradan isə birdəfəlik olaraq müəllim işləməsinə qadağa qoyulur. Evində axtarışlar aparılır. Bir quru canı olan adamın nüfuzu, təsir gücü qarşısında aciz qalan rejim onu fiziki olaraq aradan götürməyə məcbur olur. Məşhur "Balaca qara balıq” əsəri ayrı-seçkiliyə, təqib və məhrumiyyətlərə məruz qalan Azərbaycan türklərinin şah rejiminə qarşı apardığı mübarizəyə hazırlıq mərhələsinin alleqorik təzahürü kimi meydana çıxdı. Məhz bu səbəbdən idi ki, onun nəinki çapına icazə verildi, hətta oxunması belə qadağan olundu. Bir inqilabın həyata keçirilməsi üçün lazım olan hər şey – obrazlar da, mühit və şərait də o qədər sadə dildə ifadə olunmuşdu ki, o, manifest adını aldı. Bu əsər irticaya qarşı yumruq kimi birləşən inqilabçı gənclərin arzusu, yuxusuz gecələri, ölümü göz önünə alaraq apardığı təbliğatın nəticəsində meydana gəldi.
Kiçik balıq Səməd və dostlarının ümumiləşmiş obrazı idi. Səməd Behrənginin məhv edilməsi ondan güc alan gənclərin qəzəb və nifrətinə səbəb oldu. Onların sıralarında müəyyən qədər çaşqınlıq və durğunluq yarandı. Bir müddətdən sonra hakimiyyətə qarşı silahlı müqavimət göstərmək kimi cəhdlərə əl atdılar.
Ruhangiz Dehqani Əşrəfin böyük bacısı idi. Müəllimə işləyən Ruhangiz də inqilabçı idi və həyat yoldaşı Kazem Səadəti ilə birlikdə fəaliyyət göstərirdi. Kazem da Behruzun yaxın dostu idi və Əşrəf bu fədai gənclərə böyük hörmət və ehtiram bəsləyirdi.
Əşrəf Dehqani 1949-cu ildə Şərqi Azərbaycan ostanında, Təbriz şəhərində kasıb fəhlə ailəsinin sonbeşiyi olaraq anadan olub. Əşrəfgilin ailəsi kasıb olduğu qədər də açıq fikirli, elmə həvəsli, siyasi cəhətdən inkişaf etmiş və mütərəqqi baxışlı idi. Bütün çətinliklərə baxmayaraq təhsil almaq, nəinki bir ailənin, o cümlədən aşağılanmağa məruz qalan türk soyunun qədərini dəyişmək, müqəddaratını həll etmək kimi çətin, şərəfli və olduqca təhlükəli missiyanı çiyinlərinə götürən dəstənin öndə gedənlərindən biri idi. Əşrəf kiçik yaşlarından evlərində Azərbaycan Xalq Hökuməti haqqında təsirli əhvalatlar, muxtariyyat arzusu üçün həyata keçirilən siyasi addımlar haqqında söhbətləri eşidərək böyüyür. Ailədə siyasi məsələlər müzakirə olunur, tez-tez zülm, iztirab və istismar xatirələri, düşmənin istismarçı xarakterindən danışılırdı. Siyasi şüuruna, sinfi düşmənçiliyinə və nifrətinə baxmayaraq, onun valideynləri və onlar kimi başqaları varlı düşmənlərinə qarşı açıq şəkildə ayağa qalxa bilmədilər. Onlar özlərini aciz və çarəsiz hiss edir və zənginləri əlçatmaz hesab edirdilər. Şübhəsiz ki, dövrün sosial şəraiti və hərəkatların məğlubiyyəti bu inamsızlığa səbəb olmuşdu.
Əşrəf məktəbin təbliğat mühitini dayaz və xoşagəlməz hesab edir və hisslərini gizlətmirdi. Onun beynindəki problemlər və suallar onun yaşındakı bir çox qızları məşğul edən kiçik burjua xırdalıqlarından çox uzaq idi. Əşrəf hər gün siyasi və ictimai münasibətlərlə bağlı çoxlu sual verir və Behruz onları səbir və təfərrüatla cavablandırırdı. Ailə üzvləri arasında Əşrəfdə ən çox sevgi və inamı Behruz doğurmuşdu. Onun üçün Behruz ucada, hamıdan çox-çox yüksəkdə dayanırdı; onun dünyası adi insanların dünyasından çox böyük idi. Behruz onu oxumağa həvəsləndirirdi. O dövrdə inqilab onun üçün hələ də qeyri-müəyyən anlayış olsa da, Əşrəf həyatını xalqına və onların inqilabına həsr etməkdə qərarlı idi. Məktəbdə oxuyarkən o, sinif yoldaşlarının şüur səviyyəsini yüksəltməyə çalışırdı, onlara İran tarixi və həyatının həqiqətlərini izah edirdi. Bu ruhda tərbiyə alan qızcığaz bir dəfə məktəbdə şah rejimini tənqid edən, onun xarakterini açan, şahın və ondan əvvəl atası Rza şahın İranda hakimiyyətə necə gəldiyini təsvir edən ətraflı məqalə yazır və onu sinif yoldaşına da izah edir. Esseni oxuyan müəllimi SAVAK-ın casusu imiş və həmyaşıd olan Behruz və Səmədin rejim əleyhinə mübarizəsindən də xəbərdar olduğundan Əşrəfə qarşı xüsusi göz-qulaq kəsilibmiş. Dərhal bu barədə çuğulluq edir, Əşrəf və sinif yoldaşı SAVAK xüsusi xidmət orqanının əməkdaşları tərəfindən sorğuya çəkilir. (SAVAK(Farsca: ساواک, سازمان اطلاعات و امنیت کشورSāzemān-e Ettelā'āt va Amniyat-e Keshvarüçün qısa form,Ölkə Kəşfiyyat və Milli Təhlükəsizlik Təşkilatı) —İranın Məhəmməd Rza şah PəhləvidövründəAmerika Birləşmiş Ştatlarının Mərkəzi Kəşfiyyat Ağentliyinin (CIA) köməyi ilə təsis edilmiş gizli polis, daxili təhlükəsizlik və kəşfiyyat xidməti. Pəhləvi sülaləsi devrilənə qədər (1957- 1979) fəaliyyət göstərib. Bir daha bu mövzuda yazıb-danışmayacağı, siyasətə qarışmayacağı barədə ondan yazılı iltizam alınır. Təbii ki, könülsüz olsa da bu sənədi imzalamalı olduğunu anlayan yeniyetmə ürəyində gec-tez çökəcəyinə əmin olduğu təşkilata güldüyünü sonralar xatirələrində qeyd edir. O, SAVAK-a siyasi fəaliyyətini dayandıracağını vəd etsə də, böyük qardaşı Behruz və ictimai tənqidçi Səməd Behrənginin qanadı altında təşviqatını davam etdirir.
Əşrəf məktəbi bitirir. Lakin həsrətində olduğu inqilabdan hələ əsər-əlamət yox idi. Behruz, Səməd və Kazem sanki normal həyat sürürdülər. Onunsa gözlədiyi bu deyildi. Çox keçmədən Səməd şahın muzdluları tərəfindən öldürülür. Bundan sonra o, Behrənginin üzdə sərgilədiyi sükunətini anlayır. İnqilab artıq qeyri-müəyyən, uzaq bir anlayış deyildi. Səmədin öldürüldüyü vaxt Əşrəf Azərbaycan kəndlərinin birində müəllimlik edirdi.
1960-cı illərin sonlarında Bəhruz və Əşrəf İran Xalq Fədai Partizanları Təşkilatına (OIPFG) qoşulur və xanım Dehqani təşkilatın Mərkəzi Komitəsində yeganə qadın olur. İndi Əşrəflə Behruz həm də amal yoldaşı idilər və bir çoxları ilə birlikdə silahlı mübarizənin ön cərgəsində mübarizə aparırdılar. Və bu andan etibarən onların yoldaşlığı əbədi olaraq möhürlənir. Cəbhədə düşmənə qarşı möhürlənmiş yoldaşlığın işığını ölüm də söndürə bilmir. İnqilabçılar hesab edirdilər ki, yoldaşlıq məqsədə sadiq qaldıqca yaşayır, xalqdan üz döndərdikdə isə ölürdü.
Sonralar aralarında müəyyən fikir ayrılıqları olsa da, dövrün qabaqcıl döyüşçüləri bir araya gələrək Xalq Fədailəri (Fədai) təşkilatının əsasını qoydular.
Təşkilat Məşhəd, Tehran və Təbrizdəki hücrələrdən ibarət idi. Tehran hücrəsinin rəhbərləri Cazani, Həsən Ziya Zərifi, Əli Əkbər Fərahani və Həmid Əşrəf idi. Məşhəd qrupunun rəhbərləri Məsud Əhmədzadə və Əmir Pərviz Pouyan idi. Təbriz qrupunda Behruz Dehqani, Səməd Behrəngi və Əlirza Nabdil vardı. Lakin təşkilat hazırlıq mərhələsində ikən ifşa olundu və bir çox öncülü həbs edildi.
(ardı var)
Kəmalə Səlim Müslümqızı - tərcüməçi, yazar.
qadinkimi.com