YAZI / DÜŞÜNCƏ, BİLİM / DİN
Şahnaz Şahin yazır - Tanrı olun Tarix : 29 May 2020, 23:56
Yazar : Qadinkimi.com

Bu dəfə SƏMİMİLİKdən yazacam

   

Bax, həmişə belə olur, işi yarım qoyub gedirik, əldə imkan da var, vaxt da, amma sabahlara saxlayırıq... Sabah da ki, nə çox, amma gələ də bilər, gəlməyə də... Bu dəfə SƏMİMİLİKdən yazacam, sizə də söz verirəm ki, səmimi olacam, həmişəki kimi. Amma bilmək istərdim, görən siz nə qədər səmimisiniz...

Nədir bu səmimilik!?


....Səmimilik - şəxsiyyətin özünü necə varsa elə, yəni əsl üzünü gizlətmədən təqdim etməsidir. Səmimiliyi təqlid etmək mümkün deyil, çünki baxışlar, danışıq tərzi, üzün mimik ifadələri açacaq sandığı, tökəcək pambığı. Səmimilik də bir ibadətdir, zikrdir, imandır... Yaradan hər nə varsa, səmimilikdə ehtiva etmişdir. Təvazökarlıq, dürüstlük, həqiqətə əyilməkdir səmimilik.


Tibb Universitetinin subardinasiya səviyyəsində idik, yəni 6 - cı kursu bitirirdik, səhv etmirəmsə, iyul ayı idi, bir aydan sonra internatura başlayacaq və biz gənc həkimlər sərbəst işləyəcəkdik. Düzdür, ümumi rəhbərimiz olacaqdı, amma xəstə-həkim təması, münasibəti tam özümüzlükdü.. Birbaşa qəbul, müayinə, müalicə üçün təyinat verilməsi, resept yazılması bizim kursu necə başa vurduğumuzun göstəricisi olacaqdı... Yadımdadı, Q.Qarayev adına Uşaq Xəstəlikləri xəstəxanasında son günümüz idi. Dərslər bitdi və biz elə ixtisas dərsi keçən həkim - müəllimlərlə xəstəxananın həyətinə toplaşdıq. Yadigar şəkillər çəkdirdik, şirin söhbətlər elədik...


Tədris boyu bizimlə dostlaşan, ana kimi yanaşan həkimin sözlərini heç unutmadımı:

- Siz artıq həkimsiniz, hərəniz bir yerdə işə başlayacaqsız. Müxtəlif insanlarla üz-üzə gələcək, xarakterlərə şahid olacaqsız. Gözünüzü,nəfsinizi tox saxlayın,düzdür həkimə işi müqabilində hədiyyə falan verilə bilər, bu tarixən olub, amma həkim adını, şərəfini qoruyun, Səmimi olun, ilk növbədə özünüzlə səmimi olun. Xəstələrinizə qarşı da səmimi olun. Unutmayın, səmimi münasibət, şirin söz daha gözəl müalicə vasitəsidir.


SÖZ - Allahın insandan əvvəl yaratdığı canlıdır, onu öldürən də, diri saxlayan da insanlardır. Hamı bir-birindən səmimilik umur, amma özü necə səmimidirmi!? Hamı digərini qeyri səmimilikdə qınayır, bəs özü nə qədər səmimi olur!?


Sözlə hisslərimizi bildirir, fikrimizi çatdırır, ünsiyyət yaradırıq, bəs qədrini bilirikmi? Təsəvvür edin ki, iraq olsun, nitq qabiliyyətinizi itirmisiz. Vəziyyətinizi təsvir edə bilərsiz ?! Ağır olar, çox ağır... Anam deyərdi ki, haran ağrısa, canın orda olur!

 

Bir yazıçı dostum vardı, qəfildən udmaq aktını itirdi, adam neçə gündə bir yol bircə qurtum su, yarım fincan çay içib, para peçenye yeyə biləndə Allaha saysız şükürlər edirdi!.. Elə bu dərdlə də dünyası qaraldı...(Allah rəhmət eləsin..)


Heç söz verdiyiniz olubmu? Bəs sözünüzü tutmusunuzmu? Tutmamısınızsa, havada fırlanan, sahibsiz, yiyəsiz qoyduğunuz sözünüzə sahib çıxın, yiyə durun, nə qədər ki, gec deyil... Siz onu unuda bilərsiniz, amma o qətiyyən! Yeri düşdükcə gözünüzə görünəcək, yuxunuza girəcək, çəkdirdiyinizi çəkdirməyincə sizdən əl çəkməyəcək.., inanın! Bəs nə bilmişdiniz?!

 

Tanrı dünyanı "ol” kəlməsilə yaratmadımı?! Yaratdıqlarına məlum vədlərdə bulunmadımı?!..Sözünü tutmadımı..!?..

Ondan-Yaradandan nümunə götürün və...Tanrı olun!

 

Adamlara yuva qurmağı,

Quşlara uçmağı öyrətdik...

Adamlar uçmağa həris...

Ağaclar yarpaq-yarpaq seyrəlir,

Dünya adam-adam azalır..

Belə gəlir payız...

 

Dam-dam uçub dağıldı bu kənd,

Küçə-küçə azaldı..

Səssiz..hoysuz...

 

Dava-dava oyunuyla başladıq müharibələri,

Oyuncaq güllələrdən öldü uşaqlığımız...

 

Sevdik..,qınandıq...

Anlaşılmadıq..

Heyif,bu dünyada quş olmadıq..

 

Qapımı bir gəlişinə taybatay açdıqlarım oldu, yoluna ürək qoyduqlarım..Necəsiniz? Bəhanələrə sığınanlar,arxayın olun,mən dərsimi çoxdan almışam... Sizə başdan inanmadım...


P.S. "Budağından şübhə etdiyin ağacın kölgəsində istirahət edə bilməyəcəksən..! (Paulo Koelyo)

 

 


Şahnaz Şahin

qadinkimi.com