BURA / ORA
Tanımadığımız insanlarla söhbət bizi niyə xoşbəxt edir? Tarix : 22 Noyabr 2019, 09:30
Yazar : Qadinkimi.com
İşə gedəndə, parkda, kafedə və ya supermarketdə ətrafımız tanımadığımız adamlarla dolu olur.

Çoxumuz könüllü olaraq onlardan uzaq dururuq, çünki yad adamlarla təmasın bizi narahat edəcəyini düşünürük. Bu fikir doğru olmaya bilər.

Araşdırmamız göstərdi ki, başqalarıyla kontakt yaratmaq həm onlara, həm də bizim özümüzə müsbət təsir edə bilər.

Məsələn, işə gedərkən yolda tanımadığınız biriylə danışmanız sizi təxmin etdiyinizdən daha xoşbəxt edə bilər.

ABŞ-ın Çikaqo şəhərində səhərlər ictimai nəqliyyatla işə gedənlərə tanımadıqları adamlarla söhbət etməyi təklif edəndə onlar bunun heç də xoş bir təcrübə olmayacağını dedilər.

Amma sonda eksperimentin müsbət nəticələndiyi məlum oldu.

İnsanların yalnız 40 faizi hesab edir ki, tanımadıqları şəxslər söhbətə həvəslidirlər.

Ancaq eksperimentdə iştirak edən və yanındakıyla danışmağa başlayan hər kəs onun söhbətdən məmnun olduğunu gördü.
 


Başqalarının danışmağa həvəs göstərmədiyi və ya sizdən xoşu gəlmədiyi fikri sizi insanlarla təmasdan yayındıran yanaşmadır.

Araşdırma göstərir ki, biz yeni bir insanın bizi bəyənməsi ehtimalını düzgün qiymətləndirmirik.

Yadların mənəvi həyatları

Avtobus və taksilərdə apardığımız təcrübələr də eyni nəticələri verdi: yadlarla təmasa keçən şəxslər nəticə etibarilə bunun çox xoş olduğunu gördü.

Belə məlum olur ki, söhbət etdiyimiz şəxs də eyni hissləri yaşayır. Bir gözləmə otağında tətbiq etdiyimiz test zamanı təkcə danışmağa təşviq etdiyimiz şəxslər yox, onların həmsöhbətləri də bu təmasdan məmnun oldu.

Əlbəttə, arzuolunmaz təmas heç kimin xoşuna gəlmir.

Amma biz başqa bir insana "salam" deməyin çoxları tərəfindən yaxşı qarşılandığının fərqinə varmırıq.

Yad insanlarla çox az adam təmas qurur, halbuki, yaxşı niyyətlə yaxınlaşdığınızda onlar sizinlə danışmaqdan məmnun olurlar.

Bunun səbəblərindən biri insanlarla söhbət edəndə qarşınızdakı şəxsin hissləri, düşüncələri və təcrübələrindən ibarət mənəvi bir dünyası olduğunu görürük.

Eynən bizdəki kimi.

Yad adamlarla qısa təmaslar dərdli bir həyatı sevinc dolu yaşama çevirmir, amma gündəlik dərdləri daha xoş bir təcrübə halına gətirə bilir.

Təbiətinə görə insan sosial varlıqdır və təmasa keçəndə daha sağlam, daha xoşbəxt olur.

Özünü təcrid edilmiş, tənha hiss etmək siqaret çəkmək və ya piylənmək kimi stress faktorlarıdır.

Müsbət sosial münasibətlər qurmaq maaşımızın həcmindən daha vacib məsələ hesab olunur.

Özü-özünü reallaşdıran gözləntilər

Düşünə bilərsiz ki, yalnız ünsiyyətcil adamlar təmasa keçməkdən məmnun olurlar.

Amma təcrübə göstərdi ki, həm onlar, həm də qapalı şəxslər ünsiyyətdən razı qalırlar.

Biz təsbit etdik ki, işə gedərkən ictimai nəqliyyatda danışmağa başlayanlar şəxsi xüsusiyyətlərindən asılı olmayaraq bundan xoşlanırlar.

Xasiyyətin başqalarıyla təmasa keçməyə təsiri olmasa da, qapalı insanlar belə münasibətlərin müsbət nəticələrinə inanmırlar.

Xasiyyətiniz təcrübələrinizdən də çox gözləntilərinizi nizama sala bilər.

Bir nöqtədə gözləntiləriniz reallaşa bilər.

Yad biriylə danışmağın xoş olmayacağını düşünürsüzsə, bunu heç yoxlamayacaq və gözləntilərinizin səhv olduğunu görməyəcəksiz.

Bu isə sizin başqalarından ayrı düşmənizə və əlaqələrinizin qopmasına səbəb ola bilər.
 


Bu, davamlı olaraq bir-birini diqqətə almayan olduqca sosial insanların böyük şəhərlərə dolaşmasını izah edə bilər.

Şəhər parklarında yanaşı oturub telefonlarına baxan yad adamlar küçələrdə gülümsəmədən və heç kimə salam vermədən gəzirlər.

Təkcə ictimai nəqliyyatda deyil, həyatın bir çox sahələrində biz belə davranırıq.

Nəzakət göstərmək, təşəkkür etmək istəyən adamlar qarşılarındakının daha az məmnun olacağını düşünə bilirlər.

Bunun müsbət tərəflərini qiymətləndirə bilməyən şəxslər özlərinin və ətrafdakıların məmnunluğu üçün təmasın nə qədər önəmli olduğunun fərqinə varmırlar.

Araşdırmamızın nəticələri gördüyünüz hər bir adamla danışın və ya sizə yaxınlaşan hər kəsə açıq olun demir, növbəti dəfə yad adama yardım etmək və ya onunla danışmaq istəyəndə qarşınızdakının reaksiyasından narahat olmayın deyir.

Araşdırmamız göstərir ki, bu təmas həm sizi, həm də qarşınızdakını təxmin etdiyinizdən daha çox məmnun edə bilər.
 
 
Mənbə: bbc.com
qadinkimi.com