BURA / ORA, HƏR ŞEY / HEÇ NƏ
Talibana meydan oxuyan kitabxanaçı - Vahida Amiri Tarix : 29 Sentyabr 2022, 22:31

Vahida Taliban hakimiyyətə gəldikdə evini, işini, ölkəsini tərk etmək məcburiyyətində qaldı

  


Vahida Amiri keçən ilin avqust ayında Taliban Kabili ələ keçirərək yenidən iqtidara gəldiyi zamana qədər adi bir kitabxanaçı idi. Lakin Taliban qadınların qazanılmış haqlarını bircə-bircə əllərindən almağa başladığı zaman onlara qarşı mübarizədə adı ilk sıralarda çəkilən şəxslərdən biri oldu.

 


Amiri BBC-dən Sodaba Haidare-yə necə gözaltına alındığını və azad olunanda niyə ölkəsini tərk etməyə qərar verməsindən bəhs edib:

"Evin önünə gələn maşınların tükürpədici əyləc səsləri eşidildi. Maşın və əsgərləri saya bilmədim. Sanki bir neçə qadını deyil, bütün kəndi həbs etməyə gəlmişdilər. Otağa daxil olduqda: "Vahida Amirini tapdınızmı?" - deyə bir səs eşitdim. "Bitdi" - dedim, - "Öldürəcəklər məni!".


Vahida Taliban idarəçiliyi ələ almazdan əvvəl kitabxanaçı idi

"15 avqust 2021-ci ildən əvvəl adi bir qadın idim. 33 yaşında idim, hüquq oxumuşdum və Kabilin göbəyində bir kitabxanada müdir işləyirdim. 

Kitabxana ən xoşbəxt olduğum yer idi. Bəzən hilli çayımızı içərkən feminizm kimi mövzuları müzakirə edərdik. Əfqanıstan mükəmməl deyildi, amma biz azad idik.

Kitabları sevirdim, çünki 20 yaşıma qədər oxumağı öyrənə bilməmişdim.

Məktəbə başladığım zaman - 1996-cı ildə Taliban Əfqanıstanda ilk hakimiyyətini qurdu. İlk qərarlarından biri qızların məktəbə getməyini qadağan etmək oldu.

Qohumlarımızın hamısı Pencşir vadisinə qaçdılar, biz də Pakistana köçdük". Virginia Vulf ilə tanışlıq

 

Evin bütün məsuliyyəti və işləri mənim üzərimdə qalmışdı. Gün ərzində yemək bişirir, təmizlik aparır, yerləri sürtürdüm. Həyatım belə keçəcək deyə düşünürdüm.

 

Sonra 11 sentyabr 2001 hadisələri baş verdi. Televiziyada ekiz qülləllərin çöküşünü seyr etdim. Bu hadisənin bizim kimi adi əfqanların həyatını nə qədər dəyişdirdiyini daha sonra gördük. Çox keçmədən Taliban məğlub oldu və biz Pakistandan ayrılıb ölkəmizə döndük.

 

Kabilə qayıtdığımız vaxt 15 yaşındaydım və həyat çox dəyişmişdi. Taliban gedən kimi qızlar məktəbə, qadınlar işləməyə başlamışdı. Ancaq mənim üçün belə olmadı. Mənim ev işlərini görməyim və xidmət göstərməyim təhsil almağımdan daha önəmli hesab edilmişdi. Məktəbə 5 il sonra yazıla bildim.

 

Sonunda bir möcüzə oldu və hüquq fakültəsinə qəbul edildim. Hələ də çəkingən bir qız uşağı idim, ta ki həyatıma Virginia Vulf adlı bir qadın və "Özünə aid bir otaq" adlı manifesti daxil olana qədər.

 

Yenidən doğulmuş kimiydim. Oxuduqca bir qadın olaraq gücümün varlığını dərk etdim.Kabildə Vahida-nın təşkil etdiyi (sağ tərəfdən birinci) etirazlardan biri

Kabilin süqutu

  


İsti bir avqust günü bir zamanlar yaşamış olduğum kabus geri döndü və Taliban qara-bəyaz bayraqlarıyla Kabilə girdi.

 

Mənimlə eyni qorxuları olan qadınları tapdım. Talibana qarşı çıxmanın təhlükələrini bilirdik, amma yenə də "etiraz etməliyik" dedik. Əfqanıstanın Mübariz Qadınları Hərəkatı adlı bir qrup yaratdıq.

 

Taliban həmin dəqiqə əsl üzünü göstərməyə başladı. Qadınların işə və məktəbə qayıtmasına icazə verəcəkləri vədlərindən vaz keçərək, içində bircə nəfər də olsun qadın olmayan bir kabinet elan etdilər.

 

Küçələrdə yürüşlər etməyə başladıq. Taliban bizi sıxışdırır, göz yaşardıcı qaz sıxır, havaya atəş açır, hətta bəzi qadınları döyürdü. Sonra etirazları tamamilə qadağan etdilər. Artıq çox təhlükəli olduğu üçün davam etməməyə qərar verdik.

 

 

 

Gözaltına alınma

 


 

2022-ci ilin fevral ayında bir gün başqa qadınlarla biirlikdə gizləndiyim ev Taliban tərəfindən basıldı. Kamazlarla Daxili İşlər Nazirliyinə aparıldıq və 19 gün orada saxlandıq.

 


 

 

Gözaltına alınmağımızın ikinci günü saxlandığımız otağa girən bir Taliban əlimə bir qələm və kağız verərək: "Sən casussan. Bütün silahdaşlarının adlarını buraya yazmalısan", - dedi.

 

 


 

Qadınlar tək-tək buraxılır, amma mənə sıra gəlmirdi. Bir gün əllərində bir kamera ilə gəlib bir neçə qadına suallar verəcəklərini söylədilər.

 


Niyə çəkilişə alındığımızı soruşduğumuz zaman bunu bir formallıq olduğunu, nazirliyin arxivinə qoyulacağını dedilər.

 

 

 

 


Öncə adlarımızı söyləməli idik. Ardınca etirazlar üçün ölkə xaricindən əmr aldığımızı deməyə məcbur etdilər. Qısa müddət sonra isə bu qeydləri mediada yayımladıqlarını dəhlizdəki televizorda gördük.

 

 


 

Hamımız göz yaşları içindəydik. Artıq hər kəs gözaltına alındığımızı bilirdi. Və etirazları sırf ölkədən çıxışımıza kömək edilsin deyə etdiyimizi düşünürdülər. Çəkilişdən iki gün sonra buraxıldıq.

 

Vahida vətən üçün darıxanda Əfqan yeməkxanasına gedir

Yenə sürgün

Hər şeyimi itirmişdim. İnsanlar qadın olaraq belə işlərə girişdiyim üçün məni qınayırdılar. İşimi, azadlığımı itirmişdim.

 

Bir gün başqa bir qadın etirazçı ilə ad vermədən aparılan müsahibəni oxudum. Talibanın gözaltında olduğumuz zaman bizi döydüklərini söyləyirdi. Ancaq döyməmişdilər. Ailəm bu müsahibədən sonra Talibanın acıqla yenə həbslərə girişəcəyindən qorxaraq ölkədən qaçmağımı istədi.

 

Azad olunmağımızın üstündən iki ay keçmişdi. Kiçik bir çemodana bir neçə geyim və "Özünə aid bir otaq" kimi sevdiyim kitabları qoydum və vətənimlə vidalaşdım.

 

Yeni bir həyat

 

Pakistanda bir neçə ailə ilə birlikdə yaşayıram. Qaça bilmədiyim bir pis yuxunun içində əlacsız qalmış kimiyəm. Evim, ailəm, özüm üçün darıxıram.

 

Məni şənləndirən tək şey yaxınlıqdakı əfqan yeməkxanasına getməkdir.

 

Yaxındakı bir kitabxanada xeyli zaman keçirir və mübariz qadınlarla bağlı bir şeylər yazmağa çalışıram. Həyatlarımızı və bunun Talibanla necə dəyişdiyini…

 

Bunları bir gün bir kitab halina gətirəcəyimə ümid edirəm.

 

Dünyadaki bütün qadınların əfqan qadınlarının təslim olmadığını, mücadilə etdiklərini, susdurulduqlarında yenidən ayağa qalxıb başqa formada dirənməyə davam etdiklərini bilmələrini istəyirəm.

 

 

 

Mənbə: bbc.com

Qadinkimi.com