BURA / ORA
TALANÇILARIN CİDDİ GEYİMİ VƏ ŞORTİKLİ OĞLAN Tarix : 19 Sentyabr 2020, 15:22

Bir jurnalist sürücülük vəsiqəsi almaq üçün imtahana gedib. Şortikdə olduğu üçün imtahana buraxılmayıb. Dövlətin belə bir qadağası yoxdu. Bəs, bu necə baş verib? Heç nə, rəis belə istəyib. Şortikdən xoşu gəlmir deyə, dövlət imtahanına gələn adamı geyiminə görə qapıdan qovdurur. 

Belə bir sekulyar ölkə. 

Əgər hökumət gerçəkdən islahat etmək istəyirsə, öncə düşüncədən başlasın. İnsanları geyiminə görə vəsiqə almaqdan məhrum edən adamlarla dövlət qurulmaz. 

"Geyiminə görə qarşıla, ağlına görə yola sal" deyimi bizi illərdi aldanışa salıb.  

Kimsənin ciddi görünüşünə, geyiminə aldanmaq olmaz.

Çünki illərdi ölkəmizi elə ciddi kostyumlarda gəzənlər talayır. 

Canlıda ölkəmin o boyda ağrılarından danışırdım, geyimimə irad tutan adamlar vardı. Çoxluq deyildi, şükür. Amma vardı.

Mən nələrdən danışırdım, onlar nəylə məşğul idi. Bu təfəkkürlə ölkə düzəlməz. 

İnsanların təfəkkürü ilə işləmək gərəkdi. Bunun üçün mexanizmlər varmı? Görünmür. 

Biz necə, yorulmadıq qalstukunu çənəsinəcən dartan talançıların, korrupsionerlərin ciddiliyinə inanmaqdan?

Ciddi geyim ölçü olmadı, gördük axı, yaşadıq. Onlar hamısı kostyumda gəzir. Olmadı!

O şortikli oğlan və onu buraxmayan rəis - görən hansı daha təmiz adamdı? Bu suala cavab vermək haqqınız var.

Ayıq olmaq lazımdı, ayıq. Mentalitet - deyib bizi tora salıblar.

Bir-birimizin geyimini yox, ədalət hissini, dövlətçi təfəkkürünü, cəmiyyətə, insanlığa münasibətini izləyək artıq. 
Məncə, bəsdi...

Aysel Əlizadə
qadinkimi.com