QADIN / KİŞİ
Sürü qanunlarına uyğunlaşmayan qurd qadın... Tarix : 30 Sentyabr 2019, 14:57
Yazar : Qadinkimi.com
Biz hamımız toy kimi xoşbəxt sonluqla bitən nağıllarla böyümüşük. Lakin nədənsə nigahdan sonrakı həyatda baş verənlərdən danışan olmur - yəqin ki, həmin xoşbəxtliyin sonsuz olduğu güman edilir. Lakin o sonsuz ailə səadəti heç də hamıya nəsib olmur. Təkliyi seçənlər də az deyil. 

Bu yazının qəhrəmanı ilə eyni taleyi yaşayan qadınlar çoxdur. Qəhrəmanımızın fikirləri çoxlarına tanışdır. Bu fikirlərə şərik olan oxucularımız olacaq. Hələliksə, Yelenayla tanış olaq.
 


Mənim adım Yelenadır. 31 yaşım var. Tənha anayam, qızımla yaşayıram. Həyat yoldaşımla ayrılmaq öz qərarım olub. Anam həmişə deyərdi ki, "hər qız mütləq ərə getməlidir”. Mən inanardım, çünki anamın əri vardı, mən vardım - ailə idik.

Ətrafımda olanlar da belə hesab edirdi ki, evli qadın uğurludur, çünki əri var. Kişini yanında saxlaya bilmədiyi üçün tək qadınlara aşağılayıcı tərzdə "tənha ana” deyirdilər. Nigahdan kənar övlad dünyaya gətirməyi isə rüsvayçılıq hesab edənlər də vardı. 

Boşanmış qadınlara münasibət daha müsbət idi. Necə olsa, ailəli olub, yola getməyiblər, ayrılıblar kimi bəraət səbəbi vardı. Belələrinə daha çox acıyırdılar. Yeniyətməykən anamla atamın arasında sevgi, buludsuz görünən xoşbəxtliyin olmadığını anlayırdım artıq. Onlar bir – birini sevən iki insandan çox, qohum, yaxın tanış təsiri bağışlayırdı. Mən 30 yaşıma adlayanda ailə qurdum. Həyat yoldaşım yaxşı adam idi. Uğurlu qadın üçün vacib bir iş görmüşdüm. Ancaq məmnunluq duymurdum. Nəsə səhv etdiyimi düşünürdüm. Bu hiss o qədər güclü idi ki, özüm özümü anlamadığımdan depressiyaya düşdüm. Onda mən özümdən baş açmırdım: heç nəyə sevinə bilmirdim, əhvalım tez -  tez dəyişirdi, laqeyd idim. Həmişə ağlamaq istəyirdim, ya da sadəcə yerimdə uzanıb tavana gözlərimi zilləyirdim. "Qəribədir, mən ki, doğru addım atmışam, niyə xoşbəxtlik hissini yaşamıram?” - deyə özümə sual edirdim.

Biz 4 ildən sonra ayrıldıq. Buna depressiyada olmağım səbəb olmadı, mən depressiyadan çıxa bildim. Bu övladımız dünyaya gələndən sonra baş verdi. Mən həyat yoldaşımın ata məsuliyyətini duymadığını anladım. Uşaqla bağlı bütün qərarları təkbaşına verirdim. "Sən anasan, sən bilərsən” – deyə bütün məsuliyyəti mənə yükləyirdi. "Kişinin vəzifəsi ancaq pul qazanmaqdır” yanaşması  düşüncə ayrılığımızı daha çox ortaya qoydu. Bütün ev işləri, məişət qayğıları mənim öhdəmdə idi. Körpə uşaqla bu çətin olur. "Uşaq yad adamla böyüməz” deyə, baxıcı tutmağa razılaşmırdı. Heç bir yardımı toxunmurdu. İşə getmək barədə danışmaqsa mümkünsüzdü.

Günlərin birində o, işiylə bağlı ezamiyyətə getməli oldu. Mən qızımla qaldım. Və birdən onun üçün darıxmadığımı, onsuz qızımla daha rahat yaşadığımı anladım. Hətta gündəlik işlərim də azalmışdı. Tək olmağıma baxmayaraq, daha az yorulduğumun fərqinə vardım. Ən əsası özümü azad hiss edirdim. Yox, mən onun əşyalarını yığıb qapının kandarına qoymadım. Sadəcə özümə sual etdim: Mən bu adamla nədən birlikdəyəm? Sevdiyim üçün, ya nəsə başqa səbəb var? Həyat yoldaşım uşağa çox az vaxt ayırırd. Onsuz da bütün işləri təkbaşına görürdüm. Ər nəyimə gərək idi? Xarab maşını düzəltmək üçün? Bunun üçün ustalar var. Mənzili təmizləməkdə heç vaxt yardım etmir. Şam yeməyi hazırlamağa? O bunu bacarmır. Paltaryuyan maşını belə işə sala bilmir. Oyuncağın , ya hansısa cihazın batareyasını dəyişmək üçünmü lazımdır? Yox, mən bunları öyrənmişəm. Aha, tapdım: Seks! Bilirsiz bir – neçə illik ailə həyatından sonra bu da cəzbedici olmur. Məişət qayğıları ilə məşğul olursan, daha sənə gül alan yoxdu... Sən krujevalı yataq dəsti almağa həvəsli deyilsən. Cütlük sadəcə bir – birinə adət edir. Və biz, özümüz də hiss etmədən maraqları fərqli yad adamlara çevrilirik.  

Feminizm hərəkatı artsa da, etiraf etməliyik ki, dünyanı kişilər idarə edir. Kişilərin iş tapmaq, vəzifə tutmaq şansı daha çoxdur, vəzifədə irəliləmək onlar üçün daha asandır, daha çox pul qazanmaq imkanları var. Mən iş adamlarını da başa düşürəm: kişi işçi daha etibarlı, daha dayanıqlıdır. Qadın ailə qurur, analıq məzuniyyətinə çıxır, uşaqlı qadınlar xəstəlik vərəqi almalı olur. Hamiləlik məzuniyyətində işini itirmək, pulsuz qalmaq, ehtiyac qorxusu qadını asılı hala salır. Hər qəpiyin üstündə əsən qadın kişinin qazancına möhtac duruma düşür. Kişiyə tutunmalı olur. Əlbəttə əgər bu kişi "mən qazanıram, sən yeyirsən” hissini aşılamırsa. Çünki belə kişilər də var.

Həyat yoldaşımla nədən birlikdə yaşadığımı özüm üçün aydınlaşdırdırmağa çalışdım və ayrılmaq qərarına gəldim. İndi mən qızımla yaşayıram. Məişət zəminində heç nə dəyişməyib. Mənən daha rahatam, daim başqa birinin fikirləri ilə hesablaşmaq məcburiyyətindən, ya götür – qoy etməkdən azadam. Uşaq da qanunla ayrılan vaxtını atası ilə keçirir. Hətta indi o, qızına daha çox vaxt ayırır. Pul? Mən pul qazana bilirəm. Düzdü, müəyyən imtinalar da olur.  Burda sadəcə bir çətinlik var: ailədə sən istər – istəməz  kişinin mənəvi, fiziki, maddi köməyinə köklənirsən. Hərdən bu kömək olur, bəzən olmur. Tək yaşayanda isə ancaq özünə güvənirsən. Bu da sənə rahatlıq vermir, ancaq belə yaşamalı olduğunu anlayırsan. 

Bir məsələ də var: Ətrafdakıların münasibəti . Bəli, indi mən onlar üçün tənha anayam. Amma özümü ərini saxlaya bilməyən aciz, yazıq qadın kimi hiss etmirəm. Özümə sürü qanunlarına uyğunlaşmayan qurd kimi baxıram. Məni az tanıyanlar, uzaq tanışlar halıma acıyırlar. Bu xoşuma gəlmir. Çünki bu həyatı özüm seçmişəm. Öz uşaqlarının köhnə paltarlarını mənə vermək cəhdləri məni qıcıqlandırır, mən qızımın tələbatlarını ödəmək gücündəyəm. İndi patriarxal cəmiyyət özü özünü dağıdır. Daha mamontlar tək qadını tapdalaya, pələnglər parçalaya bilməz. Düzdür, cəhdlər olur, ancaq mən özümü qoruya bilirəm. İndi özümü daha çox qadın hesab edirəm. Kişilərə nifrət etmirəm, onlara simpatyam var. Və mən sağlam münasibətə hazıram. Mən qonaq nigah tərəfdarıyam, amma bunu təbliğ etmirəm. Sadəcə mənə belə rahatdır. Bu o qədər yayğın deyil, kişilər də qadınlar kimi sanki proqramlaşıb. Və bir müddət görüşəndən sonra birgə yaşamaq məsələsi gündəmə gəlir. Yox nə birgəlik? Birgə yaşamaq fikrim yoxdur. Kiməsə bu eqoistlik kimi görünə bilər. Amma sevməyi və özünə xəyanət etməməyi bacarmaq və övladına bunu öyrətmək lazımdır. Ananın ən gözəl işi budur. 

Əziz oxucular, bəs siz bu düşüncəylə razısınızmı? Fikirlərinizi saytın mesaj bölümündən bizimlə paylaşa bilərsiz
 
 

Tərcümə etdi:  KAMALƏ ABİYEVA
Qadinkimi.com