Günay Kazımzadə Almaniyanın nüfuzlu mükafatını qazanıb. "Süni intellekt sahəsində ilin gənc alimi" mükafatı müsabiqə yolu ilə keçirilir. Qaliblərinin seçimi onlayn səsvermə yolu ilə aparılıb.
Günay Kazımzadə hazırda Berlinin 5 universitet və tədqiqat institutlarının konsorsiumu hesab olunan Veizenbaum İnstitutunun doktoranturasında oxuyur.
Bu universitet amerikalı alim və süni intellekt sahəsində mütəxəssis Cozef Veizenbaumun adını daşıyır.
Bundan əlavə, Günay Kazımzadə Berlin Texniki Universitetinin Kompüter elmləri üzrə doktorantıdır.
O, cinsiyyət və irqi ayrı-seçkilik mövzusunda müxtəlif araşdırmalar aparır, eyni zamanda süni intellekt mövzusunu araşdırır.
Günay 2008-2012-ci illərdə Moskva Dövlət Universitetinin Bakı filialının Tətbiqi Riyaziyyat fakultəsində təhsil alıb. Filialın ilk məzunlarındandır. 2011-ci ildə Almaniyada proqramlaşdırma üzrə təcrübə keçib. Eyni zamanda Azərbaycanda bir çox şirkətin İT üzrə tələbə təqaüdlərinin qalibi olub.
Daha sonra 2012-ci ildə Almaniyanın magistratura üzrə DAAD və Dövlət proqramını qazanaraq Bonn universitetində Kompüter elmləri üzrə təhsil almağa başlayıb.
Onu da qeyd edək ki, Günay Kazımzadə ötən il "Google”un sponsorluq etdiyi 2 konfransda spiker kimi çıxış edib. Bundan sonra "Google”un təqaüdünü qazanan ilk azərbaycanlı qadın olub.
Qadinkimi.com