QADIN / KİŞİ, GENDER
Sudanda etirazların simvoluna çevrilən Alaa Salah Tarix : 29 Mart 2021, 09:49

2019 - cu ildə Sudan paytaxtı Xartumda on minlərlə insanın hökumət əleyhinə keçirdiyi etiraz nümayişləri zamanı kütlə qarşısında inqilab nəğməsi söyləyən ağ geyimli qadının fotosu və videosu sosial medianın fenomeninə çevrildi. Bu gün də çoxları başında uzun ağ örtük, qulaqlarında isə disk formasında qızıl sırğalar olan qadını Sudanda gedən tarixi etirazların, eləcə də ölkədə dəyişikliklər arzusunun simvolu hesab edir.

Yerli fotoqraf Lana Harun tərəfindən çəkilmiş foto Twitter sosial şəbəkəsində 55 mindən çox dəfə paylaşılıb. Videoda isə 22 yaşlı Alaa Salah çoxu qadınlar olmaqla, böyük insan kütləsinin əhatəsində avtobilin üstündə nəğmə söyləyir. Onun səsinə səs verən insanlar "Saura”-inqilab deyir. Alaa Sudan Beynəlxalq Universitetinin tələbəsi idi.

 

Müşahidəçilərin dediyinə görə, ağ geyimli bu qadın Sudan qadınları və qızlarını ilhamlandıraraq, repressiv lider Ömər Bəşirə qarşı tarixi etiraz nümayişlərinin şəksiz simvoluna çevrilib. Bunun bir səbəbi "Kandaka” – Nubiya kraliçası ləqəbi almış Alaa Salahın öz görünüşü ilə Sudanda ənənələr və yenilikləri, qədim tarixdə güclü qadın obrazını təcəssüm etdirməsi ilə bağlıdır. O, "Ağ geyimli qadın", "Xanım Azadlıq" kimi də tanınır.

Alaa Salah

Sosial şəbəkələrdə sudanlı fəallar Xartum universitetində təhsil alan Alaa Salahın geyiminin detallarına diqqət çəkir. Onların sözlərinə görə, onun ağ örtüyü Sudanın əsas ixracat məhsulu olan pambıqdan istehsal edilib. Bu, həm də Sudanda ofislərdə çalışan təhsilli gənc qadınların geyimidir və şəhərlərdə işləyən qadınların ənənəvi görünüşünü təmsil edir.

​​Alaa Salahın ərəb ölkələrinin çoxunda qadın gözəlliyini təcəssüm etdirən bütöv Ay şəklində qızıl sırğaları isə ənənəvi olaraq gəlinlərin taxdığı ziynət əşyasıdır. Onun geyimi həm də Sudanda hərbi diktator rejimlərinə qarşı onilliklər bundan əvvəl küçə yürüşlərinə çıxmış qadınlarla bugünkü gənc nəsil arasında əlaqənin simvolu kimi qəbul edilir. Ağ rəng Sudanda həm də başlanğıc, yenilik simvoludur. Ağ geyimdə etiraz edən qadınlar da buna görə qədim Nubiya krallığında qüdrətli kraliçalarının güclü obrazı ilə əlaqələndirilir.

Alaah Salahın qadınların sistematik təzyiqlər və repressiyalarla qarşılaşdığı Sudanda etiraz nümayişlərinin simvoluna çevrilməsi bəzi müşahidəçilər üçün gözlənilməz bir haldır. Verilən xəbərlərə görə, keçən ilin dekabr ayında başlamış etirazlar zamanı onlarla qadın həbs edilb.

Human Rights Watch təşkilatı polisin qadın və qızları onların geyim seçiminə, şalvar geyməsinə və saçları açıq olmasına görə həbs etdiyi haqda məlumatlar verib. Təşkilat qadınların həmçinin "xəyanət” kimi "əxlaq cinayətləri”nə görə şallaq və daşqalaq cəzası alması kimi halların mövcud olduğunu bildirib.

Sudanda 1983-cü ildən şəriət qanunu qüvvədə idi, lakin o, ölkədə sistemli şəkildə tətbiq edilmirdi.

Etiraz nümayişlərindən sonra qadınların həyatına təsir edən qanunvericilikdə dəyişikliklər edildi. Hökumət, qadınların necə davrandıqlarını və nə geyindiklərini polislə əlaqələndirən repressiv bir ictimai asayiş qanununu ləğv etdi.

Dindən dönməyə görə edam cəzası ləğv edildi. Qadın cinsiyyət orqanının kəsilməsi (FGM) qanunsuz sayıldı və uşaqların edamı qadağan edildi. Qadınlar artıq uşaqları ilə səyahət etmək üçün ərinin və ya kişi qəyyumun razılığına ehtiyac duymur.

2022-ci ilin seçkilərinə hazırlaşmaq üçün bərabər təmsilçilik yürüşü isə davam edir.
 
 
 

qadinkimi.com