İnternet üzərindən izlədik, Rahim bəy. Möhtəşəm tədbir keçirmisiz. Nə vaxtdan başladız hazırlıqlara, necə oldu ideya yarandı?
- Əslində biz burda yaşadığımız dövrdən hər il 28 may cümhuriyyət gününü öz imkanlarımız daxilində keçirdiyimiz tədbirlərlə qeyd edirik. Amma bu il həm də çoxlarımıza qismət olmayan bir gündü. Yurdumuzda Demokratik hüquqi dövlət qurmuş babalarımızın bizə miras qoyduğu dövlətimizin 100 illik yubileyidir. Əlbəttə ki, bu günü təntənə ilə qeyd etmək bizim mənəvi borcumuz idi. Ona görə biz aylar öncə İsveçdə fəaliyyət göstərən dərnəklərə, federasiyalara ayrı-ayrı siyasi və ictimai aktiv insanlara müraciət etdik və sağ olsunlar, çoxları bizim səsimizə səs verdi. Bu günü belə möhtəşəm keçirə bildik. Əslində biz bunu bir Cumhuriyyət həftəsi adlandıra bilərik. Çünki qonaqların qarşılanması, İsveç və Danimarka dillərində ”Azərbaycan Respublikası 1918-1920 ” adlı kitabın təqdimatı, Göteborq və Stokholm şəhərlərində konfrans, Stokholmda və Malmödə konsert, Linköpingdə keçirilən Azərbaycanlılar arasındakı futbol turniri bizə belə əsas verir ki, bunu Cumhuriyyət həftəsi adlandıraq.
Kimlər yığıldı, necə keçdi?
- Tədbirlərimiz əsasən üç hissədən ibarət idi. Birinci hissəni konfrans bölümü adlandıraq. Bu hissəyə ən əvvəl İsveç dilində Cumhuriyyət haqqında bir kitabın yazılması və onu İsveç və başqa Skandinav dillərinə tərcümə edilməsi aiddi. Bununçün Göteborgda yaşayan filoloq alim Arif Rəhimzadə və Umeo universitetinin dosenti Səadət Kərimi bir lahiyə yazdılar və bu lahiyəni Azərbaycan Federasiyası İsveçə təqdim etdi. Kitabın yazılması Ədalət Tahirzadəyə və Dilqəm Əhmədə həvalə olundu. Çox qısa zamanda belə bir kitab yazıldı və İsveç dilinə Səadət Kərimi və danimarka dilinə Güllü Gahangirova tərəfindən tərcümə olundu. Kitabın təqdimatı üçün də Ədalət bəyi və Dilqəm bəyi bura dəvət etdik. Amma təbii ki, könül istərdi ki, burda Məhəmməd Əmin Rəsulzadənin də ailəsinin nümayəndəsi Rais bəy Rəsulzadə olsun və əlbəttə ki, bu arzumuz da yerinə yetirildi. Rais bəylə yanaşı Cumhuriyyətimizin ən detallı araşdırmaçısı tarixçi alim professor Nəsiman Yaqublunu konfransa dəvət etdik. Çox yüksək səviyyədə bir konfrans keçirdik. Konfrans barədə ayrıca geniş məqalə yazıb saytınıza təqdim edəcəyəm. Çünki Rəis bəy elə gözəl xatirələr danışdı ki, bəlkə bunları heç zaman heç yerdə eşitməmişdik. İkinci hissəni Böyük bayram tədbiri adlandırsaq məncə daha düzgün olar. Burda təbii ki, konsert və konsertə dəvət olunan musiqiçilər ən önəmli faktordu desək yanılmarıq. Bu tədbirə fikirləşdik ki, daha rəngarəng musiqiçiləri dəvət edək. Təklif olundu ki, həm Qüzeydən, həm də Güneydən soydaşlarımız qatılsın. Bilirsiniz ki, Dünyanın bir çox yerlərində bayram tədbirləri keçirildiyindən, bizim tədbirimizi də bir az qeyri - adi formada keçirmək arzusu sənətçi seçimini də rəngarəng etdi. Hə, bir də maliyyə. Əsas şərtlərdən biri məhz maliyyə məsələsidir. Sənətçilər burda bizim pul qazanmaq kimi bir amacımızın olmamasını qəbul etməli və bizdən qonarar istəməməliydilər. Təbii ki, gediş-dönüş bileti və otel qonaqlama xaric. Onlar bizim təşkilat komitəmizin boynuna idi. Dostlar bununçün bir büdcə yaratdılar və hamı o büdcəyə imkanı qədər pul yardımı etdi. Gözləmədiyimiz halda yüksək səviyyəli bir bayram tədbiri qoyduq ortaya. Sağ olsunlar müğənnilərimiz İlahə İbadova, Cavid Hüseyn Təbrizli, Qarabağ bülbülü gözəl səsli gənc xanəndə Murad Laçın və Borçalıdan saz ustası Aşıq Nargilə Mehdiyeva və Anar Rüstəmovun müşayəti ilə 5 nəfərdən ibarət Qarabağ ansamblı təmənnasız olaraq konsertimizə qatıldı. Göteborgda yaşayan tarzən Hüseyn Nəsirov və ney ustası Şəhriyar Təbrizli gecəmizə başqa bir rəng qatdı. Gecədə Kalmar vilayətindən gəlmiş Karlskrona simfonik orkestrinin solisti gənc skripkaçı Uğur Qazi Sarı gəlin və çardaş müsiqi parçalarını ifa etdi. Türkiyəli bir qonağımız da var idi. Əli Çağan əsasən türk xalq musiqisini sazla ifa etdi. İnanın, konsertin sonunda səslənən Qarabağ şikəstəsi bütün zalı ağlatdı. Mən özüm belə qəhərdən göz yaşlarımı saxlaya bilmirdim. 3-cü hissə Cumhuriyyətimizin 100 illiyinə həsr olunmuş azərbaycanlılar arasında keçirilən futbol yarışmasi idi. Yarışma Linköping şəhərində oldu. Yarışmaya Stokholm, Göteborq, Linköping, Mjölby, Boros şəhərlərində yaşayan soydaşlarımızdan ibarət yığma komandalar qatıldılar. Ən sevindirici hal o oldu ki, yarışmaya qatılan 16 yaşına qədər yeniyetmələr professional performans göstərdilər. Mən inanıram ki, bu gənclər arasından sabahın İbrahimoviç kimi bir futbolçusu çıxacaq. Əslində bu yarışmanın çox simvolik bir mənası var idi. Əvvəla insanlarımız populyar idman oyunu olan futbolla yeni xarici kökənli bir komandanın yetişdiyini göstərirlər, ikinci ən önəmli məsələ də gənclər və elə nisbətən yaşlı nəsil məhz Cumhuriyyət günündə bu yarışın keçirilməsi ilə bu günün dəyərini anlamağa çalışırlar.
Deməli, başqa şəhərlərdən də soydaşlarımız gəlmişdi?
- Əlbəttə, Stokholmdan, Malmödən, Göteborgdan, Linköpingdən, Jönköpingdən, Vesterosdan, hətta Oslodan və Kopenhagendən də qonaqlarımız gəlmişdilər.
Necə bir hiss idi?
- Çox, olduqca böyük və qürurverici hissdir. Bilirsiniz, mən işdən bu gün üçün icazə alanda işlədiyim teatrın direktoruna dedim ki, biz 100 il əvvəl qurduğumuz Demokratik Cuhuriyyətin yubileyini keçiririk. Qadın bir az tərəddüdlə baxdı mənə, o dəqiqə əlavə etdim. Bilirsiz, bu müsəlman şərqində ilk demokratik respublika olub və ən önəmlisi, 1918-ci ildə ilk dəfə qadınlar səsvermə hüququna malik olublar. Müdirim mənə dedi ki, bax ha, hətta İsveçdən də qabaq. İsveçdə yalnız 1927-ci ildə qadınlar səsvermə hüququna malik olublar. Qəriblikdə yaşayan bir insan üçün bunun nə demək olduğunu bəlkə də çoxlarımız anlamaz. Çox qürurluyam. Biz hələ 20-ci əsrin əvvəllərində özünün demokratik cumhuriyyətini quran çox az sayda xalqlardanıq.
Xüsusi qeyd etmək istədiyiniz bir məqam varmı müsahibədə?
- Əlbəttə, istərdim ki, bu 100 illik yubileyimiz öz ölkəmizdə də çox təntənəli və yüksək səviyyədə keçsin. Baxın, Məhəmməd Əmin Rəsulzadənin təbiri ilə desək, biz yoxdan bir Dövlət yaratdıq. Əgər o böyük insanlar, ziyalılar olmasaydı, biz indi Rusiya Federasiyasının tərkibindəki, Tatarıstan, Çeçenistan, Dağıstan kimi bir əyalət olardıq... İnanın mənə belə olardı. Heç insafdırmı ki, biz onların yaratdıqları bir dövlətdə yaşayırıq, onların qəbul etdiyi simvolları, himni və bayrağı Dövlətimizin atributlarına çevirmişik, amma onlara laqeyd yanaşaq? Könül istərdi ki, belə olmasın...
Cümhuriyyətlə bağlı rejissor, sənət adamı olaraq nə işlər görmək, nələr çəkmək istərdiz?
- Düşünmədən deyirəm Cumhuriyyət fədailərinin hər biri haqqında böyük tammetrajlı bədii film çəkərdim. Özü də onların bütün həyatları və fəaliyyətlərini əks etdirən böyük filmlər seriyası....