Elm dünyası ilə tanış olan hər kəs onun ehkamçılığa meylli və tənqidə dayanıqlı ideoloji kultları necə doğub törətdiyini bilir. Əksər qadınlar hazırda feminizmlə də eyni şeyin baş verdiyini düşünürlər. Filosof Christina Hoff Sommers "Feminizmi kim oğurlayıb?” (Who Stole Feminism?) adlı kitabında iki istiqamət arasında faydalı bir sərhəd çəkir.
Bərabərlik feminizmi gender diskriminasiyası və qadınlara qarşı ədalətsiz münasibətin digər formaları ilə mübarizə aparır. O, başlanğıcını maarifçilik dövründən götürən klassik liberal və humanist ənənənin bir hissəsidir, həmçinin o, feminizmin birinci dalğasına istiqamət verib, ikincinin təməlini qoyub.
Gender feminizmi, qadınların əvvəlki kimi hökmran kişi dominantlığı sisteminin – "təbiətən biseksual olan körpələrin kişilərə və qadınlara çevrildiyi, birincilərin əmr vermək, ikincilərin tabe olmaq üçün yaradıldığı” gender sistemi – əsarətində olduqları fikrindən çıxış edir.
Bu, klassik liberal ənənəyə ziddir və daha çox marksizmin, postmodernizmin, sosial təşkiletmənin və radikal elmin yolu ilə gedir. Bu ideya bəzi elmi qadın proqramları, feminist təşkilatları və qadın hərəkatlarının nümayəndələri üçün inanc simvoluna çevrilib.
Bərabərlik feminizmi – psixologiya və biologiyanın açıq emprik sualları qarşısında sərt mövqe sərgiləməyən bərabər münasibətlər haqqında əxlaqi doktrinadır.
Gender feminizmi isə empirik doktrinadır və insan təbiəti ilə bağlı üç iddianı əsas götürür.
Birinci – qadınlar və kişilər arasındakı fərqlərin biologiya ilə heç bir əlaqəsi yoxdur və bütünlüklə sosial quruluşa malikdir.
İkinci – insanın bircə sosial motivi var – hakimiyyət. Və sosial həyat yalnız onun reallaşdırılması nöqteyi-nəzərindən anlaşıla bilər.
Üçüncü - insanlar arasında qarşılıqlı münasibət bir-biri ilə işi olan fərdlərin motivlərindən yox, bir-biri ilə qarşılıqlı əlaqədə olan qrupların – indiki halda qadın cinsi üzərində dominantlıq edən kişi cinsinin motivlərindən yaranır.
Bu doktrinanı dəstəkləyən gender feministləri feminizmi yaxınlaşmaqda olan qatarın yolundakı relslərə zəncirləyiblər. Aşağıda görəcəyimiz kimi, neyroelm, genetika, psixologiya və etnoqrafiya cinslər arasında başlanğıcını insan biologiyasından götürən fərqlərin mövcudluğunu təsdiqləyir. Təkamül psixologiyası isə qrup dominantlığı (sevgi, seks, ailə, gözəllik) ilə əlaqəsi olmayan motivlər silsiləsini təsvir edir. Bu motivlər bir çox münaqişələrdə və ya maraqların üst-üstə düşdüyü hallarda bizi həm öz cinsimizin, həm də əks cinsin nümayəndələri ilə birləşdirir.
Gender feministləri ya qatarı dayandırmaq, ya da digər qadınları öz mübarizələrinə qoşulmağa məcbur etmək istəyirlər, amma ikincilər həmrəyliyə razılaşmırlar. Belələrinin çox olmasına baxmayaraq, gender feministləri feminizmi vahid, hərtərəfli təsəvvür edə bilmirlər, o ki qala bütün qadınları.
***
Ondan başlayaq ki, cinslərarası fərqlərin bioloji əsaslarının tədqiqi qadınların rəhbərliyi altında aparılıb. Belə iddia olunur ki, sözügedən tədqiqatlar qadınları əzmək məqsədi güdən "sui-qəsddir”. Odur ki, mən ad çəkməli olacağam. Cinslərarası biologiyanı neyroalimlər Rakel Qur, Melissa Hayns, Dorin Kimura, Cerr Levi, Marta Makklinkton, Salli Şeyvits və Sandra Uaytelson; psixoloqlar Kamilla Benbou, Linda Qoddfredson, Dayana Halpern, Cudit Klaynfeld və Dayana Makqinnes araşdırıblar. Tez-tez "seksist dissiplinlər” adlandırılan sosiobiologiya və təkamül psixologiyası bəlkə də, mənim bildiyim ən bigender elm sahələridir. Bu sahələrdəki tanınan alimlər – Laura Betsiq, Elizabet Kaşdan, Leda Kosmides, Helena Kronin, Mildred Dikkeman, Helen Fişer, Patrisiya Qovati, Kristen Houks, Sara Blaffer Hardi, Maqdalena Hurtado, Bobbi Lou, Linda Mili, Felisiya Pratto, Marni Rays, Ketrin Salmon, Coan Silk, Meredit Smoll, Barbara Smuts, Nensi Uilmsen Tornhill və Marqo Uilsondur.
Lakin bir çox feministlərin gender feminizmindən uzaq durmasının səbəbi təkcə onun elmi bilgilərə zidd olması deyil.
Digər qarışıq ideologiyalar kimi gender feminizmi də fərqlilik feminizmi kimi əcaib qollar törədib. Keroll Gilliqan, "kişilər və qadınlar əxlaqi hökmlərində fərqli prinsipləri rəhbər tuturlar: kişilər hüquq və ədalətlilik barədə düşünürlər, qadınlar isə qayğı, problemi sülh yolu ilə çözmək istəyi, empatiya hiss edirlər” bəyanatına görə, gender feminizminin ikonasına çevrilmişdi. Amma əgər o haqlıdırsa, onda qadınlar Ali məhkəmədə hakimlik etməməlidirlər, konstitusiya haqları və əxlaq fəlsəfəsiylə məşğul olmamalı, çörək pullarını hüquqlar və ədalətlilikdən danışmaqla qazanan peşəkarlar olmamalıdırlar. Halbuki bu, doğru deyil.
Gilliqanın hipotezası bir çox araşdırmalarda yoxlanılıb və nəticədə məlum olub ki, kişilər və qadınlar əxlaqi düşüncələri baxımından az fərqlənirlər, ya da ümumiyyətlə fərqlənmirlər. Odur ki, fərqlilik feminizmi qadınlara iki dünyadan ən pis olanını təklif edir: heç bir elmi əsası olmayan təhqiramiz xarakteristikaları.
Analoji olaraq, gender feminizminin klassikası sayılan qadın təfəkkür üsulu da düşüncə formasında cinslərarası fərqlər haqqında tezisdən ibarətdir: intellektual məsələlərdə kişilər mükəmməlliyə, ustalığa dəyər verir və məntiqli, dəlil-sübutlu arqumentasiyaya skeptik yanaşırlar; qadınlar isə duyğusaldırlar, münasibət qurmağa meyllidirlər, fərqli fikirlərə açıqdırlar və tez güvənirlər. Belə bacılar olan yerdə şovinist kişilər kimin nəyi lazımdır?
Gender feminizminin nümayəndələrinin analitikanın ciddiliyinə, klassik liberal prinsiplərinə saymazyana münasibəti bərabərlik feminizminin təmsilçiləri tərəfindən tənqid olunub. Tənqidçilərin sırasında Cin Betke Elştayn, Elizabet Foks-Cenoveze, Vendi Kaminer, Noretta Kortqe, Donna Laframbuaz, Meri Lefkovits, Vendi Makelroy, Kamilla Palya, Dafna Patay, Virciniya Postrel, Elis Rossi, Salli Satel, Kristina Hoff Sommers, Nadin Strossen, Coan Kennedi Teylor və Keti Yanq da var. Onlardan xeyli əvvəl isə dahi qadın yazıçılar – Coan Didion, Doris Lessinq, Ayris Merdok, Sintiya Ozik və Süzen Sontaq da gender feminizminin əleyhinə çıxıblar. Gənc nəsil də gender feminizminin, sevgi, gözəllik, flirt, erotika, incəsənət və heteroseksuallığın zərərli sosial konstruktlar olduğu barədə bəyanatlarını qəbul etmir.
(mövzunun davamı var)
Steven Pinker
amerikalı psixoloq, dilçi, elm müəllifi