BURA / ORA
SSRİ-də qara çiçək epidemiyası cəmi 19 günə necə dəf edilib? - Tarixi fakt Tarix : 06 Aprel 2020, 22:13
Yazar : Qadinkimi.com
Çoxları indi deyir, heç SSRİ dövründə epidemiya, pandemiya yox idi. Necə oldu, elm, tibb, dünya inkişaf edib, indi virusların əlində əsir olub?

SSRİ illərində də indiki kimi və daha da ağır dəhşətli bir epidemiya baş vermişdi. Amma bu hadisə çox gizli saxlanıldı, hökumət və sovet səhiyyəsi epidemiyanı 19 günə nəzarətə alıb söndürdü. Bu, qara çiçək xəstəliyi idi.

Qadinkimi.com Medicina.az-a istinadən 1959-cu ildə baş vermiş maraqlı tibbi tarixi faktı təqdim edir.


1959-cu ilin 23 dekabrında Dehlidən Moskvaya enən təyyarədən enən bir insan bütün SSRİ üçün təhlükəyə çevriləcək bir xəstəliyin törədicisini gətirmişdi.


Bu adam rəssam Aleksey Kokorekin idi. O, ağlına belə gətirməzdi ki, Moskva qara çiçək epidemiyasını onunla başlayacaq.

SIFIRINCI PASİYENT


Kokorekin hələ uçuşda ikən özündə yüngül qrip, soyuqdəymə hiss etmişdi, amma soyuq dekabrda bu ona qəribə gəlməmişdi. Amma gəldiyi günün gecəsi onun hərarəti yüksəldi, güclü öskürək, boğulma və bütün bədənində ağrılar başladı.

Səhəri getdiyi poliklinika həkimi ona adəti üzrə qrip diaqnozu qoyub, dərmanlar yazdı. 3 gün ərzində dərmanlar heç bir effekt vermirdi, əksinə vəziyyət pisləşirdi və rəssamın bədənini qəribə səpkilər örtməyə başladı. Yenidən həkimlərə gedən rəssamın bədəninə bir professor və bir qrup gənc həkim ordinatorlar müayinə edirdi. Orda olan gənc qız ordinator qara çiçəyə bənzətdiyini desə də, yaşlı professorlar ona güldü və razılaşmadılar

Xəstəni qripli xəstələrin olduğu ümumi palataya yerləşdirib, müalicəyə başlanıldı. 29 dekabrda Aleksey Kokorekində bütün həyati orqanlar imtina etdi və o öldü. Həkimlər 53 yaşlı güclü, sağlam kişinin adi səpki və hərarətdən ölməsinə təəccübləndilər, amma Yeni il ərəfəsi olduğu üçün heç kim bu işlə ciddi məşğul olmadı, çünki professorlar yeni ili xəstəxanada keçirmirdilər. Məhz yeni ilin ortaya düşməsi bu dəhşətli faciənin əsasını qoydu.

Tibdə yunanca adı Variola Vera olan təbii və ya qara çiçək dünyanın ən dəhşəti yoluxucu xəstəliklərindəndir.

O, hələ VIII əsrdən mövcuddur və Yer üzündən milyonlarla insanı, şəhəri, kəndi silib.
XVI əsrdə Amerika qitəsini işğal edən avropalılar yerli aborigenlərdən asan yolla xilas olmaq üçün onların arasına qəsdən bu xəstəliyi salmışdılar və nəticədə 1 milyon yarım Amerikan hindusu ölmüşdü.
Sovet İttifaqında da 1919-cu ildə 186 min insan bu xəstəliyə yoluxmuşdu, amma 1936-cı ildə xəstəlik yoxa çıxmışdı.

EPİDEMİYANIN BAŞLANMASI

Kokorekinin ölümündən 1 həftə sonra palata və xəstəxanada bir çox xəstələrdə eyni simptomlar başladı: titrəmə, qızdırma, bədəndə səpki.

Artıq yeni 1960-cı ildaxil olmuşdu və həkimlər işə çıxırdılar. Vəziyyətin kontroldan çıxdığını görən baş həkim Vaksinlər və infeksiyalar üzrə Elmi İnstitutun əməkdaşlarını dəvət edir. Cəmi 2 saata Kremlə rəsmi məlumat verilir: Moskvaya qara çiçək gəlib.

Məlum olub ki, rəssam Hindistanda bir brahmanın dəfn mərasimində iştirak edib, onun əşyalarına toxunub, hətta bir neçəsini alıb gətirib. Və elə ordaca xəstəliyə tutulub.

15 yanvarda bütün Moskva xəstəxanaları, poliklinikaları, milis, KQB və elmi işçilər mobilizasiya olundu və sutkanın 24 saatı axtarışlara sərf edildi. Onlar 1 sutkaya bu virusa yoluxmuş potensial daşıyıcıları tapmalı idilər.


Rəssamın ailə üzvləri, iş yoldaşları, kiminlə görüşüb, danışıb hamısı, rəssamlıq universitetində 150 tələbə, qızı.. hər kəs ya evindən, ya da birbaşa dərsdən götürülüb təcrid olundular.

Birincili yoluxmadan ikinciliyə, ikincidən üçüncülüyə, yəni rəssamın ünsiyyətdə olduğu adamların da ətrafını zəncir boyu aşkarlayıb yığmağa başladılar. İnsanları gecə yerindən, qatarda getdiyi yerdə qatardan, yoldan geri qaytarırdılar.


Beləliklə, sıfırıncı pasiyendən sonra ünsiyyət zənciri boyu 9400 nəfər aşkarlanıb yığılır. Birinci xəstənin yatdığı Botkinskiy xəstəxanasına karantinə bağlanır. Orda olan həkim, tibb işçisi və xəstələr evə buraxılmır.

Və kütləvi vaksinləşmə

Bu çiçək xəstəliyinə qarşı peyvənd hələ 1796-cı ildə fransız E.Cenner kəşf etmişdi. İndiyə qədər də bu xəstəliyə qarşı yeganə effektiv vasitədir.
Amma Sovetlər 23 il idi ki, bu xəstəliklə üz-üzə qalmadıqlarından peyvəndi də unutmuş və ehtiyatları da az idi.

O zaman təcili olaraq dost ölkələrdən və Dünya Səhiyyə Təşkilatından yardım istənilir, 3 gün ərzində bacardıqca çox peyvənd istehsalı üçün tibb sənayesi səfərbər olunur. Bu vaxt ərzində Moskvada və ətrafında istənilən qrip əlaməti ilə gələn bütün xəstələr ayrılır və xüsusi nəzarətə götürülür. 1 həftə ərzində bütün Mokskva və Moskva ətrafı əyalətlərdə xəstəliyə yoluxmamış əhali yaşlısından tutmuş körpəsinə kimi peyvənd olunur. 1 həftə ərzində 9 milyon insan vaksin olunur. Hətta o vaxt zarafatla,Moskvada az qala ölüləri də peyvəndləsinlər deyimi yaranmışdı.


Bu prosedurun aparılması üçün feldşerlərdən tutmuş tibb tələbələrinə kimi hər kəsi cəlb etmişdilər. O illərin şahidi virusoloq Svetlana Marennikova deyir: "Biz səhərdən gecəyarıya kimi işləyirdik. Bu igidlik idi. Rəssamdan başqa yoluxan xəstə cəmi 46 nəfər çıxdı. Onlardan da üçü öldü,qalanı sağaltdıq. 19 günə virusu ram etdilər və fevralın ortasına SSRİ üçün qara çiçək kabusu təhlükəsi qalmamışdı”.

Maraqlıdır ki,bu barədə heç bir mətbuatda, televiziyada xəbərlər və rəsmi məlumat verilməmiş, informasiya sızdırılmamışdı. Ölkədə xaos və panika yaratmamaq üçün dövlət həkimlərlə birgə çalışdı və virusun Moskvadan bütün Rusiya və SSRİ-ə yayılmasının qarşısı alındı.
 
 
 
Mənbə: medicina.az
qadinkimi.com