BURA / ORA, FEMİNİZM
Şotlandiyada qadın tampon və bezləri pulsuz olacaq Tarix : 16 Avqust 2022, 19:17


Artıq avqustun 15-dən Şotlandiyada dövlət və təhsil müəssisələrindən qadınları gigiyena vasitələri ilə pulsuz təmin etmək tələb olunur. Bu, dünyada ilk belə proqramdır. Şotlandiyada dövlət və təhsil müəssisələrinin menstruasiya zamanı qadınlara pulsuz tampon və bezlər verməsini tələb edən qanun qüvvəyə minib. 2017-ci ildən bəri Şotlandiya hökuməti bu proqram üçün 27 milyon funt sterlinqdən (təxminən 32 milyon avro) çox vəsait ayırıb.



Rəsmilər ölkə daxilində pulsuz qadın gigiyena vasitələri olan 1000-dən çox məntəqənin açılacağını vəd edib. Onları "PickupMyPeriod" xüsusi tətbiqi vasitəsilə tapmaq olar.



Şotlandiya Hökumətinin Sosial Ədalət Katibi Şona Robison belə açıqlama verib: "Qadının gigiyena məhsulları ilə pulsuz təmin edilməsi ədalətin və insan ləyaqətinin qorunması üçün əsasdır və bu, maddi əngəli aradan qaldırır".



Qadın gigiyena məhsullarının pulsuz olmasında təkcə Şotlandiya maraqlı deyil.

2021-ci ildə Fransada tələbə kampuslarında və yataqxanalarda onlarla avtomatlar quraşdıraraq, ped və tamponların pulsuz təmini təşkil edilib. Oxşar proqramlar Yeni Zelandiya və Kaliforniyada da həyata keçirilir.



Almaniyada da bu mövzu müzakirə olunur. 2019-cu ildə Bundestaq Change.org saytında 200.000-dən çox imza toplayan petisiyaya qarşılıq verərək qadınların gigiyena vasitələrinə olan ƏDV-ni aşağı salaraq onları xeyli ucuzlaşdırıb. 



Qadın hüquqları müdafiəçilərinin həmin portalda yerləşdirdiyi növbəti petisiyada ölkə hakimiyyətindən Şotlandiyadan nümunə götürmək və bu cür vəsaitləri pulsuz etmək tələb olunur. Bu petisiya da on minlərlə imza toplayıb.


Qadinkimi.com