QADIN / KİŞİ
Şort geyinən qadın - Aysel Əlizadə yazır Tarix : 08 İyul 2018, 16:11
Yazar : Aysel Əlizadə

Düzünə qalsa, indi əynimdəki geyimin bir tərəfi şortdu, bir tərəfi ətək. Belə modern bir geyimdi.

Amma sözüm onda deyil.

Bir dəfə rəfiqəm bir az gec saatda çıxdı bizdən. Evə gedib çatanda zəng vurub dedi ki, metroda yalnız kişilər idi və onlar mənə elə baxırdılar, az qalırdım çantamı başlarına vurum.

Nə geyinmənizdən asılı olmayaraq gözlərdən, zillənmələrdən qurtula bilmirsiz. Bunun şortla əlaqəsi yoxdu. Şort o adamlar üçün bəhanədi.

Və bu bəzən elə qıcıq yaradır ki, üsyan qaldırırsız. Qadınsız və ömürlük bu kimi sorunlarınız var.

Fikir versəz, şortlu qız da qıcıq idi və üsyankarça gözlərə etiraz edirdi.

Onu kameraya çəkən adam isə çevrilib söyüş söyən, qıza təzyiq edən oğlanı çəkməyə ürək etmirdi.

Kimsə o oğlanı susdurmurdu. Qıza hücum çəkirdilər. Niyə? Sadə səbəbə görə.

Çünki qadını döymək olar, zorlamaq olar, ictimai yerdə təhqir etmək, nə geyinməsini, necə davranmasını diktə etmək olar. " Get, böyüyün gəlsin" demək olar.

Qız da çox ağllı cavab verir: "Böyüyüm özüməm".

Özünü müdafiə edən qadın vardı o səhnədə. Bacardığı, gənclik çılğınlığına uyğun şəkildə. Oturuşu da kiçik üsyanı idi, vəssalam.

İnsanlar belə öyrəşməli deyil. Sanki qadını hamının içində aşağılamaq olar, icazəsiz videoya çəkmək olar. Hər şey etmək olar.

Qadın qadını müdafiə etmədikcə belə olacaq. Gördüyümüz kimi, gənc qıza hücum çəkən də qadındı.

Feminizm bilirsiz niyə yaranıb? Qadınlar anlayıblar ki, bir-birini, özləri özlərini müdafiə etməsələr, məhv olacaqlar biryolluq.

Bu müdafiəyə də ağlı başında olan, sivil kişilər qoşulub. Cəmiyyət bu şəkildə irəliləyir.

Buna görə də həmin gənc qızı müdafiə edən hər kəsi alqışlayıram. Minnətdaram.

Mövzu şort deyil əslində. Çox daha dərindi. Əfqanıstanda bir qadını özgür düşüncəsinə görə kütləvi şəkildə döyüb öldürmüşdülər, sonra da meyitini yandırmışdılar.

Bu videoya baxanda o hadisə yadıma düşdü. İşıqlı insanlar sayəsində biz bu cür təhlükələrdən uzağıq. Ona görə də aydın təfəkkürlü adamlar azacıq belə təhlükə qığılcımı hiss edən kimi bizi Əfqanıstan olmaqdan qorumağa çalışırlar. Heyf ki, həmin vaxt orda olmamışam...