Çoxbaxışlı kanal arxasınca qaçanlar, ancaq çox döyülən gənclər yetişdirə bilirlər.
Siyasi partiyanın əsas məqsədi hakimiyyətdə, dövlətdə təmsilçilik qazanmaqdır. Bunun üçün daim inkişaf da, hərəkət də olmalıdır. Sizə siyasi partiya üzvünün Niderland təcrübəsindən danışmaq istəyirəm.
Mən 7 ildir ki, Niderlandda partiya üzvüyəm - Partij van de Arbeid (PvdA). Partiyaya üzv olduqdan sonra davamlı məktublar almağa başladım. Öncə partiyanın nizamnamə və tarixi haqqında kitablar gəldi. Azərbaycanlı sayağı düşündüm ki, adi qaydadır. Bir az oxuyub qoydum kənara. Amma məsələ fərqli imiş. Altı aydan sonra məktub gəldi ki, Roza Lüksemburq məktəbində kursa qatılma təklif olunur. Qatıldım. Öncə nizamnamə və göndərilən kitablar barədə sorğu-sual etdilər. Ardınca düz 6 ay sosial-demokratiya barədə məruzələr dinləmək üçün həftə sonları məndən 176 kilometr aralı Eindhoven şəhərində kursa getdim. Kursun sonunda testlə sorğu edilib biliklərim yoxlanıldı. Bunun üzərindən bir müddət keçmiş partiya üzvü kimi parlamentlə tanışlıq təklif olundu. Qəbul etdim. Məlum oldu ki, Niderlandda siyasi mövqeyindən asılı olmayaraq bütün partiyaların yeni qəbul olunmuş üzvlərinə parlamentin işində iştirak etmək hüququ verilir. Bir dəfə tanışlıq məqsədi ilə parlamentdə oldum. İkinci dəfə partiyanın fraksiya toplantısında çıxış etdim və vitse-spiker postunda əyləşdim.
Hər seçkidə bacardığım qədər ianə edir, proseslərə dəstək verirəm. Hər ay davamlı dəvətlər gəlir.
Qeyd edim ki, bu linklər bütün üzvlərə göndərilir. Kimin həvəsi və vaxtı varsa, iştirak edir. Partiyaya üzvülük haqqı məcburidir və gəlirə görə ianə məbləği də dəyişir.
Bunu niyə yazıram? Ona görə yazıram ki, bir partiya üzvünü yetişdirmək üçün Qərb standartlarını görəsiniz. Azərbaycanda partiya üzvü olmaq - YAP-çı üçün büdcə pulu oğurlamaq, yaltaqlıq və trolluq etməkdi. Müxalifət partiyası üzvü üçün qarşı tərəfə amansız müqavimət göstərib, gecə-gündüz şəbəkədə ifşa etmək, ortalıq partiyalarının üzvü üçün isə baş dolandırmaqdı.
Adını çəkib könlünə dəymək istəmirəm. Bir sərt müxalifət funksioneri var. Gecə-gündüz hakimiyyətə, İlham Əliyevə qarşı yazır, danışır. Əzab-əziyyət çəkib. Tanınmış olduğu üçün məsələn, Time TV-də gəl Fikrətlə canlı yayıma çıx təklifi olunanda, "sizin baxış azdı” deyir. Yəni, öz populyarlığından istifadə edib bizim kanala tiraj gəlməsini istəmir. Amma ictimaiyyət arasında danışanda "hər şey hissə-hissə olur" deyir. Moskva birdən qurulmayıb və sair. Di gəl özü bizim Moskva quruculuğumuzda iştirak etmək istəmir. Siz böyüyün mən gələrəm prinsipi ilə yanaşır.
Həmin funksioner davamlı yazır. Amma hər şey yazı ilə olmur, axı, müəllim. Siz nə vaxt öyrəndiklərinizi gənc müxalifətçilərə aşılayacaqsınız? Sevinc Osmanqızının, Qənimət Zahidin populyar, siz demişkən, baxış sayı çox olan kanalında həftədə 3 dəfə İlham Əliyevi virtual danlamağa nə var? "Efir üfür" deyib atalar. Məsələ gənc siyasətçilər yetişdirməkdədir. Müxalifətə, siyasətə yeni gələn insanlara yollar göstərmək, maarifləndirməkdir. Sovet dövrünün dissident texnologiyası işləmir. İndi zoom və sair proqramlarla virtual seminarlar təşkil edib yeni və müasir üsulları gənclərə aşılamaq lazımdır. Facebook-da like, youtube kanalında baxış sayı ilə hakimiyyət, ölkə dəyişmək olmur. Olsa idi, Saakaşvili 3 dəfə Ukraynanın prezidenti seçilərdi.
Cəmiyyətlə işləmək lazımdı. Seminarlar, konfranslar olmalıdır. Bir müddət sonra seçkilər gələcək. O seçkilərdə mitinqə gedib döyülüb tutulan gənc yox, ölkəni dəyişə biləcək gənclər olmalıdır. Müddət azdı. Sonra deməyin ki, biz nə edək? Ya bunu edin, ya da çoxbaxışlı kanallarda propoqandaya davam edin. Amma unutmayın, Üzeyir Mehdizadənin də baxışı çoxdu. Ancaq bundan cəmiyyətə nə?
Fikrət Hüseynli
qadinkimi.com