BURA / ORA
Şimali Karolinada yaşayan Sumqayıtlı rəqqasə Tarix : 19 Noyabr 2019, 15:57
Yazar : Qadinkimi.com
Bəlkə də çox adam bilmir... 1999-cu ildən Bakıda fəaliyyət göstərən "Gülnarə" rəqs məktəbi hazırda Şimali Karolina ştatında yaşayan Gülnarə Əsgərovanın adını daşıyır.

Gülnarə xanım özü bu haqda belə deyir: "O məktəbin müəllimi olmuşam. Heç ağlıma da gəlməzdi ki, oradan gedəndən sonra rəhbərlik məktəbə mənim adımı verər”.  

Gülnarə Əsgərova sadə azərbaycanlı ailəsində doğulub və böyüyüb. Çalışqan, iradəli, əzmkar xanımdır. Xeyirxah əməllərdən zövq alır, məğlubiyyəti xoşlamır. Daima zəfər çalmağa çalışır...
 

Bakıda dünyaya gəlsə də, 8 yaşı olanda valideynləri Sumqayıt şəhərinə köçüb. Orta təhsilini 1985 - ci ildə Sumqayıtda 15 saylı orta məktəbdə başa vurub. Sonra Azərbaycan Neft və Kimya İnstitutunun (hazırda Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) Sumqayıt filialının axşam şöbəsinə qəbul olub. 1991-ci ildə  kimyaçı - mühəndis texnoloq kimi məzun olub. Eyni zamanda 1985-ci ildən 1994-cü ilədək Üzvi Kimya Zavodunun layihə şöbəsində çalışıb. 1994-1996-cı illərdə Sintetik Kauçuk Zavodunun yanğından mühafizə xidmətində növbətçi dispetçer vəzifəsində işləyib. Elə həmin illərdə Bakıda fəaliyyət göstərən bal rəqsləri məktəbində incəsənətin bu növünün sirlərinə yiyələnib. 1996 - 1999-cu illərdə Sumqayıtda "SK klubu” adıyla tanınan mədəniyyət evində bal rəqsləri dərnəyində müəllim kimi çalışıb. Sonra isə indi "Gülnarə" adlanan rəqs məktəbində müəllim işləyib...
 

Həyat yoldaşı Ceri Rey avio mütəxəssisidir. İki övladı var; Böyük oğlu Daniyar 18, kişik oğlu Timoti isə 16 yaşındadır.

Gülnarə xanım 2000-ci ildə ABŞ-ın Şimali Karolina ştatına köçəndən sonra bir neçə il "Target” mağazalar şəbəkəsində işləyir. 2006-cı ildən isə "Fred Astaire Dance Studio”da bal rəqsləri üzrə təlimatçı vəzifəsində çalışır. Həmin studiya 1947 - ci ildən fəaliyyət göstərir. Burada orta yaşlı həvəskarlara bal rəqslərinin sirləri öyrədilir. Kollektiv dəfələrlə klublar arası müsabiqələrdə finala çıxaraq, mükafatlara layiq görülüb.

Bütün bunlarla yanaşı, Gülnarə Əsgərova San Fransisko Sağlamlıq Məşqçiləri İnstitutunda onlayn təhsil alır. Bu ilin əvvəlindən "True Healt-Healt coaching” adlı fərdi studiyasını açaraq müştərilərə sağlam həyat tərzi ilə bağlı dərslər keçir. Qısa müddətdə bu sahədə bir çox uğura imza da atmağı bacarıb.
 

Dünya rəqslərini məharətlə ifa etməyi bacaran Gülnarə Əsgərova milli rəqslərimizi əcnəbilərə təbliğ etməkdən də çəkinmir. Azərbaycan və onun mədəniyyəti haqqında həvəslə danışaraq, ölkəmizi sevdirməyə çalışır...
 


İdmanla mütəmadi məşğul olur. Uzaq məsafələrə yürüş etməyi xoşlayır. Tez-tez 20 km - lik marafonlarda iştirak edir. Həmişə də yarışın ön sırasında yer tutur...
 
 
Bəli, ABŞ-ın Şimali Karolina ştatında Gülnarə adında bir azərbaycanlı xanım da yaşayır. "Azərbaycan!” deyiləndə gözlərindən sevinc boylanır...
 

 
Elman Eldaroğlu
Qadinkimi.com