Günel Dəniz rəssamdır, əsərləri və əsərlərinin "dili” ilə diqqət çəkməyi bacarıb. Müsahibələrində, yazılarında səsləndirdiyi maraqlı fikirləri ilə də yaddaşlarda qalmağı bacarıb. Müstəqil.Az özünəməxsus üsulu ilə seçilən tanınmış rəssamla müsahibəni təqdim edir:
Günel xanım salam, necəsiz? nə işlə məşğulsuz?
- Salam, çox sağ olun, yaxşıyam. Hamı kimi evdəyəm, işlərimi evdən həll edirəm.
Sizin təxəllüsünüz Dənizdir. Niyə bu adı götürmüsüz? Dənizi sevirsiz, ya dəniz sözü sizə xoş gəlir?
- Dənizin olduğu hər yeri və içində dəniz olan hər şeyi sevirəm. Adım Günəşdən gəlir, özümü tanıyandan günəş yol göstərənim olub, dəniz də yolum...
Rəssamsız, yaradıcılığınızda dəniz mövzusu var?
- Sırf dəniz mövzusunda işləmirəm. Çünki bu, tamamilə ayrı janrdı. Təsviri incəsənətdə bu janr "marina” adlanır. İtalyancadan "su” anlamına gəlir. Dəniz mənzərəsi çəkən rəssamlara isə "marinist”lər deyirlər. Mən marinist deyiləm, lakin buna baxmayaraq işlərimdə dənizi və dərinliklərini duymaq mümkündü.
"Alovun ruhu"
"Təzadlar"
"Nostalji"
"No name"
Günel, bir müddət əvvəl Bakıda feminist qadınların mitinqi oldu, necə qarşıladız?
- Normal. Qadınlara qarşı zorakılıq problemi demək olar ki, bütün dünya ölkələrində var və dünyanın hər yerində bu tip yürüşlər keçirilir. Nəzərə alsaq ki, hər il Azərbaycanda 100-dən çox qadın ailə-məişət zəminində qətlə yetirilir və bir o qədər sayda da zorakılıq halları şikayət olunmadan gizli qalır, bizim qadınlarımız öz haqlarını müdafiəyə qalxmaqda mən deyərdim hələ çox gecikiblər.
Ümumiyyətlə doğrudanmı Azərbaycanda qadın azadlıqdan məhrumdur?
- Gəlin öncə "azad” sözünün etimoloji anlamına fikir verək; farscadan sərbəst, özgür, başqasından asılı olmayan, ixtiyarı özündə olan anlamına gəlir. Bəs bu gün hansı qadının ixtiyarı yalnız özündədir? Məncə, heç bir qadının...Hətta təhsilli, karyera sahibi qadınlarımız belə gerçək anlamda azad deyillər. Bu gün bizim qadınlarımızın demək olar ki, əksəriyyəti yalnız ər və övladlara görə yaşayır. Ailə həyatı qurduqdan sonra çalışa bilməyən, təhsili yarım qalan, bütün iş həyatı, gələcəyi atanın, qardaşın və ya ərin dodaqlarının arasındakı o iki kəlmədən asılı olan minlərlə qadın və qızlarımız var. Hətta evləndikdən sonra ərinin və ya qayınana, qayınatanın icazəsi olmadan öz doğma anasını belə ziyarət edə bilməyən nə qədər qadın var. Burda hansı azadlıqdan söhbət gedə bilər ki? Dəyərli dramaturqumuz Cəfər Cabbarlı 1928-ci ildə "Sevil ” pyesini yazıb. Hələ o dövrdə Şərq qadınlarının azadlığı üçün bir cığır açıb. Lakin müasir dövrü müşahidə etdikdə görürük ki, Azərbaycan qadını azad ola bilmir. Çox təəssüf ki, bizim cəmiyyət orta əsr təfəkküründən o tərəfə gedə bilmir.
"Qadına qarşı şiddət” deyəndə nədən bəhs edilir?
- Bilirsiz, "şiddət” dedikdə niyəsə bir çox insan bunu sadəcə tutub kimisə döymək, söymək, işgəncə etmək kimi başa düşür. Halbuki zorakılığın fiziki, psixoloji, iqtisadi, hüquqi, cinsi və daha bir çox formaları var. Misal üçün psixoloji şiddəti götürək; Qarşındakı insana aqressiv davranmaq, təhqir etmək, alçaltmaq, digər qadınlarla müqayisə etmək, davamlı müzakirə obyektinə çevirmək, onun olub-olmayan qüsurlarını üzünə vurmaq, yetərsiz hiss etdirmək, zəif nöqtələrini bilib qorxularından istifadə edərək təhdid etmək, hər xırda şeydə günahlandırmaq, ailəsi, yaxın çevrəsi və ya dostları ilə münasibətlərini məhdudlaşdırmaq, özünü inkişaf etdirməsinə mane olmaq, gərəksiz qısqanclıqlar, tərk etməklə, evdən qovmaqla hədələmək, qorxutmaq, aldatmaq və s. bu kimi hallar hamısı psixoloji təzyiqə daxildir. Görün nə qədər çoxşaxəlidi. Gün ərzində hər qadın, hər insan az da olsa, bu kimi təzyiqlərlə mütləq üzləşir. Hətta mən deyərdim şiddətin psixoloji zorakılıq növü fiziki zorakılıqdan daha zərərlidi. Psixoloji travma alan insanda istər istəməz daxili narahatlıq, qan qaralması, fobiyalar, müxtəlif komplekslər, depressiya, intihara cəhd etmə halları müşahidə olunur. Elinanın ölümünü yada salaq. Kimsə onu pəncərədən aşağı zorla itələmədi, amma çevrəsindən gördüyü psixoloji təzyiq onu o addımı atmağa məcbur etdi. Lakin bu o demək deyil ki, fiziki şiddətə məruz qalan qadın və qızlarımız yoxdu. 2015-ci ildə xatırlayırsız yəqin bütün Azərbaycanı sarsıdan bir olay olmuşdu. Nə az, nə çox düz 8 bıçaq zərbəsi alaraq amansızca öldürülən 11-ci sinif şagirdi Aytac Babayeva və ya noyabr ayında itkin düşən daha sonra dəhşətli şəkildə yandırılan 10 yaşlı Nərmin bala. İki azyaşlı uşağı ilə özünü Qazax yolunda qatar altına atan Pərvanə...daha adını saya bilmədiyim şiddətə məruz minlərlə qadınlarımız, qızlarımız var. İnanın, bunlar hələ gün üzünə çıxan talelərdi. Bizim bilmədiyimiz, xəbərsiz qaldığımız qadınlar o qədərdi ki...
Hə... Ağrılı mövzudur. Günel, həm də jurnalistika ilə məşğulsuz. Qadinkimi saytının idarəçilərindən və müəlliflərindən birisiniz. Bu sahədə özünüzü necə hiss edirsiz?
- "Jurnalistika ilə məşğulam” desək bu sahədə uzun illər külüng vuran peşəkar jurnalistlərə haqsızlıq etmiş olarıq. Düzdü, saytımıza yazılar da yazıram, xəbərlərə, materiallara nəzarət edirəm. Oxucular tərəfindən də maraqla qarşılanır. Bu sahəyə maraq məndə uşaqlıqdan var, düşüncələrimi yazaraq və çəkərək daha rahat ifadə edirəm. İçimdən keçənlər bəyənilirsə, nə xoş mənə...
Siz həm də oxucusunuz, ədəbiyyatımızın bu günü ilə qane ola bilirsiz?
- Cılızlaşma əlbəttə, bu gün ədəbiyyatdan da yan keçməyib. Amma ümumilikdə götürəndə qane edir, bəli, ruhumu doyura bilən imzalar var...
Sizcə, ürəyimizdən keçənləri həyata keçirmək üçün nələrdən keçilməlidir?
- Bunun üçün ilk növbədə azad ruha və düşüncəyə sahib olmaq gərəkdi. Daha sonra isə yalnız səbr və özünəyatırımla istədiklərimizə nail ola bilərik.
Koronavirus sizin də əl-qolunuzu bağladı? Yoxsa hər şey əvvəlki kimidir?
- Düzdü, hamı kimi bu durum məni də düşündürür, narahat edir. Lakin əlimi-qolumu bağladı deməzdim, mən elə adi günlərdə də karantin kimi yaşayırdım. Yəni virus oldu olmadı hər şeydən izolyasiya olub öz otağımda günlərlə, həftələrlə hansısa bir iş üzərində işlədiyim üçün o barədə hər şey əvvəlki kimidir.
Koronavirussuz günlərdə olasız..
- Təşəkkür edirəm, ümid edirəm ki, tezliklə normal həyatımıza qayıdarıq.
Söhbətləşdi: Faiq Balabəyli (12.05.2020)
qadinkimi.com