HÜQUQLARIMIZ
ŞİDDƏT HAQQINDA NƏ BİLİRİK - NƏDİR ŞİDDƏT - növləri, səbəb və nəticələri - Araşdırma Tarix : 02 Dekabr 2022, 18:01

Bir uşaq atasının anasını döydüyünə şahid olursa, problemi həll etmə yolu olaraq şiddəti öyrənir.

Şiddət hər toplumda və hər dönəmdə aktualdır. Amma atamərkəzli  toplumlarda bu problem daha dərindi. Dünyada hər üç qadından ən az biri, ya döyülmüş, ya zorlanmış, ya da müxtəlif zorakılıqlara məruz qalmış olur. "Qadına şiddət” xəbərlərinin əksəriyyətində bunu edən şəxs – həyat yoldaşı, partnyor, ata, qardaş və ya başqa yaxın qohumdu. ABD-də qadınların 30%-i həyat yoldaşı, keçmiş həyat yoldaşı tərəfindən şiddətə məruz qalır. İngiltərədə qadınların 22%-i fiziki şiddət görməkdədir. ABŞ-da isə ildə 1,3 milyon qadın yaxını olan bir kişi tərəfindən öldürülür. Zorakı davranışların təməlində həm şəxsi, həm də toplumsal səbəblər var. Ən başlıca səbəblərdən biri qanunlarda şiddətə yönəlik cəzaların yetərsizliyi olsa da, ailədaxili tərbiyə üsulları da əsas səbəblərdən biridi. Evliliyində şiddət göstərən şəxslərin çoxu uşaqlığında ailəsindən şiddət görənlərdi. Travmatik münasibətlərə məruz qalanlar şiddətə meyilli olur. Digər yandan, cəmiyyətdə şiddətin yanlış izahı və hətta normal hal kimi təqdim edilməsi də şiddət hadisələrinin artmasında önəmli faktordu. 
Şiddəti izah etmək istəsək, ağıla ilk olaraq fiziki şiddət gəlir. Amma psixoloji, ekonomik, cinsəl və sözəl (söz şiddəti) kimi fərqli şiddət formaları var.  Münasibətlərin başlanğıcında  görünən sözəl və psixoloji şiddətə  təəssüf ki, sonradan fiziki şiddət də qoşulur. 
Qadına yönəlik şiddətdə kişinin təhsil durumu və uşaqlıq dövründə ailəsindən fiziki və ya psixoloji şiddət görməsi onun gələcəkdə evlilik dönəmində həyat yoldaşına da şiddət uyğulaması ilə nəticələnir. Bu bağlantının nə dərəcədə əhəmiyyətli olduğunu anlamaq məqsədilə həm Azərbaycanda, həm də Türkiyədə evli qadınlar arasında kiçik bir anket etməyi qərara aldım. Anketi hər iki ölkədən qadınlar cavabladı. Bununla mövzuya (fiziki və ya psixoloji zorakılığa) mədəniyyət fərqinin təsirli olub olmamasını ölçmək istədim. Anketi azərbaycanlı iştirakçılardan 29, Türkiyədə türk vətəndaşı ilə evli olan 25 azərbaycanlı qadın cavabladı.
 
SORĞU 
Beləliklə, azərbaycanlı iştirakçılardan 18-i həyat yoldaşlarından fiziki və psixoloji şiddət görmədiklərini dedi. Qeyd edim ki, şiddət göstərməyən həyat yoldaşlardan 15-i ali təhsilli, 3-ü isə orta təhsillidir. Qadınlardan 5-i yalnız psixoloji şiddət gördüyünü etiraf etdi. Psixoloji şiddət göstərən 5 nəfərdən yalnız biri uşaqlığında ailəsindən fiziki və psixoloji şiddət görüb. İştirakçılardan 4-ü həm fiziki, həm də psixoloji şiddət gördükləri cavabını verdi. Qəribəsi odur ki, psixoloji şiddət göstərənlərin hər biri ali təhsillidir. Həm fiziki, həm də psixoloji şiddət göstərən həyat yoldaşlardan 4-ündən 3-ü uşaqlığında ailəsindən şiddət görüb. Həm fiziki, həm də psixoloji şiddət göstərən 4 nəfərdən 2-si ali təhsilli, 2-si isə orta təhsillidir. Təəccübə səbəb olan nüanslardan biri də iştirakçılardan 2-nin yalnız fiziki şiddət gördüyünü bildirməsidir. Halbuki şiddət hadisələrində bilinən təcrübə budur ki, fiziki şiddətə məruz qalan şəxs böyük ehtimalla psixoloji şiddətə də məruz qalır. Bu şəkildə cavab verilməsi cəmiyyətdə "şiddət” sözünün əhatələdiyi mənalar haqda qadınların məlumatsızlığından xəbər verir.  Məsələn, davamlı təhqir olunma və aşağılanma psixoloji şiddətdir. Bu qadınların həyat yoldaşlarının biri ali təhsilli, digəri orta təhsilli olmaqla, hər ikisi də uşaqlıqda ailələrindən şiddət görmüş şəxslərdi.
 
Türkiyədən sorğuya qatılan qadınların da  18-i həyat yoldaşları tərəfindən hər hansısa  şiddətə məruz qalmadıqlarını bildirdilər. Həmin həyat yoldaşlardan 11-i ali, 7-i isə orta təhsillidir. Onlardan yalnız 1-i uşaqlığında ailəsindən şiddət görüb.  Qadınlardan 3-ü həyat yoldaşlarından yalnız psixoloji, 4-ü həm psixoloji, həm də fiziki şiddət gördüklərini bildirdilər. Psixoloji şiddət göstərənlərdən hər 3-ü orta təhsillidir və uşaqlıqda ailələrindən şiddət görməyiblər. Həm fiziki, həm də psixoloji şiddət göstərənlərdən yalnız 1-i uşaqlığında şiddət görməyib və orta təhsillidir. Digər 3-ü uşaqlığında şiddət görmüş və ali təhsillidi. Hər iki ölkənin anket nəticələrinə baxdıqda, şəxsin təhsil durumunun şiddətin qarşısına keçməkdə müəyyən təsiri olduğunu söyləyə bilərik. Amma şəxsin təhsil səviyyəsindən çox, öz ailəsindən şiddət görməsi onun gələcəkdə  şiddət göstərən şəxs olaraq rol dəyişdirməsində əsas təsirlərdən biridir.
 
Dokuz Eylül Universiteti Tibb Fakültəsinin professoru Akça Toprak  Ergönen şiddət olan ailələrdə böyüyən insanların öz ailələrində də  şiddət göstərməsi arasındakı əlaqəni belə izah edir: "Uşaqlıqda şiddət yaşayan şəxs bunu təkrarlayır. Çünki şiddət görən öyrənir. Bir uşaq atasının anasını döydüyünə şahid olursa, təəssüf ki, problemi həll etmə yolu olaraq şiddəti öyrənir (fiziki, psoxoloji vəs..). Özünü inkişaf etdirmə mövzusunda təhsil alma şansı, fürsəti olarsa, təbii ki, şiddət göstərməyə bilər. Uşaqlıqda cinsi istismara uğrayanların üçdə biri böyüdüyündə cinsəl istismarcı olur, qaynaqlarda belə bilgilər var”.  Bəzən valideynlər uşağa qışqırmağın və ya onu təhqir etməyin də şiddət olduğunun fərqində deyillər.
 
Psixoloji şiddətin uşağın şəxsiyyəti və cəmiyyət üçün təhlükələri nələrdir?
Psixoloji şiddət ən çətin fərq edilən şiddət növlərindən biridir. Sözəl şiddət, yəni qışqırmaq, təhqir etmək, pis söz söyləmək başqa cür münasibət görməyən uşaqlar, ya da qadınlar üçün getdikcə normal hal ala bilər. Bu səbəblə də bəzən şiddət olaraq qəbul edilmir. Əlavə olaraq bəzi davranışların da psixoloji, ya da duyğusal şiddət olduğu qəbul edilməyə bilər. Məsələn, şəxsə cəza vermə məqsədilə küsmək, tək başına gəzməyə icazə verilməməsi, başqalarıyla müqayisə etmək və s.  Bu şiddət növü həm şiddətə uğrayan şəxsin fərqinə varıb dilə gətirməsi çətin olduğundan, həm də sağlıq işçiləri tərəfindən müəyyən edilib diaqnoz qoyulmadığından belə də davam edər. Şəxs davamlı aşağılanmaq, həqarətə uğramaq və başqa növ psixoloji şiddətə məruz qalmaq səbəbilə aşağılanma duyğusuna qapılır, özünü günahlandırır, intihar cəhdləri, dərman və maddə bağımlılığı yaranır. Əlavə olaraq  bu təzyiqlər duyğularındakı problemlərə, fiziki əlamətlərə - xəstəliyə səbəb ola bilər;  Qarın və qasıq ağrıları, baş ağrıları, əsəbilik, gərginlik və s. kimi narahatlıqlar. Həkimlərin, psixoloqların bunların səbəbinin ailə daxili şiddət olduğunu bilməsi və uyğun suallar verməklə diaqnoz qoyması lazımdır. 
Şəxsin təhsil səviyyəsi ailə daxili şiddətin önünə nə şəkildə keçə bilir?
Çalışmalarda ali təhsilli şəxslərin şiddət uyğulama və şiddətə məruz qalma nisbətinin təhsil durumu ilə də bağlı olması göstərilir. Təhsil səviyyəsi yüksək olan şəxslər daha az şiddət göstərir və şiddətə məruz qalır. Ancaq bu fərq düşünüldüyü qədər yüksək deyil. Qaynaqlarda ali təhsilli şəxslərin şiddəti ifadə etməsinin çətin olduğu da göstərilməkdədir. Universitet məzunu bir şəxs şiddət qurbanı olduğunu etiraf etməkdə çətinlik çəkir, bu da görünüşdə ali təhsilli şəxslərin daha az şiddətə uğradığı təəssüratını yaradır. Ailə daxili şiddət və cinsi bərabərlik mövzularında özəl təhsil alan şəxslər isə şiddətlə əlaqəli bilgilər aldıqlarından daha fərqli davranırlar. Cinsiyyətçi – seksist önyarqılar qadın və kişiyə təzyiq edir. Cinslərə biçilən  rollar əksər halda yanlış olduğundan qadın və kişi arasında problemlər yaradır. Bu barədə məlumatlı olan şəxslər isə cinsiyyətçi önyarqılardan qurtulmağı bacarır. Təbii, bu, çox qısa zamanda gerçəkləşmir. Həll yolu olaraq ibtidai təhsildən başlayaraq toplumsal cinsiyyət bərabərliyi mövzusunda təhsil və təlim vacibdir. 
 
Valideynlərə mövzu ilə əlaqəli nələr məsləhət görülür?
Valideynlərin öncə özlərinin cinsiyyətçi önyarqılardan qurtulmaları lazımdır. Evdə tam bir iş bölümü gerçəkləşdirərək övladlarına örnək davranışlar sərgiləməlidirlər. Uşağa şiddətin pis bir şey olduğunu söyləmək yetərli deyil. Bunu davranışlarda  da göstərmək gərəkdir. Valideynlər həm özlərinə, həm də digər şəxslərə sevgi və hörmət çərçivəsində davranırlarsa, uşaqlar da bu cür davranış və ifadələri örnək götürəcək. "Yalan danışmaq pisdir” deyən, amma  ətrafındakılara yalan söyləyən bir valideyn uşağa yanlış bir örnək olur və uşaq eşitdiyini deyil, gördüyünü örnək alır. Dil də çox önəmlidir, şiddət və ayrı-seçkiliyi xatırladan ifadələrdən qaçmaq lazımdır. 

Xumar Bayramqızı, İzmir
qadinkimi.com