Beynəxalq Avropa Hərəkatının Azərbaycan nümayəndəliyi tərəfindən araşdırma nəticəsində təsbit olunmuş "2019-cu ildə həyata keçirilən islahatlar”ın statistikası və şərhini təqdim edirik:
1. İllərdi müzakirəsi aparılan Türkiyə vətandaşlarına tətbiq edilən viza sisteminin ləğvi;
2. Avropa İttifaqı ilə intensiv görüşlər, müzakirələrin aparılması və Asossiasiya Sazişi üzərində dialoqun başlaması – strateji əməkdaşlıq sazişinin bağlanılması;
3. Şəhid ailələrinə birdəfəlik 11000 manat vəsaitin ödənməsi. Ümumilikdə, 12268 şəhidin vərəsəsinə fərq qoymadan ödənişin edilməsi;
4. Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə mənzil alınması üçün 35 milyon manatın ayrılması; Şəhid ailələrinə verilən aylıq Prezident təqaüdünün artırılaraq 300 manat olması;
5. Minimum əmək haqqının 130 manatdan 250 manata çatdırılması. Həmçinin dövlət büdcəsi vəsaiti hesabına maliyyə əldə edən (təhsil sektoru da daxil olmaqla) təqaüdlərinin orta hesabla 35 faiz artırılması;
6. Vergi-gömrük adminstrasiyası ilə sahibkarlar arasında münasibətin daha da sivil səviyyəyə qaldırılması istiqamətində hüquqi bazanın yenidən hazırlanması və yoxlamaların dayandırılması;
7. Struktur islahatları ilə idarəçiliyi daha çevik və səmərəli etməklə cəmiyyətin yeni tələblərinə cavab vermək və iqtisadiyyat sahəsindəki yeniliklərə uyğunlaşmanı təmin etmək;
8. İnstitutsional və struktur islahatları çərçivəsində "Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya” qəbul edilməsi ilə KOB İnkişafı Agentliyi, "DOST” Mərkəzi, TƏBİB, DAİM, Dövlət Turizm Agentliyi, Qida Təhlükəsizliyi Agentliyi, Aqrar Kredit və İnkişaf Agentliyi, Aqrar Tədarük və Təchizat ASC, Rəqəmsal Ticarət Qovşağı kimi qurumların fəaliyyətə başlaması;
9. İyirmi ildən artıq davam edən müzakirələrdən sonra Xəzərin hüquqi statusuna dair konvensiyanın imzalanması digər dörd sahil ölkəsindən daha çox Azərbaycanın uğuru sayıla bilər. Konvensiya Azərbaycan üçün nəqliyyat, logistika, tranzit, ticarət, enerji və bioresursların istifadəsi baxımından yeni imkanlar açır;
10. Cənub Qaz Dəhlizinin və onun bir hissəsi olan TANAP xəttinin yaradılması ilə 1,2 trilyon kubmetr ehtiyatı olan "Şahdəniz-2” qaz yatağından "mavi yanacağın” Türkiyə, Gürcüstan və Avropaya nəql edilməsinə imkan yaradan layihələrə start verilməsi;
11. "Enerjinin İpək yolu” adlanan TANAP, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri qovşağında yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin fəaliyyətə başlaması;
12. On min dollara qədər problemli kreditlər barədə fərman verildikdən sonra bu sahədə çətinlik yaşayan 900 minə yaxın fiziki şəxsin kompensasiya alması;
13. ABŞ-la Azərbaycan arasında iqtisadi - siyasi əməkdaşlığın ən yüksək səviyyəyə çatması;
14. "Tərtər işi”nə görə məhkəmələrin obyektiv qərarların qəbulu və bununla məhkəmə - hüquq sistemində qərəzsizliyə ilk addımın atılması;
15. Bir neçə media orqanına - saytlara qoyulmuş blokların götürülməsi;
16. Jurnalistlərə, siyasi fəallara qoyulmuş ölkədən çıxış qadağasınıın, o cümlədən borca görə 814 nəfərə tətbiq edilmiş "stop”ların aradan qaldırılması;
17. Hər xırda hadisəyə görə seçilən həbs qərarını inzibati qaydada cəza metodları ilə əvəzləmə hallarının artması;
18. Polislər arasında vətəndaşlara qarşı xüsusi amansızlıq edən əməkdaşların cəzalandırılması;
19. Vətəndaş şikayətlərinə Prezident Adminstrasiyası ilə yanaşı yeni qurum tərəfindən - Vitse-prezident aparatı - baxılması;
20. Qəzalı evlərin təmirinə dövlət dəstəyinin artırılması və bu istiqamətdə xüsusən Şamaxı və Zakatala zəlzələsindən zərər çəkmiş evlərin bərpasının həyata keçirilməsi;
21. Pulsuz təhsil alan tələbələrin sayının 12300-dən 21200 -ə çatdırılması (say artımı: 8900);
22. Təqaüdlərin 31 faiz artırılması;
23. Şişirdilmiş rəqəmlərə, qeyri-neft sektoruna münasibətin dəyişməsi və "qara konvert” sisteminin ləğvi;
24. İntellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektivli rəhbər seçiminə üstünlük verilməsi üçün ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə "Yüksəliş” müsabiqəsinin təsis edilməsi və bu quruma rəhbərliyin eləcə də Prezident Adminstrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri vəzifəsinə görkəmli ziyalı Şirməmməd Hüseynovun qızı Fərəh Əliyevanın təyin edilməsi;
26. Eks prezident, Milli Azadlıq Hərəkatının lideri Əbülfəz Elçibəyin ailəsinə və hüquq müdafiəçisi Oktay Güləliyevə dövlət qayğısı;
27. Qaçqın və Məcburi köçkünlər üçün 2019-2020-ci illərdə 2814 mənzil tikintisinə başlanması və artıq 2000-ə yaxın ailənin mənzillə təmin edilməsi;
28. İcbari tibbi sığortanın ölkə boyu tətbiqinə start verilməsi;
29. Media siyasətinin yenidən formalaşdırılması ilə İctimai Televiziyasının nəhayət öz öhdəliyini yerinə yetirməyə başlaması;
30. Bələdiyyə seçkilərində gənclərin namizədliyinin qeydə alınması və ümumən namizədlərə süni problemlərin yaradılmaması;
31. Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan Diasporuna Dəstək Fondunun fəaliyyətə başlaması ilə xaricdə yaşayan azərbaycanlılara dəstəyin artırılması, dağınıq halda olan diaspora təşkilatlarının böyük əksəriyyətinin birliyinə nail olunması; Azərbaycanlıların ilk dəfə olaraq davamlı və sistemli diaspora fəaliyyəti ətrafında keyfiyyətli şəbəkəsinin qurulması.
32. Siyasi məhbusların böyük əksəriyyətinin azadlığa buraxılması; Həmçinin Gəncə hadisələrinə görə həbs edilmiş şəxslər arasından təqsirsiz olanlara bəraət verilməsi;
33. Humanist məhkəmə qərarlarının, əfv sərəncamının olması, vətəndaşlarla görüş və qəbulların çoxalması, ziyalılarla görüş, yaradıcı şəxslərə ev verilməsi, oliqarx nazirlərin işdən azad edilməsi, məmurlara tələb və nəzarətin güclənməsi, icra başçılarının dəyişdirilməsi;
34. Dövlət Miqrasiya Xidmətinin Könüllü Qayıdışa Yardım və Reinteqrasiya (AVRR) layihələri çərçivəsində ölkəyə könüllü qayıdan miqrantlara yardımı göstərilməsi;
Aparılan iqtisadi islahatlara görə Dünya Bankının "Doing Business 2019” hesabatında Azərbaycan dünyada ən islahatçı ölkə elan edildi və 32 pillə irəliləyərək 190 ölkə arasında 25-ci yerdə qərarlaşıdı;
"Economic Freedom 2019” hesabatında Azərbaycanın mövqeyi 7 pillə irəliləyərək 60 oldu;
Davos Ümumdünya İqtisadi Forumu açıqladığı hesabatda Azərbaycanda görülən işlər mütərəqqi islahatlar kimi təqdim edildi.
GƏLİNƏN NƏTİCƏ:
Dünyada insanların tələbləri dəyişib, münasibətlər fərqli meyarlarla müəyyən olunur. Bunu vaxtında anlamayan hökumət idarə etdiyi dövləti böhrana sürükləyir.
Ukrayna və Ermənistan nümunəsində olduğu kimi:
1. Verilən vədlərin vaxtında yerinə yetirilməməsi, sosial tələblərin iqtidar tərəfindən gözardı edilməsi (Paraşenko və Sarksiyan hökumətləri);
2. Müharibə şəraitindən məharətlə istifadə, hər cür təbliğatla xalqın və dövlətin bütün resurslarını mənimsəmək. Qanunların aliliyinin təmin olunması prosesini gecikdirmək;
3. Populist vizual dəyişikliklərlə nəticə əldə edilməməsi səbəbindən iqtidarların xalqın gözündə nüfuzunu və etibarını itirməsi;
Ancaq ən təməl səbəb iqtidarın xalqla heç bir rabitə formasının olmamasıdır.
Xalq ayrı-ayrı hökumət üzvləri, dövlət məmurları ilə ünsiyyət qura bilməyəndə dialoq və konsensus yaranmır, ictimai müzakirə platforması yox olur. Nəticədə iqtidarı ona xidmət etmək istəyən siyasi rəhbərlik kimi görmür və ümumilikdə hakimiyyətə etiraz edir.
Azərbaycan iqtidarı və şəxsən Prezident İlham Əliyev də bunu bilir. Ona görə də fərqli mövqe tutmağın tərəfindədi. Cənab İlham Əliyev xalqla rabitəni vacib sayır və bu nəbzi tutur. Bu amil nəticəsində də əslində bütün iqtidar komandasını xilas etmiş olur. Çünki bu iqtidarın siyasətinə bir çox halda zərbə vuran məhz vətəndaş-məmur rabitəsizliyidi. Vətəndaşı saymayan, işinin öhdəsindən gəlmək istəməyən dövlət nümayəndələri cəzasız da qalmır. Son vaxtlarda cəmiyyət vəzifəsini itirmiş xeyli məmur gördü. Bu, ölkə rəhbərinin çağdaş tələblərə cavab verməyən vəzifə sahiblərinin azad ediləcəyi mesajıdı. Görünür ki, prezident xalqın tələblərini təhlil edir və ehtiyac olan, zəruri hesab edilən qərarlar qəbul edir. Xalqla özü arasında rabitəni itməyə qoymur və hər hansısa ölkə daxili və ya xarici esktremizmə, radikallığa meylli qrupların insanları ələ almasına, xaos təhlükəsinin yaranmasına imkan vermir.
Seçki yolundan başqa iqtidar dəyişikliyi amili heç bir ölkəyə uğur gətirməyib. Ukraynada Krım, Donets, Luqansk, Gürcüstanda Abxaziya və Osetiya, Qırğızıstanda Qazaxıstanla münasibətlərin korlanması, Suriyada dövlətin suverenliyini itirməsi, Liviyada vətəndaş muharibəsi və s.
İdarəçiliyi tənqid etmək də, razılaşmamaq da hamının vətəndaş haqqıdı. İqtidarın qüsurlarını görmək, demək, dəyişiklik istəmək bir hüquq normasdı. Bəs bunların fonunda nələr baş verir? Aydınlaşdırmağa çalışaraq bu sualdan başlayaq.
STABİLLİK VƏ TƏHLÜKƏSİZLİK FAKTORU
Prezident illərdi demək olar ki, bütün çıxışlarında bu stabillik və ya təhlükəsizlik amilini dönə-dönə vurğulayır. Çünki məhz stabillik sayəsində dövlətin təhlükəsizliyi təmin olunur, xalqın cinayətkar qruplar, silahlı qruplaşmalar tərəfindən zərər görməsinin qarşısı alınır.
Bütün bu addımları analiz etdikdə cənab İlham Əliyevin dünyada gedən prosesləri təhlil edərək yeni yol seçdiyini anlamaq olur. Xalqın iradəsini təcəssüm etmək, inam və etimadı heç nəyə uduzmamaq ən önəmli məqamdı. Bunun üçün də 2019-cu ildə islahatlara start verdi. Heç də sadə olmayan, ciddi şərhə ehtiyacı olan proseslər baş verir.
Bu prosesləri kənardan ümumiləşdirib bir abzasla görməzdən gəlmək də, adiləşdirmək də olar. Amma bu bizə cəmiyyət olaraq heç nə verməz. Ölkəsində nə baş verdiyini həqiqətən bilmək istəyənlər mövzuya daha diqqətlə yanaşmalıdı.
Görünür ki, prezident islahat yolunu tədrici, sistemli, böyük kataklizmlərə rəvac vermədən həyata keçirmək qərarına gəlib. Proses məmurları xalqın qarşısında qəbul etməkdən başladı. Onlardan iş tələb edildi. İşləməyən komanda xalqın inamını itirən komanda deməkdi və bu da yaxşı nəticələrə aparmır. Ölkə başçısı buna imkan verməyəcəyini, Azərbaycanın müstəqilliyinin, suverenliyinin şəxsən qarantı olduğunu açıq ortaya qoydu.
Xalq bu işarələri birbaşa görür və onun içində bir inam yaranır.
HAKİMİYYƏTİN ÇATIŞMAZLIĞI NƏDƏDİR?
Baş verən dəyişikliklər sistemli və dolğun tərzdə təqdim edilmir. Etiraf etmək lazımdır ki, cəmiyyətin problemləri, xalqı narahat edən məsələlər bu dəqiqə manipulyasiya ediləcək vəziyyətdədi. Bundan sosial mediada hakimiyyətə qarşı maksimal dərəcədə istifadə edilir. Müxalif tərəf kimi ortaya çıxan ayrı-ayrı qruplar narazı elektoratı istədikləri kimi ələ almağı bacarırlar. Bir sözlə cəmiyyətin ağrıyan yeri müxalif gücün əlindədi. İqtidar bunu bacarmır. Çünki bu ağrılara cavabdeh tərəf iqtidardı. Və iqtidar öz cavabdehliyini anladığı üçün 30-dan çox islahat addımı atılıb. Maraqlısı odur ki, bu addımların atılmasına baxmayaraq, cəmiyyətə düzgün və dolğun çatdırılma yoxdur.
SƏBƏB NƏDİR?
Əvvəla bu narazılıq illərlə yığılan, ört-basdır edilən narazılığın nəticəsidir. İkincisi, görülən işlər və islahatlar cəmiyyətə səhv üsulla çatdırılır. İnsanlar ictimai mühitdə "islahat, islahat” deyilən məsələnin nə olduğunu anlaya bilmir. Elə islahat var ki, vətəndaşın gündəlik həyatında birbaşa, eləsi var ki, yavaş-yavaş, daha uzağa hesablanmış dəyişiklik isə zamanla hiss olunur. Amma vətəndaş kompleks şəkildə ölkədə nə baş verdiyini bilmək istəyir.
Bu səbəbdən də biz Azərbaycan Avropa Hərəkatının tərkibində işçi qrup yaratdıq və vətəndaşlarımıza baş verənləri faktlarla çatdırdıq.
P. S. Bu hesabat xarakterli arayış Beynəlxalq Avropa Hərəkatının rəhbərliyi və Azərbaycan vətəndaşları üçün hazırlanıb.
Sevgilərlə,
Ramin Hacılı
Azərbaycan Avropa Hərəkatının prezidenti