Ailəmizdə bunun neçə il davam etdiyini dəqiq deyə bilmərəm. Həyat yoldaşımla mən daim nədənsə, hamıdan, hər şeydən narazı idik. Səhər tezdən deyinirdik: "Mənim corablarım hardadır?, " Bu dəsmalı niyə yumamısan?”, "Şəkər tozu qurtarıb, niyə almamısan?”, "Çətirim sınıb”, "Atan özünə daha yaxşı bir iş tapsaydı, mən daha bahalı əşyalar ala bilərdim”, "divanımız köhnəlib" və s.
Narazı olmaq üçün bəhanə tapırdıq.
Uşaqlarımız da belə böyüyürdü. Onlar baxçadan, məktəbdən gələndə birlikdə olanda ancaq mənfiliklərdən, ətrafdakıların yaxşı olmadığından, bahalıqdan, musiqilərin bayağılığından danışırdıq.
Bütün bu narazılıqlarla dolu həyatımızdan yoruldum bir anda və öz ailəmizə baxdım. Anladım ki, başqalarının əhəmiyyət vermədiyi məsələlər bizdə problemə çevrilir. Şəkər tozu qurtarıb? Gedib sakitcə ala bilərsən. Bu köynəyin yuyulmayıbsa, başqası var. Çətirin ucuzdu? Olsun. Köhnə divan çox rahatdır.
Düşündüm ki, biz necə pis valideynlərik. Övladlarımızı sevindirmək, həyata sevgi ötürmək əvəzinə, daim neqativ düşünən, hər şeydən narazı insanlar böyüdürük. Niyə onlar həyatlarında yaxşı heç nə görmürlər? Niyə sevinə bilməyən uşaqlar böyüdürük?
Yemək zamanı " Bu gün yaxşı nə olub-deyə sordum. Sakitlik yarandı. Kiçik oğlum "Baxçada kisel vermədilər”- dedi.
Böyük oğlumsa "yaxşı şəkil çəkdiyim üçün müəllim məni təriflədi- əlavə etdi.
Həyat yoldaşım susurdu.
-Görürsüz, deməli bəyəndiyimiz hadisələr də olur. Yaxşı nələrsə olur həyatımızda. Biz onlardan danışmırıq. Ancaq yaxşıları da görməliyik, deməliyik, yoxsa yaxşı heç nə olmaz daha.
-Ananız zarafat edir. Hərdən onun belə mənasız zarafatları olur.
-Heç də yox. Sənin də bu gün həyatında yaxşı hadisələr olub. Məsələn, sən işə gecikmişdinmi?
-Yox.
- Axşam yeməyi xoşuna gəlirmi?
-Çox.
-Görürsən, iki yaxşı hadisə.
-Ana, çay da çox dadlı idi-deyə oğlum fikrimi anladı.
- Mənim də iş günüm çox rahat keçib. Evə gələndə hava elə gözəl idi ki, gəzmək istəyirdim.
Yoldaşım heç nə demədi. Yaxşı heç nədən bəhs etmədi. Bəlkə mən də belə davam etməzdim, amma oğlanlarım imkan vermədi.
Səhəri gün onlar sevinclərini bölüşürdülər.”Baxçada yenə kisel vermədilər. Biz maraqlı oyunlar oynadıq”-kiçik oğlum məlumat verdi. "Mənsə riyaziyyatdan 5 aldım. İdman dərsində qaçışda da birinci oldum”-böyük oğlum öyündü.
-Bəs sənin günün necə oldu? –yoldaşımdan soruşdum.
-Yaxşı. İşığın, qazın, internetin ödənişini etdim. İndi də dadlı bir çay süfrəsindəyəm.
Gülümsədim. Bu bizdə adətə çevrildi. Hər gün xoş hadisələrdən danışır, sevincimizi bölüşürdük.
Anladım ki, həyatda çətinliklər olsa da, daim narazı olmaq, ancaq mənfilikləri görüb, onları düşünmək, həyatına daşımaq yaşamı ağırlaşdırır. Bizə xoş olanlardan danışmaq, yaxşı adamları, hadisələri görmək, dəyər vermək bizi xoşbəxt edir. İndi daha sevincli, daha rahatıq.
Bir-birimizə hörmətimiz, sevgimiz də artıb elə bil.
Bu dəyişiklik ürəyimcədi.
Siz də həyatınızı yaxşılığa dəyişməyə çalışın.
Yevgeniya Qolovina
qadinkimi.com