Dünyanın bir çox ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da bayram kimi təmtəraqla qeyd edilir.
Kimisi hədiyyələr, çiçəklərlə, kimisi də xoş sözlər deməklə həmin gün zərif cinsin nümayəndələrinin könlünü oxşamağa çalışır. Gənclər 8 Martda kimləri təbrik edir və qadınlar onlar üçün kimdir?
Taleh Atakişiyev:
- Qadın öncə anadır. Ona görədir ki, biz oğlanlar qızları bu qədər çox sevirik. Onlar çox qayğıkeşdirlər. Bizi tək olmağa və sıxılmağa qoymurlar. Bu dünyada qadın və kişinin öz vəzifələri var. Düşünürəm ki, qadınlar vəzifələrinin öhdəsindən bizdən daha yaxşı gəlir və həyatımızı daha da asanlaşdırırlar. Mən bu xüsusiyyətinə görə Azərbaycan qadınlarını dünyada ən gözəl, ən alicənab, ən ailəcanlı qadınlar hesab edirəm. Qadınların həyatımıza necə rəng qatmalarından saatlarla danışmaq olar. Qadınların bəşəriyyətin mövcudluğu və həyatındakı rolu barədə bir-birindən dəbdəbəli ifadələr işlətmək olar. Amma bu həqiqətdir ki, qadın səmimidir, yeri gəldiyində isti qucaqdır, dara düşdüyündə ilk qaçdığın və sığındığın kəsdir. Onları sevindirmək üçün bəzən ürəkdən gələn səmimi, xoş sözlər də kifayət edir: Qadınların hansı hədiyyəyə üstünlük verməsi zənnimcə, qadına görə dəyişir. Hər qadını fərqli hədiyələr sevindirir. Lakin ümumilikdə, xanımlar ətir, gül, şarf, bijuteriya, kosmetik vasitələr və bu kimi digər şeyləri hədiyyə kimi qəbul etməyi sevirlər. Əlbəttə, ev, maşın, daş-qaş xoşlayanları və bunları hədiyyə almağı sevənlər də var. Bəzilərinin isə sadəcə xoş bir sözə ehtiyacı var. Nəzərə alsaq ki, qadınlar qulaqlarıyla sevirlər və digər hər şey keçici xarakter daşıyır, xoş sözlərlə bərabər hədiyyə təqdim etmək daha məqsədə uyğundur.
8 mart kimi özəl gündə ilk olaraq anamı və sevdiyim xanımı təbrik edirəm: Mən ətir, gül, suvenir verməyi sevirəm. Mənim üçün ən əziz qadın isə anamdır.
Elxan İsmayılov, analitik.
- Həyatı kino kimi təsəvvür etsək, qadınlar bu kinonun baş rol ifaçılarıdır. Onlar xüsusən hər bir kişinin həyatında əsas rola sahibdirlər. 8 mart ilk növbədə bütün anaların bayramıdır, daha sonra bütün xanımlara diqqətin təzahürüdür: 8 Mart xüsusi diqqət, qayğı, təbəssüm, sevinc bayramıdır. Sadəcə, bir telefon zəngi bizim xanımların üzündə, ürəyində xüsusi təbəssüm, sevinc, xoşbəxtlik hissi yaradır.
Ətrafımızda olan bütün sevdiyimiz, hörmət etdiyimiz xanımlara, ən əsası analarımıza nəinki ilin bir günü, hər gün sevgimizi hiss etdirməliyik. Çünki bizi dünyaya gətirən də, həyatı boyu qeydimizə qalan da, övladlarımızın əziyyətini çəkənr də qadınlardır.
Azərbaycan qadınları hədiyyə kimi daha çox zinət əşyalarına, kosmetik vasitələrə üstünlük verirlər: Fikrimcə, hədiyyənin qiymətinin önəmi yoxdur. Əsas onun necə təqdim edilməsidir. Bizim qadınlar üçün ən gözəl hədiyyə, zinət əşyaları, kosmetik vasitələr və geyimlərdir. Mən öz ətrafımdakı qadınlara hədiyyə seçərkən onların nələri sevdiyini nəzərə alıram və çalışıram ki, yadda qalan, maraqlı hədiyyə olsun. Düşünürəm ki, suvenir verməkdənsə, qadınların istifadə edə biləcəyi hədiyyə almaq daha yaxşı olar.
Elşən Bayram
- Qadınlara yalnız 8 Martda yox, bütün günlərdə diqqət, qayğı göstərmək lazımdır: Hər kəsin həyatında olduğu kimi, qadınlar bu gün mənim də həyatımda önəmli yer tutur. Çünki bu gün bizi dünyaya gətirən, daim qayğımıza qalan, nəvazişlərinə ehtiyac duyduğumuz qadınların günüdür. Bütün dünya qadınları bu gün diqqət mərkəzində olur. Amma mən düşünürəm ki, qadınlar kişilərin həyatında o qədər müqəddəsdir ki, onlara tək 8 Martda deyil, hər gün o qayğını, nəvazişi göstərmək lazımdır. Vacib deyil ki, məhz həmin gün onlara hədiyyə alınıb, xoş sözlər deyilsin. Onlar hər gün diqqət və qayğıya layiqdirlər.
Onu da deyim ki, indiki qadınların könlünü ucuz hədiyələrlə oxşamaq mümkün deyil: Onların hansı hədiyyəni sevdiyini deyə bilmərəm. Düşünürəm ki, indiki qadınların əksəriyyəti hədiyyələrin qiymətinə önəm verir. Bahalıdırsa, həmin qadın mütləq o hədiyyəni sevir. Psixoloqlar da bildirir ki, qadına nə qədər böyük hədiyyə versən, o qədər xoşbəxt olar. Əvvəllər qadını 1 ədəd gül ilə xoşbəxt etmək mümkün idi. İndi isə gül sadəcə əldə tutmaq üçündür. Onun yanında mütləq bahalı hədiyyə də olmalıdır. 8 Martda sadəcə öz anama hədiyyə alacam. İnsanı ancaq öz anası başa düşə bilər və yalnız analarımız üçün hədiyyənin qiyməti yoxdur. Hətta analarımız üçün quruca təbrik, onun qəlbini oxşamaq, əzizləmək yetər. Qalan dost, tanışlarımı isə sadəcə, sözlə təbrik edəcəm.
Xatırladaq ki, 8 martın Beynəlxalq Qadınlar Günü kimi qeyd olunması inqilabçı Klara Setkinin adı ilə bağlıdır. 1910-cu il Kopenhagendə keçirilən beynəlxalq sosialist qadınlar konfransında Klara Setkin 8 martın Beynəlxalq Qadınlar Günü kimi qeyd olunması təklifi ilə çıxış edib. O gündən sonra bütün dünya qadınları bu günü bayram kimi qeyd edirlər.
qadinkimi.com