YAZI / DÜŞÜNCƏ, BİLİM / DİN
Sevinc Fədai yazır “Çörək və təhsil" Tarix : 11 Yanvar 2022, 17:59
Evinə çörək ala bilməyən adam təhsil barədə necə düşünsün?
Fransalı hüquqşünas və siyasətçi J.Danton deyirdi ki, çörəkdən sonra xalq üçün ən vacib şey məktəbdir. Maslounun ehtiyaclar piramidasına əsaslansaq, bu gedişlə bizim ölkədə və cəmiyyətdə məktəbin - təhsilin əsas müzakirə mövzusuna çevrilməsi çox uzaqdır. Axı Maslounun düşüncələrinə görə, insan ehtiyacları bir-birinə sıx bağlıdır və üst pillədə olan tələbatların yaranması üçün insan mütləq alt tələbatları ödəməlidir. Və ehtiyaclar ierarxiyasının ən alt pilləsini fizioloji - instinktiv tələbatlar təşkil edir ki, bura qidalanmaq, susuzluq, nəfəs almaq, yuxu və s. aiddir. Yəni ac insan düşünmək, çalışmaq, plan qurmaq, hər hansı bir fəaliyyət üzərində düşünməz. Əvvəlcə onun qarnı doymalıdır.
Piramidaya əsasən, bəşər övladı bu tələbatını ödəyəndən sonra güvən və təhlükəsizliyi, sevmək və sevilmək, hörmət qazanmaq və nəhayət, özünü aktuallaşdırmaq barədə düşünür.
Hazırda cəmiyyətimizin əsas kəsimi, yəqin ki, ilk - ən vacib ehtiyaclardan o tərəfə keçə bilmir. Çörəyi, suyu da zülm-zillətlə çalışıb qazanır. Yəni bunun fərqində deyilsiniz? Yəni parlamentdə otuzdurulub, verdikləri açıqlamalarla insanların heysiyyatı ilə oynayan deputatların bundan xəbəri yoxdur?
Mənim ölkəmdə adamların üzü gülmür, onlar aqressivdirlər. Küçədə, ictimai nəqliyyatda hər adi sözdən qıcıqlanan, davaya çıxmağa hazır insanlar, məişət zəmininində baş verən qətllər bunun göstəricisi deyilmi? Mənim ölkəmdə adamlar evsizdir, işsizdir, bir tikə çörək üçün gecə-gündüz çalışırlar. Çörək dərdindən nə sevib-sevilməyə vaxtları qalır, nə uşaqla vaxt keçirməyə, nə də digər ehtiyaclara... Çörəyin, ərzağın, dərmanın, qazın, suyun... hər şeyin qiyməti qalxıb, qorxu bürüyüb adamların canını.
Cəmiyyətin ən ağır silahı qorxudur, qorxulardır. Bir toplumda ki qorxular ağalıq edir, onun yetişdirdiyi insan - vətəndaş yarımçıq, kompleksli olur, daim qorxur. Özündən, hər kəsdən, evindən, qayğılarından.
Vətən müharibəsindən qələbəylə çıxan xalq, qalib vətəndaş olaraq aşdığımız natamamlıq kompleksləri var. İndi isə əsas olan bu qələbəni və qalibiyyət ruhunu qoruyub-saxlamaqdır. Bu ruhu insanları çörəklə imtahana çəkməklə sındırmaq olmaz. Qalib ordunun kişisi evinə çörək apara bilməməkdən qorxmamalıdır.
 
 
 Azərbaycanın un və çörək şirkətlərdən - QİYMƏT AÇIQLAMASI:

Cəmiyyəti bu qədər aqressivləşdirmək olmaz! Hər gün qorxa-qorxa, ölə-ölə yaşamaq olmaz. Vətəndaşların ucalan səsini duymazdan gəlmək olmaz! Bir balaca ölkə üçün, toplum üçün bu qədər narazılıq və hayqırış çoxdur. Laqeydliyə son qoymaq lazımdır! Bizə çörək dərdi çəkən, qarnını necə doydurmağı düşünən deyil, daha böyük mətləblər üzərində baş sındıran, narahat olan vətəndaşlardan ibarət məmləkət qurmaq lazımdır.
15 qəpik bahalaşan çörəyə görə canını qara qayğı alan insanı hansı milli, ictimai məsələ düşündürə və narahat edə bilər ki? O, özünün və ya övladının təhsilinə, inkişafına hansı kapitalı yatıra bilər ki? Yoxsa bizə ancaq qarnını, dolanışığını düşünən vətəndaş lazımdır? Bax, bu sualın ehtimal olunan cavabı adamı daha çox qorxuya salır...
 
 

Sevinc Fədai
AY Partiya Başqanının Sosial, qadın və uşaq məsələləri üzrə müavini