QADIN / KİŞİ, GENDER
Sevinc Fədai: Qadın qarşıdurması Tarix : 25 Aprel 2022, 11:34
Bu yaxınlarda olduğum ortamda fikirlərini, işlərini təqdir etdiyim bir xanımdan söz saldım. O dəqiqə süfrə başında olan qadınlar bir ağızdan dedilər ki, əşşi, yüz faiz hansısa kişinin hesabınadır (mədəni formada deyirəm). İkrah doğurur, iyrəndirir bu ifadə. Amma bu, özünü əxlaq mücəssəməsi bilən insanları zərrə qədər də diksindirmir. Onlar "yüz faiz" deyib təminat verdikləri faktdan əmin deyildilər, amma mən kadrarxasını bilmədiyim bu işlərin hansı beynin, hansı ürəyin, hansı zəhmətin bəhrəsini olduğunu çox yaxşı duya bilirdim. Həm də ağrıya-ağrıya duyurdum.
Düzdü, mən bu ölkədə, bu cəmiyyətdə qadın-kişi savaşının sona yetməsini istəyirəm. Amma bu ölkədə ən çox qadın qarşıdurmasının sonlanmasını istəyirəm. Bu ölkədə qadın qadının düşməni yox, dostu olsun, həmdərdi olsun. Bu ölkədə qadınları qeybət yox, gözəl ideyalar, dəyərlər birləşdirsin. Bu ölkədə qadınların özünütəsdiqi üçün o qədər gözəl şərait, hər addımlarında yanlarında olan ailələri, dostları və ən nəhayət, düşünən beyinləri, sevgiylə döyünən ürəkləri, heç bir qəfəsə sığmayan azad ruhları olsun ki, ömürlərini başqa qadınların qurşaqdan aşağısının müzakirəsi ilə keçirməsinlər. Onlar inansınlar ki, bir qadını uca edən kişi deyil, pul-para deyil, bahalı geyimlər, qızıl-brilliyant deyil, cəlbedici vücud deyil, onun düşüncəsidir, içindəki gücdür, əzmdir, ləyaqətdir, eşqdir.
Yerində olmağı dilədiyiniz qadınlardan da uca olmağınız diləyilə, əziz qadınlar! Sizi sevirəm, mənim və yüzlərlə Azərbaycan qadınının xoşbəxtliyi həm də sizin sağlam düşüncənizə, rahatlığınıza və xoşbəxtliyinizə bağlıdır. Özünüzü və qadın olmağı sevin, qadınlığa sayğı duyun. Məhz o vaxt biz cəmiyyətdə öz layiqli yerimizi tapa biləcəcəyik, əlimizə keçən daşı ilk fürsətdə bir qadına tuşlamaqla və atmaqla deyil. Sevgilər, sayğılar!
 
 
Bir 1 nəfər, ayaqda, çiçək və açıq hava şəkili ola bilər
 
 
 
 
Sevinc Fədai