BURA / ORA
Sevinc Elsevər - uşaqlarının övlad sahibi olmasını istəməyən ana Tarix : 03 İyul 2019, 12:26
Yazar : Qadinkimi.com

Sevinc Elsevər övladlarına ailə qurmamağı, oğul-uşaq sahibi olmamağı tövsiyə edir.

Şairə Sevinc Elsevər əksər azərbaycanlı analar kimi qızlarını gəlinlikdə, qırmızı duvaqda evindən bir quş kimi pərvazlanmasını, oğul-uşağa qarışmasını istəmir. "Mən etdim, siz etməyin", deyir.

Sevinc Elsevər BBC News Azərbaycancaya verdiyi müsahibəsində qadın azadlığı, məişət həyatının yaradıcılığı necə boğmasından, övlad sahibi olmağın valideyndə hansı qorxuları yaratdığından, yaşadığı cəmiyyətdə bu qorxuların necə qol-budaq atmasından danışır.

O, övladlarına ailə qurmamağı, oğul-uşaq sahibi olmamağı tövsiyə edir. "Tövsiyə edir " demək azdır, az qala hər gün bu fikri onların beyinlərinə yeritməyə çalışır.

Arzuladığı odur ki, qızları onun kimi mətbəxdə əsir olmasınlar, oğlu da əri kimi "çörək dərdinə düşməsin", onun kimi yazmadıqları şeirlərin, bəlkə də bəstələmədikləri musiqilərin, çəkmədikləri rəsmlərin, gəzmədikləri ölkələrin, xülasə yaşamadıqlarının əzabını, xiffətini çəkməsinlər.

Sadəcə yaşasınlar, həyatın dadını çıxarsınlar, sadəcə yaratsınlar, sevsinlər...

3 uşaq anasının arzusu

Sevinc Elsevər üç uşaq anasıdır. Azərbaycanda hələ də övlad sahibi olmadığı üçün boşanan, paramparça düşən ailələrin olduğunu, bəzən də ana-ata olmaq üçün sərvətindən, canından, əsəbindən keçənlərin olduğunu desək... Amma yox, onun öz arqumenti var.

"Dəqiq bilirəm qızlarım heç zaman evlənməyəcək, uşaq sahibi olmayacaqlar. Çünki çox çətin olduğunu dönə-dönə anladıram onlara. Təkcə oğlumun ayağı qırılandan bəri çəkdiyim əziyyətlərin əvəzini analığımın bu günə qədər verdiyi sevinclər ödəmir...
 

Sevinc Elsevər: "Tələdə yemdi analıq instinkti, təbiət siçan tələsində pendir kimi qoyub sevgini, analıq instinktini, ehtirasları".

...Tələdə yemdi analıq instinkti, təbiət siçan tələsində pendir kimi qoyub sevgini, analıq instinktini, ehtirasları.

Uşaqlarımın yaşamalarını istəyirəm: sözün əsl mənasında yaşamalarını, tarixə ad yazmalarını, həyatın dadını çıxarmalarını!"

"Adam Tanrıdan nəsə istəməyə də utanır ki..."

Övladlarına övlad sahibi olmamağı tövsiyə edən Sevincin özü uşaqlarından ötrü canından keçməyə hazırdır. Oğlu Rəşidin ayağı bir aydan çoxdur sınıb. Bu müddətdə bud hissəsindəki sınığın fəsadları, necə müalicə edilməsi haqda onlarla tibbi məqalə oxuyub, durmadan araşdırıb, müqayisələr aparıb.

"Sümüyün içində sarı maye olur - ilik. İlik bədənə sovrulur və qaraciyərdən keçəndə zəhərlənmə verə bilər. Bunu oxuyanda dəli oldum. Yaxşı ki bunu hadisədən 3-4 gün sonra oxumuşdum. Həmin saat oxusam şoka düşərdim ki, bizi niyə evə göndəriblər...

Hər dəfə onu müayinəyə aparanda təcili yardım maşını çağırırdım. Onlar haqlı olaraq aparmaq istəmirdilər. Xəstəyə ilkin, təcili yardım göstərməlidirlər. Yalvar-yaxar edirdim ki, kömək etsinlər. Bizə xərək lazım idi... Çox çətinliklər oldu. İndi axsayaraq yeriməsinə də "çox şükr" deyirik".

Rəşid barədə söhbətimiz təxminən 10-15 dəqiqə davam edir, narahatlığı, sualları bitmir. Amma yenə də təskinliyi özü tapır: "Bir dəfə şeirimdə yazmışdım ki, adam Tanrıdan nəsə istəməyə də utanır, səndən betər durumda olan var. Sənə kömək edəcəksə. o biri nə olsun? Həyat belədir, hər zaman betərin betəri var..."

 

Sevinc Elsevər həyat yoldaşı ilə
 

"Uşaqlar böyüdükcə işim daha da ağırlaşır"

Nəhayət gəlirik mətləb üstünə... İmkan olur yazmağa? 3 uşaq, ev, ailə... Bunlarla bir yerdə mümkündürmü?

"Uşaqlar körpə olanda daha çox vaxtım olurdu yazmağa", deyir. "Uşaq böyüdükcə problemlər də artır. Həmişə düşünürdüm ki, uşaqlar böyüyəcək, işim asanlaşacaq. Amma əksinə oldu. Mən iki böyük romanımı uşaqlar balaca olanda yazmışam.

"Donu qırmızı"dır, sonra uşaqlar üçün yazdığım başqa romanları da. Uşaqlar böyüdükcə işim daha da ağırlaşır, çətinləşir. Rayonda yaşayanda daha rahat idi. Bir ara rayonda yaşadıq: Şamaxı, Salyan, Lənkəran. Kənd mühitində yazı ab-havasına daha rahat girirdim.

Dörd ildi yenidən şəhərdəyəm. Şəhərdə o əhval-ruhiyyəni tuta bilmirəm".

"Cəmiyyətdən qorxuram, uşaqları buraxmaqdan qorxuram".

Onun qayğılarının sərhəddi yoxdur deyəsən. Uşaqları hər gün məktəbə Bakının Masazır qəsəbəsindən "Memar Əcəmi" metrosuna aparıb-gətirməlidir, onları hazırlıqlara, musiqi məktəbinə, rəsm dərnəyinə çatdırmalıdır. Hələ başqa qayğılar da var.

"Çox vaxtım gedir. İşləyən qadınların çoxu bunu edə bilmir. Mən bu səbəbdən işləmədim. Bir az da analıq instinkti məndə güclü çıxdı. Cəmiyyətdən qorxuram, həyatdan qorxuram, uşaqları buraxmaqdan qorxuram. Böyük qızımın 14 yaşı var. Amma oğlumun ayağı qırılana qədər onu özüm aparıb gətirirdim.

İndi hər gün o evə gəlib çıxana qədər... Elə bil kosmosa göndərmişəm. Ona görə deyirəm ki, uşaqlar balaca olanda xoşbəxt idim, onlar evdə idi, gözümün qabağındaydılar. Oğlumun başına gələn hadisədən sonra bir şeyi başa düşdüm ki, uşağı çox qorumaqdansa, ona daha çox özünü qorumağı öyrətmək lazım imiş".

Sevinc Elsevəri narahat edən məqamlardan biri də bax budur, uşaqlarına özünümüdafiəni öyrədə bilməməsi, sərbəstlik verə bilməməsi... Niyə öyrədə bilmir, niyə sərbəst buraxa bilmir?

"Uşaq özü- özünü qorumağı öyrənməliymiş"

"Uşaq özünü qoruya bilmədiyinə görə sinfin ortasında yıxılıb bu vəziyyətə düşmüşdü. Daim yıxılanda onu mən tutmuşam. Bəlkə də tutmamalıydım. Mən bir dəfə yanında olmadım, ayağı qırıldı. Buna görə özümü o qədər qınayıram ki... Daim qorumaqla da alınmır. Uşaq özü- özünü qorumağı öyrənməlidir. O mənada yanlış etmişəm".

Bəs indi necə, məntiq analıq instinktinə üstün gəlirmi? Özünü bu qədər qınadığına görə uşaqları sərbəst buraxa bilirmi? Deyəsən, yenə bacarmır. Səbəbini belə izah edir: "Bizdə vəziyyət də fərqlidir. Məsələn, mən çalışıram uşağımı məktəbdə qoruyum.


Sevinc Elsevər: "Mən övladlarına ailə qurmamağı, oğul-uşaq sahibi olmamağı məsləhət görürəm, deyirəm ki, sadəcə yaşayın, yaradın, sevin, həyatın dadını çıxarın".
 

Elina (162 saylı məktəbin şagirdi Elina Hacıyeva bu ilin aprelində intihar edib, onun məktəbdə müəllim və sinif yoldaşlarının təzyiqinə dözməyərək özünü öldürdüyü iddia olunur-red.) ilə bağlı baş verənləri görürsünüz. Bizim cəmiyyətdə valideyn uşağı tam sərbəst buraxa bilmir.

Sanki cəngəlliyə buraxırsan. Açığı, bu durumda uşaq mütləq arxasında valideynin dayağını hiss etməlidir. Deyirlər, bizdə niyə uşaqlar müstəqil deyil, niyə valideyn ölənə qədər uşağının üstündə dayanır. Vəziyyət belə gətirib. Mən bu gün də çox vaxt anama möhtac oluram, yoldaşım da ana-atasına.

Maddi cəhətdən asılılığı deyirəm. 50-60 yaşımıza çatırıq, hələ də sosial, iqtisadi azadlığımızı qazana bilmirik. Ona görə ölənə qədər ata-anamıza ehtiyacımız olur. Onların evində yaşayırıq. Özümüzə ev ala bilmirik. Düzənimiz belə qurulub.

Hər şey dəyişməlidir. Sosial şərtlər dəyişməlidir. Valideyn bilməlidir ki, o, uşağından əlini çəksə də, onun uşağının arxasında cəmiyyət var, dövlət var, o qorunacaq. Ancaq bizim valideyn onu hiss etmir deyə bütün instinktiv gücünü işə salır, övladına sarılır. Fikriləşir ki, bu dünyada onun məndən başqa heç kimi yoxdur".
 

"Valideyn qəfil ölə bilər"

Sevinc Elsevərin fikrincə, ona görə də azərbaycanlılar, ümumiyyətlə, şərqlilər ata-anasını itirəndə bu, onlardan ötrü faciəyə çevrilir. Yəqin bir avropalı bunu o qədər faciəvi qəbul etməz" deyə ehtimal edir. ""Məsələn, valideyn qəfil həyatdan gedə bilər, xəstələnə bilər, uşaqlar yenə müdafiəsiz qalmayacaqmı?

60 yaşında bir azərbaycanlı kişi anasını itirəndə belə travma alır, çünki o, anasından daim dəstək hiss edir, məsələn, onun pensiya kartına ehtiyacı olub, yaxud xəstələnəndə həkimə getməyə pul olmayanda anası onu bankalayıb.

Bizdə münasibətlər belə qurulub. Anamı götürüm, o mənim üçün vacib insandır, ona tez-tez ehtiyacım olur. Xəstələnib yatağa düşsəm, mənə baxacaq heç kim yoxdur. Xəstəxanada yatmağa və ya baxıcı tutmağa da imkanım yoxdur. Bilirəm ki, mənə anam baxacaq, anam da bilir ki, bunu ona mən edəcəm. Bizdə valideyn-övlad bir-birinə möhtacdır".


"Uşaq olanda beynimizə ana olmağı yeridiblər"

Yenidən onun "ana olmağa qaldırdığı üsyan" söhbətinə qayıdırıq. Sevinc Elsevər üçün doğub-törəmək instinktdi: "Bütün heyvanlar nəsillərinin tükənməməsi üçün artıb-törədiyi kimi, insan da o cür doğub çoxalır. Bizim missiyamız budur ki, insan nəsli tükənməsin. Çəkdiyimiz ağrı-acılar, verdiyimiz yaşam mücadiləsi ona görədir. Dərindən düşünəndə bu, adamı incidir. Təbiətin səni saldığı tələdir. Bu tələdən çıxmaq mümkün deyil.

Bizim cəmiyyətdə əvvəldən yanaşma fərqli olub. Məsələn, uşaqlıqdan mənə "ayaqyalın gəzmə, soyuqlayarsan, böyüyəndə uşağın olmaz" deyiblər. Yaş yerdə oturanda nənəm üstümə təpinib ki, dur ayağa, böyüyəndə ana ola bilməzsən.

Anam təpinib ki, küçədə oğlanlarla oynama, səni almazlar. Biz övladlarımızın beyninə gələcəyin anası olduğunu yerləşdiririk, proqramlaşdırırıq. Heç kim o qıza belə yanaşmır: "Sən gələcəyin alimisən, kosmonavtısan, həkimisən..."

Birinci növbədə aşılanır ki, sən ana olacaqsan, sən ismətini qorumalısan, sağlamlığını, bətnini qorumalısan. Hətta qızları ağır idman növləri ilə məşğul olmağa qoymurlar, birdən ana ola bilməz. Ana ola bilməmək bizdə faciədir.

Mənim iki xalam vardı, onların övladı olmadı. Bunu o qədər böyük faciə kimi təqdim edirdilər, evdə hər gün söhbətin mövzusu onlar idi, bütün duaların, arzuların başında xalalarımın ana olması gəlirdi. Bunları görə-görə böyüyən uşaq, əlbəttə, o cür proqramlaşır, istər-istəməz bu instinktlər, meyllər güclənir.
 

Sevinc Elsevər: "Sən xoşbəxtsən, deyilsən, cəmiyyət bunu sorğulamır, onun üçün xoşbəxt ailə portreti vacibdir".
 

Ona görə övladlarımla belə davranmıram. Ana olmayanda bunu faciə hesab etməməlidirlər. Bütün qadınlar ana olmalı deyil ki. Ailə quran kişinin də altşüurunda yerləşdirilib ki, daha gənc, ana olmaq şansı, potensialı daha çox olan qadınla evlənməlidir. Uşaqlarımızı bu cür böyütməməliyik".
 

"Ailən yoxdursa, kim olursan ol, səni uğursuz sayacaqlar"

Sevinc Elsevər deyir, uşaqlara aşılamaq lazımdır ki, özlərini inkişaf etdirsinlər, əhəmiyyətli insan olmağa çalışsınlar. "İkinci növbədə ailə gəlməlidir, yəni ailə olsa da olar, olmasa da.

Amma bizim cəmiyyətdə sən nə olursan ol, alim ol, böyük uğurlar qazan, zəka küpü ol, 15 kitab yaz, film çək, tamaşa qoy, əgər ailən yoxdursa, səni yenə uğursuz sayacaqlar. Sən xoşbəxtsən, deyilsən, cəmiyyət bunu sorğulamır, onun üçün xoşbəxt ailə portreti vacibdir.

Mən çox istərdim ki, uşaqlar bu cür proqramlaşdırılmasınlar. Özlərini inkişaf etdirsinlər, dövlətlərinə, ölkələrinə, dünyaya əhəmiyyətli işlər görmək üçün proqramlaşdırılsınlar. Öz üzərində işləməyən, uğursuz adam ailə həyatında neyləyə bilər ki?..

Mənə təzə paltar alınanda nənəm deyərdi ki, gün o gün olsun balama bəy evi paltar gətirsin. Bu da insanın altşüuruna yeriyir. Ona görə də 14-15 yaşında qızlar sevgiylə maraqlanırlar. Halbuki daha çox öyrənmək yanğısı ilə yaşamalıdırlar. Gənclik enerjisini öyrənməyə, oxumağa yönəltmək lazımdır.

Bunu öz uşaqlarımda alındırıram. Bu yöndə proqramlaşdırıram".

"Çətini onu aldadıb ana edənə, tələyə salana qədərdir"

Sevinc Elsevər sevginin qadını qula çevirdiyini düşünür: "Qadın ana oldusa, buna görə ona nə dövlət sağ ol deyir, nə də ailəsi. Çətini onu aldadıb ana edənə, tələyə salan qədərdir. Bundan sonra bütün problemlər, məsuliyyət onun çiynindədir. Və təkdir.

Ana olandan sonra bütün işlərim axsadı. Hər işi iki daşın arasında etməyə məcbur qaldım, bütün yük üstümə düşdü. Anam işləyib deyə həmişə onun əksiskliyini hiss etmişəm, həmişə nəyisə çatdırmayıb.

Qadına xüsusən də, işgüzar, öz sahəsində peşəkar olan qadına o qədər dəstək verilməlidir ki, elə məvacib almalıdır ki, təmizlikçi, dayə tutmağa imkanı olmalıdır. Amma Azərbaycanda qadın işləyirsə, həm həkim işləyir, həm təmizlikçi, həm də dayə.

Ancaq kişi öz işində işləyir. Nadir kişilər var ki, qadınla bərabər mətbəxə keçir, biri uşağın dərsini oxudanda, o biri ikinci uşağı çimizdirir".
 

"Mən insanam"

Ədəbiyyata "Sevinc Pərvanə" imzası ilə gələn müsahibimiz deyir ki,onun əvvəllər daha "üsyankar yazdığını", indi isə "sakitləşdiyini" düşünürlər, amma o yenə də elə həmin şairdir. Yaza bilmədikləri də "üsyankarlığını itirdi deyə yox", məişət qayğılarının əlində çar-naçar qalıb deyə yazılmır:

"Baxırsan ki, sənin həvəsin nə idi, sən hara getmək istəyirdin və hardasan... O yola baxanda adamın ürəyi partlayır. Əlbəttə, çox çətindir. Sənin çatmaq istədiyin mənzil başı, getmək istədiyin yol hardadır, sənin durduğun yer harda...

Baxırsan, gözəyarı ölçürsən, fikirləşirsən ki, başqa cür də ola bilərdi. Hətta onu da düşünürsən ki, bəlkə heç vaxt ora çatmadım. Yarı yolda qaldım... Mən övladlarımla söhbətdə də deyirəm ki, yaradıcı sahəni seçəcəksinizsə bunun bədəlləri var.

Baxıram yaradıcılığa meylləri var. Qızım həkim olmağa hazırlaşır. Ona deyirəm həvəsin nədir, içindəkini de. Cavab verir ki, ancaq piano çalanda o həvəsi duyuram. Mahnı bəstələyir. Ancaq bəstəkar olmaqdan, o yolu seçməkdən qorxur.

Konkret mənim yaşadıqlarıma görə, yaradıcı qadının vəziyyətini gördüyü üçün istəmir. Bizdə yaradıcı qadın, kişi eyni çətinlikləri yaşayır".

Bəzən cəmiyyətin fərdi kimi düşünməməyə çalışıram, özümü ayı, pişik, at və ya quş kimi hiss edəndə daha xoşbəxt görürəm. Mövcudam, sadəcə mövcudam o anda. Mövcudluğuma şükür! Bəlkə də belə düşüncələrə dalmamalıyıq:

"Mən insanam". İnsan haqda yaratdığımız mif bizi eqoistləşdirir. Bəlkə də "Biz insanıq, belə yaşamamalıyıq, elə yaşamalıyıq, bunu əldə etməliyik" kimi düşüncələr bizi paramparça edir.

Ucqar dağlarda yaşayan uzunömürlü xalalar, dayılar belə yaşayırlar, sadəcə canlı varlıq olaraq özlərini xoşbəxt hiss edirlər. Bizim cəmiyyətdə başqa necə xoşbəxt olmaq olar?.."


Mənbə: bbc.com
Qadinkimi.com