FEMİNİZM
Qadınların əbədi borcu? Tarix : 23 Noyabr 2022, 14:15
Yazar : Qadinkimi.com

Qadınlar həmişə kişilərin xoşuna gəlməyə çalışıblar.  «Yaxşı görünüm, dadlı bişirim, seksi olum, kirpik qoyum, ətirlənim, saçımı rəngləyim, başımda ağac düzəltdirim və s.»


Nədən? 
 
Evliliklə bağlı bütün məsləhətlər qadınlara ünvanlıdı: Ərinə yaxşı bax, yeməyini hazır qoy, çayını vaxtında dəmlə, paltarlarını yu, ütülə, "lazım gəlsə”  tuman-maykasını bağrının başında saxla, öpüb gözünün üstünə qoy və s. 

Hər şeyi anlamaq olar. Bir qadının ömrü boyu bir başqasının alt paltarını yumağa məhkumluğunu anlamaq çətindi. Bunu borc kimi qadına yükləyiblər. Ərinin tumanını yumaq borcu var hər qadının, oğlunun da. Niyə?! Biri bu suala bir ağıllı cavab yazsın, saytımız adından ona hədiyyə verək. 
Bir an əksini təsəvvür edin. Hər kişi öz qadınının alt paltarını yumağa borcludu deyək. Necə oldu? 

Qəribə hissdi, yox? Ağılasığmazdı. Kim müəyyənləşdirib bu rolları? Yeri gəlmişkən, bu suala da məntiqli cavab yazana hədiyyə təqdim edəcəyik.  
"Kişilər mədəsi ilə sevirmiş. Qarnını tox saxla, vəssalam, əsas qarındı”.  Qadınlara "müdriklərin” verdiyi ən ümdə məsləhətdi. Qadın bir anlıq fikrə gedib düşünməyib, elə eşidib, əməl etməyə çalışıb.  Adam bir qorxar. Belə bir qarınqulu sənin nəyinə lazımdı? Qarınla məsələ həll olunsaydı, ölkədə yekəqarın məmurların bir faydalı işini görərdik. Qarınla olmur, əksinə. Gördüz bir aclıq aksiyası ilə insanlar nələr edir. 
Məsələni siyasiləşdirmədən davam edək. 

Bahoo... Necə ola bilər, bir varlığın sevgiyə bağlı bütün məsələləri qarın və onun ətrafında cəmləşsin. Beldən azca yuxarı, beldən azca aşağı və iş tamamdır. Sevgi hazırdı!  
Belə sevgi olar? Olmaz. Ona görə də olmur. Ona görə də ailələr problem içindədi. Anlaşa bilmirlər, illər boyu birgə yaşayırlar, amma yaxınlıq, dostluq yoxdu. Hər kəs digərindən nəyisə gizlədir. Ərlə-arvadın bir gizlin həyatı var, hər ikisi bir-birindən xəbərsiz işlər çevirir.  Tuman, qarın və mexaniki sekslə ruhsal birgəlik olmur.  Birgəlik olur olmasına - birgə yaşayış deyək, amma iç birgəliyi əsla. 
Bütün məsləhətlər qadının kişini əlində saxlamasına hesablıdı. Kimisə əldə saxlamağa çalışmaq mənasızdı. Gedən gedir.  Fiziki gediş olmasa da, ruhən mütləq gedir. Bəlkə nəyinsə xətrinə məcburən qalır, qalması üçün səbəbləri olur, amma bu səbəblərin heç birində onunla - əri, arvadı ilə qalmaq istəyi olmur.  

Bütün məsləhətlər yanlışdı. Məsləhət məsləhətdirsə, kişilərə də aiddi.  Önəmli məsələ: Qarşındakı insanın xarakterini nəzərə almaq. Fərqi yoxdu kişi, ya qadın -  münasibətə yalnız öz xarakterinlə öküz kimi dürtülsən, alınmayacaq. Öz-özünlə sevgili deyilsən, başqasıyla sevgilisən - ona görə.  Münasibət ikili hadisədi. Bu səbəbdən qarşındakını nəzərə almağa borclusan.  

Amması var! Amma odur ki, bu, heç də bütün həyatını, davranışını, düşüncə və istəklərini ona hesablamalısan deyil. Xeyr. Özəlliyini itirən adam heç kimə maraqlı gəlmir.  Sevgiliyə niyə maraqlı olsun?   

"Nəzərə al” deyəndə çox böyük mətləblərdən danışmırıq. Məsələn, sevdiyin kəs kitab oxumaqdan zövq alır,  sən isə kitabla maraqlanmırsan,  ömründə bircə dəfə ona kitab hədiyyə etməmisən, - ondan sənə bağlanmasını gözləmə. Onun üçün ən dəyərli şeylərdən biri sənin üçün ən dəyərsiz şeylərdən biridirsə, sizin ruhsal bağınız yaranmayacaq. Bu, qadına da, kişiyə də keçərlidi. İstəyirsən gözəl pencək geyin, istəyirsən fitnesdən çıxma, ən seksi ətirləri vur, ən dadlı yeməkləri bişir, ən gözəl gül dəstələrini al, xeyri yoxdu. Məsələnin "özəlliyini saxlamaq”  tərəfi isə belədi: Özün oxumağı sevməyə bilərsən, oxuma, ancaq nəzərə al ki, onun yanında "əşşi, kitabı boş ver” tipli cümlələr qurmaq böyük, yumşaq desək, səhvdi. Bu düsturu münasibətində başqa məsələlərə də aid edə bilərsən.

Kimsənin kimsə qarşısında borcu yoxdu. Amma öhdəliyi var. İnsan cəmiyyətində yaşayırıq, başqaları ilə zəncirvari ünsiyyətimiz var. Hər kəs öz - özünü  öhdəliyinə hazırlamaq gücündədi. İdman kimi bir şeydi. Məşq edirsən, proqram qurursan, alınır. Amma və lakin bu öhdəliyin içində kiminsə alt paltarını əbədiyyən yumaq, kiminsə qarnını əbədiyyən doyurmaq şərti yoxdu. Çünki otuz il keçəcək və sən qazan qırağında yeməyi qarışdıra-qarışdıra  bütün həyatını göz önünə gətirib əzab içində qıvrılacaqsan.    
 
Hazırladı: qadinkimi.com