Dünyanı gözəllik yox, sevgi xilas edəcək…
Sevgi özü gözəlliklər yaratmağa sövq edən bir duyğudu.
Acı tərəfləri də var, şirin məqamları da. Tam bir həyat tablosu yaradır SEVGİ. Xoş sözlər deməyə xəsislik etməsək, yaxşı tərəfləri görə bilməsək, dünya tam bir əzab məngənəsinə çevrilər.
Cavankən qocalır insan gözəllikləri görməyəndə. Məni bəlkə də çoxları qınayacaq. Amma tam səmimiyyətimlə deyirəm. Mən çox istedadlı olub hər şeydən, hər kəsdən küsüb özünü məhv edən insanlara heç bir haqq qazandıra bilmirəm. Çünki ürəklərində olan sevgini öldürən, yaşamağı bacarmayanlardı onlar. Sevgi ölərsə, çılızlaşar insan. Çox vaxt eşidirik "Yazıq çox istedadlıdı, amma dəyər verən yoxdur. Yazıq məhv olub gedir.”
Kimdən dəyər gözləyirik biz, niyə kiminsə bizə acımasını, yazığı gəlməyini istəyirik? Niyə?
Əgər istedadlısansa, artıq seçilmişlərdənsən. Daha nə lazımdı sənə? Yaşa, yarat, gözəllikləri vəsf elə. Heç kim sənə heç nə eləməyə borclu deyil, bunu əsla unutma.
Çoxdandı məni narahat edən bir mövzu var. Həmişə düşünürdüm ki, bunu mütləq qələmə alacam; o gün bu günmüş. Bəlkə də bu yazıqlanmaq bizə sırınmş bir fikirdən irəli gəlir. Televiziyada, radioda, qəzetlərdə mütləq hər birimizin qarşısına çıxıb belə verilişlər, yazılar. İllərin sənətkarıdı, ya rəhmətə gedib, ya sağdı. Ya özü danışır, ya da kimsə onun üçün mərhəmət dilənir. Filan sənətkar ömrünü xalqa həsr edib, xalqa xidmət edib, canını qoyub, amma dəyər verən yoxdu. Əzizlərim, bunu sənətkar haqqında demək çox ayıbdı. Bunu Vətən, üçün, millət üçün, onun azadlığı yolunda canını fəda etmiş şəxsiyyətlər üçün deyərlər. Bunu illərlə, səhnədə, toylarda oxuyub pul qazanıb çoxlarından firavan yaşayan müğənni, aktyor üçün deməzlər. Niyə xalqın boynuna bu minnəti qoyursunuz? Axı sizin belə firavan yaşamağınıza səbəb tədbirlərində, şənliklərində iştirak etdiyiniz xalq deyilmi?
Əslində, bunu yazmaq belə məni narahat edir. Biz niyə beləyik? Biz niyə xalqdan, dövlətdən hər zaman nəsə umuruq?
Təbii, yaxşı yaşamaq hamının haqqıdır. Hər kəs bunun üçün çalışır. Xoşbəxtlik var-dövlətdə deyil, əzizlərim. 3 evi ola-ola dövlətdən yenə ev almaq üçün müraciət edən, sənətkarlarımız. Axı sizinlə çiyin-çiyinə çalışan gənclərin çoxu kirayədə yaşayır. Bəlkə bir az kənara çəkilib yolu onlara verəsiniz?
Əgər dövlət belə bir şərait yaradırsa, mən də buna sevinirəm. Acınacaqlısı odur ki, dəfələrlə bu jestlərdən yararlanan şəxsləri nə vaxt görsən, yenə də hər şeydən narazıdılar, hər şeydən şikayət edirlər. Söz yox, xalqın sənətkarı göz qarşısında olur. O, yaxşı yaşamalıdı. Lütən, gənclərə gözəl örnək verin, bu qədər şikayətlənib onların da həyat sevgisini öldürməyin. Onları da düşünün. İnsan daim umduqca cılızlaşır.
Çılızlaşmayaq, əzizlərim. Xoşbəxt olmaq üçün sevməyi öyrənək. Əgər sevməyi öyrənsək, ətrafımızdakılara xoş sözlər desək, bir- birimizi ruhlandırsaq, daha çox yaratmağa, yaşamağa həvəs yaranar hər birimizdə.
Özünü yazıq kimi qələmə verənlərə, qiymətlərini almadıqlarından şikayət edənlərə acımayın, acımayın ki, ayağa qalxsınlar. Bunun mənasız olduğunu anlasınlar. Həyatın mübarizə olduğunu anlasınlar.
Mən acizlikdən içkiyə qurşanıb həyatlarını məhv edən bir çox sənətkarın adını çəkə bilərəm, amma çəkmirəm. Çünki mənim kimi siz də onları tanıyırsınız. Onlara acımıram, haqq qazandırmıram. Dünyada bu qədər gözəlliklər varkən, insan niyə həyatını məhv etsin? Bir insana xoş söz demək, bir körpənin üzünü güldürmək, bir yaşlı xanımın əlindəki zənbili alıb ona kömək etmək, bir tanışının uğuruna sevinib onu təbrik etmək, bir sənət əsərinə baxıb sevinmək, bir filmə baxıb kədərlənib ağlamaq, çoxdan zəng etmədiyin bir dostuna zəng edib kefini xəbər alıb onun üçün darıxdığını demək, hər şeyin daha gözəl ola biləcəyinə inanmaq – bütün bunlar insanda yaşamaq həvəsini artırır. Nə olsun ki, bu gün istədiyin 500 manatlıq çantanı ala bilmirsən, nolsun ki, dostunla, rəfiqənlə ən bahalı restoranda yox, adi yerdə oturursan, bu nəyi dəyişir ki? İnanın ki, heç nəyi.
Sadəcə, gözəllikləri görün və ətrafınızda olanları sevin. İnanın, o zaman çantanın qiyməti, restoranın səviyyəsi sizin üçün heç bir önəm daşımayacaq. Sevgidən qorxanlar, sevməkdən qorxanlar bu dünyada ən aciz, yazıq insanlardı.
Aciz olmayaq, qorxaq olmayaq. Həyat o qədər də uzun deyil. Dünən birlikdə deyib güldüyümüz birinin bu gün həyatda olmadığını eşidirik. Sonra kaş ki, ona daha çox vaxt ayırardım, kaş ki, ona daha çox xoş söz deyərdim deyə peşman oluruq.
Sevginizi hər gün bildirin, sevgi var-dövlətə baxmır. Sevgini heç maddiyatla qazanmaq olmur. Sevin həyatı, sevin insanları, özünüzü sevin.
BU DÜNYANI SEVGİ XİLAS EDƏCƏK, ƏZİZLƏRİM.
Flora Hüseynova
qadinkimi.com