SEVGİ
Şərab rəngli sevgi - Şəhriyar Məhərrəmov yazır Tarix : 31 Yanvar 2019, 00:38
Qohum - qonşu sizə evlilik üçün oğlan təklif edəndə və ya qəflətən sizə namizəd olan bir ağ atlı oğlan peyda olanda, həmin qəhrəmanı tərifləmək üçün bir məşhur cümlə eşidirsiniz: "Ağıllı oğlandır, içmir, çəkmir".

Sizə tam səmimi deyəcəm, mən də siqaret çəkməyə qarşıyam, cünkü bu zəhərli tüstü həqiqətən sağlamlığa çox ziyanlıdır və əlavə olaraq pis qoxusu da var. 

Amma içməyən adamdan uzaq olun. 

Birincisi, həyat o qədər mürəkkəbdir ki, insan çox şey görür, yaşayır, bunun pis günü var, xoş günü var, əsəbi var, stressi var, həyəcanı var və s... Bir insan ayıq başla bir ömür boyu bütün bunları necə yaşaya bilər? Buna baş dözər? Düşünən, dərk edən beyin bu qədər arsız və laqeyd ola bilməz.

İkinci səbəb isə şəxsi münasibətlərdir.

Bilirsiniz dostlar, sevgi də, ehtiras da bir vaxta qədər həyəcanlı və arzulanan olur. Sonra adiləşir və ailə standartlarına və normativlərinə, adətə, ənənəyə xidmət edən münasibətə çevrilir. Bir sözlə sevgi ailə qurduqdan bir müddət sonra "məişətləşir" 
Məişətləşən münasibətdə isə əvvəlki kimi romantik ab - hava filan qalmır. 

Cütlüklərdən biri və ya hər ikisi sərxoş olarsa, bu monotonluq, eynilik pozulur. 
Qırmızı şərab əhval rühiyyəni xoş edir, seks istəyini artırır. 
Bir kişinin evində mütləq içki barı və ya şkafında, servantın gözündə içkiləri olmalı.

İçki bir mədəniyyətdir - əyyaşlıq yox, içki... davranışdır, estetik zövqdür, istirahətdir, qarşındakı insana, qonağa və.s hörmətdir, ehtiramdır, sevgidir.
Əksər sevgi şeirlərində, filmlərdə, mahnılarda şərab təsvir olunur.
Sizcə niyə?

Siz əgər bir axşam həyat yoldaşınızla və ya sevgilinizlə hər hansı restoranda şam yeməyi yeyirsinizsə, həzin bir musiqi dinləyirsinizsə, masanızın üzərində yüngül bir spirtli içki yoxdursa, o ortamda bir boşluq var, natamamlıq var. Bəzən darıxacaqsınız, ora-bura boylanacaqsınız, maraqlı nəsə axtaracaqsınız. Sifariş verdiyiniz yeməyi yedikdən sonra yenə eyni, gündəlik qayğılar və duyğularla evə qayıdacaqsınız. 

Həyat yoldaşınız sizin doğum gününüzü və ya evlilik gününüzün neçə illiyinisə qeyd edən zaman sağlığınıza (şərəfinizə) bir badə qaldırarsa, bu sizə xoş əhval, ovqat bəxş etməzmi?
Hələ o masada əlavə insanlar da olsa, şərəfinizə qaldırılan badə sizi xoşbəxt edər.
Ola bilər ki, həyat yoldaşınız mühafizəkardı.
Siz cəhd edin.
Onun hər hansı bir xoş günündə sürpriz edin.
Xüsusi olaraq aldığınız şərabı və ya hansısa içkini onun şərəfinə masaya gətirin, açın. 
Əzizim "səni sevirəm, nə yaxşı ki, varsan" deyib badə qaldırın.
İlk baxışdan bəlkə də əsəbi görünəcək, sizin bu gözlənilməz addımınıza təəccüblənib sərt reaksiya verəcək. 
Amma bu onun ürəyincə olacaq.
Şərabsız ortam bozdur.
Həyatınıza rəng qatın - şərab rəngi...
 
 
müəllif: Şəhriyar Məhərrəmov 
qadinkimi.com