YAZI / DÜŞÜNCƏ, UŞAQ / BÖYÜK
Sən ona həyatı sevdir, yaşamağın yolunu özü tapacaq Tarix : 26 Dekabr 2022, 00:16

(Çox oğlan özünü burada görəcək, çooox )

...Hamısının rəngi eynidir... Ağını da, qarasını da elə bil ilan qovub, qaralmış, boğulmuş... Özlərini saymaz, qorxusuz, bağımsız göstərməyə çalışırlar. Yalanları və etirazları da oxşardır... Sözlərində fərq olsa da, səs tonları təkrardı. Cümlələri qırıq-qırıq, məntiqsizdir. Özlərini qorumağa çalışanda eşidib-bildikləri ifadələrin hamısından çox pinticəsinə istifadə edilər. Məntiqsiz, dolaşıq cümlələr... Söhbətin sonunda səhv olduqları sübuta yetəndə aldıqları görkəm ürək dağlayır. Onların gəncəcik qürurunun sınması,”Siz deyən olsun” deyib könülsüz üzr istəmələri elə ağrılıdır ki...

Təklikdə söhbət edirik;

-Niyə özünü bu vəziyyətə salırsan?

-Başa düşmədim... Nə vəziyyətə?

-Yenə tonla danışırsan...

-Bağışlayın...

-Bizim söhbətimizin cəzanın yüngülləşməsinə heç bir köməyi olmayacaq. Sadəcə səmimi bir söhbət edəcəyik və bu söhbəti kimsə bilməyəcək... Yalan yox. Danışdıq?

-Olsun...

-Sən əvvəllər yaxşı oxuyurdun.

-Hə... Anamı sevindirmək üçün ...

-Özün sevinmirdin yaxşı oxuduğun üçün ?

-Sevinirdim. Ən çox anamın sevinəcəyini düşünüb sevinirdim.

-Niyə axı?

-Anamı çox istəyirdim...

-Hamı anasını çox istəyir, yaxşı oxuyan da, yaxşı oxumayan da, heç oxumayan da...

-Anam yaxşı oxuduğuma görə forslanırdı başqa valideynlərin yanında, qohum-əqrabanın, rəfiqələrinin yanında...

-Forslanırdı yox, fəxr edirdi...

-Yox, elə forslanırdı... Yaxşı qiymət almayanda, ”niyə belə oldu?” - deyə soruşmurdu, ”boyuvu yerə soxum, camaatın üzünə necə baxacam?” deyirdi.

-Bundan camaata nə?

-Nə bilim... Hər dəfə kitaba baxanda anamın o sözləri düşürdü yadıma, sonra qorxunc sifəti... oxuya bilmirdim... Nə bilim eee.. Qorxaq böyümək pis şeydir... İstəmirdim dostlarım qorxduğumu bilsinlər... ona görə də keçdim şuluq salmağa... özümü güclü göstərmək istəyirdim...

-Şuluq salanda anandan qorxmurdun?

-Qorxurdum, amma bunu təkcə o bilirdi... Xahiş eləmişdim ki, məni evdə cəzalandırsın...

-Axı niyə şuluq salırdın ki?

-Dedim axı, uşaqlar qorxaq uşaqları sevmirlər... Qorxduğumu bilsələr, çox şeyə burunlarını soxacaqdılar.


-Sonra başladım yalan danışmağa... ”Ana, evdə danışarıq” deyirdim... Ona da sərf eləyirdi, özünü mədəni bir adam kimi göstərirdi hamıya, amma məni evdə mal balası kimi çırpırdı (gülür).

-Bəs məktəbdə səni döysələr nə edirdi?

-Qan salardı... (Gülür) Ona görə istəyirdim məni elə məktəbdə kimsə döysün, anam da məni müdafiə eləsin. Xoşuma gəlirdi (gülür). Ona görə həmişə böyük uşaqlara və müəllimlərə sataşırdım...

-Onlar da səni döyürdülər?

-Məllimlər yox, uşaqlar hə.

-Sonra nə olurdu?

Gülür:

-Anam mədəni qadın kimi hamını dinləyir, sonra da gedib evdə məni çırpır.

-Atan yoxdur?

Gülüşü qəfil kəsilir... Susur... Rəngi boğulur, Qaralır, sonra qızarır... Sonra bütün rənglər solur... Gözlərinin altı çökür... Yumruqları düyünlənir, dodaqları səyriyir... Nəsə pıçıldayır, eşitmirəm. Çünki mən də sualıma görə pərt olmuşam. Qulaqlarım güyüldəyir. Öz səsimi özüm eşitmirəm, amma elə bilirəm ki, bu kəlmələr çıxır ağzımdan:

-Bağışla, bilmədim...

-Eybi yoxdur... Bilirsiniz anamın məndən nə vaxtdan lap çox zəhləsi getməyə başladı? Bir dəfə balaca olanda dostum bizdəydi. Anam da öz dostuyla gəldi evə. Sərxoş idilər... Dostum da onları gördü. Mən çox pərt olmuşdum. Dostumdan soruşdum ki, görəsən, anamı öldürsəm, məni tutarlar? Əslində, dostumu qorxutmaq üçün demişdim bunu. Hər necə olsa da, anamı çox sevirdim. Dostum, doğrudan da qorxmuşdu. Qaçıb anasına demişdi. Anası da müəllimə... Aləm qarışmışdı...

Dəhşətə gəlirəm. Susuram...

Havadan-sudan danışmaq istəyirəm, təsəlli verir:

-Nə gözəl danışırdıq. Ay məllim, mən onsuz da şəxsiyyətsiz adamam, nə istəyirsiniz soruşun... İstəyirsiniz anamın məni "atalarımın" yanında necə alçaltdığından danışım... (Gülür... Gülürmü? Gülüşdümü bu?) Öyrəşmişəm...

-Bəsdi...

 

Psixoterapevt: Övladımın xoşbəxtliyi üçün edirəm deyib uşaqları bədbəxt edirlər... - VİDEO

 

 

-Siz qulaq asmağa dözmürsünüz... Mən yaşamağa dözürəm... Ona görə deyirəm də, şəxsiyyətsizəm... Yaxşı oxusaydım, bu cəhənnəmdən qurtulub rədd olub gedərdim xaricə..

Ağlayıram. Kömək edin mənə, mən söz tapa bilmirəm... Bu yalan danışan, oğurluq edən, gündə bir uşaqla dalaşan, boş yerə olay çıxaran, adamların əsəbi ilə oynayan, dərsi pozan, azyaşlı qızlara eşq məktubu yazıb onların beynini qarışdıran, sosial şəbəkələrdə, çöldə-bayırda uşaqlara bulinq yapan "yaramazın” içindəki çəhənnəmə düşmüşəm. Diqqətlə mənə baxır, sonra qaçıb gedir. Çöldən səs gəlir: nəyisə salıb sındırdı, harasa təpik vurdu. Müəllimlər "harayıma” gəlir:

-O adamdı onunla söhbət edirsiniz? Bir dələduzdan, tərbiyəsizin balasından ötrü özünüzü həlak eləməyin...

Dilimi udmuşam... Danışa bilmirəm... Sözlər də yoxdu ki, onlardan tutub bu cəhənnəmdən çıxam...

Yandım, ALLAH...

 

 

 

 


Xatirə Rəhimbəyli
 
qadinkimi.com