HÜQUQLARIMIZ
Məktəbli Ayandan irqçilik haqda yazı: O şəkil yaddaşımda iz qoydu Tarix : 30 Aprel 2022, 18:54

İrqçilik - irqinə görə insanın fərqli xüsusiyyət və qabiliyyətləri olduğunu idda edən bir inancdır. Əsrlər boyu irqi təəssübkeşlik köləliyə, milyonlarla günahsız insanların öldürülməsinə, xalqların və millətlərin qətliamına səbəb olub.


Çox təəssüflər olsun ki, bu gün də dünyada irqi ayrı-seçkiliyin qurbanları var. Corc Floyd, Breonna Taylor və Əhməd Arberinin taleyi irqi ədalətə ehtiyacı yenidən gündəmə gətirib. ABŞ-da 2020-ci ilin may ayında, 46 yaşlı qaradərili Corc Floyd ağdərili polis məmuru tərəfindən qətlə yetirildi. Polis məmuru Floydun fəryad edib rəhm diləməsinə və göz yaşlarına əhəmiyyət verməyib boğazını doqquz dəqiqə ərzində dizi altında saxladı.


Bu ürəkağrıdan qətl ABŞ-da etirazlara səbəb oldu. Gələcək nəsillərin düşüncə tərzini dəyişmək üçün illər, hətta onilliklər lazımdır.  


Bunu necə etmək olar?



Öz tərcübəmi sizinlə bölüşmək istərdim.

Uşaqlığımda valideynlərim məni bazar günləri "uşaq dərslərinə” aparırdı. Dərslərin məqsədi uşaqların öz həmyaşıdları ilə ünsiyyət qurmasına imkan yaratmaq, həm də onlara xeyirxahlıq, ədalət ve mərhəmət kimi mənəvi keyfiyyətlərə yiyələnməyi öyrətmək idi. 



Dərslər bir neçə hissədən ibarət idi: əvvəlcə müəllim bizə bir ibrətamiz hekayə oxuyurdu və biz onu müzakirə edirdik. Sonra qrup şəklində əməkdaşlığı inkişaf etdirən oyunlar oynayırdıq. Son hissədə rəsmlər idi. Belə baxanda burada qeyri-adi bir şey yoxdur, elə deyilmi?



Bir gün müəllim böyük vərəqdə dairə çəkdi. Bu, Yer kürəsi idi. Sonra onun təklifi ilə biz dairənin ətrafında əl-ələ tutan insanlar çəkdik. Onlar müxtəlif irqlərə və millətlərə mənsub insanların birliyini simvolizə edirdi.



Bu şəkil mənim yaddaşımda əbədi həkk olundu. "Uşaq dərsləri”ndəki məşğələlər mənim və yaşıdlarımın düşüncəsində dərin iz qoydu. 



Bəli, hər kəs fərqlidir. Lakin adi bir şəkil bizdə belə bir düşüncə yaratdı ki, kim olmağımızdan, dəri rəngimizdən və etnik mənsubiyyətimizdən asılı olmayaraq, bir ortaq cəhətimiz var: biz insanıq.



Necə ki, bir yazıda deyilir: "Dünya bir Vətəndir, bütün insanlar onun vətəndaşıdır”.

 

 

Muradzadə Ayan Bakı –Avropa  liseyinin

10-cu sinif şagirdi

Qadinkimi üçün