1991-ci ildə 16 yaşında olarkən valideynlərindən icazəsiz Qarabağ cəbhəsinə gedən Sevil Abbasova Ağdam cəbhəsində tank sürücü-mexaniki kimi xidmət göstərir. Ballıqayada döyüş zamanı idarə etdiyi T-72 tankının komandiri ermənilər tərəfindən snayperlə vurulduqdan sonra Sevil xanım tankı tək idarə edərək erməni mühasirəsində qalan döyüşçülərimizə köməyə gedərək düşməni məhv edir.
Həmin döyüşdə Sevilin tankı minaya düşür və o, yanıq xəsarəti alır. Sarıcalı hospitalında müalicə aldıqdan sonra üzü yanıq, bədəni yaralı ola-ola yenidən döyüşə qayıdaraq kəşfiyyat bölüyündə xidmətə başlayır.
Qazançı ətrafında gedən döyüşlərdə erməni tərəfdə qalan əsgərlərimizi xilas etmək üçün köməyə gedərkən ikinci dəfə minaya düşərək yaralanır. Yenə tam sağalmamış, üçuncü dəfə döyüşə qayıdır.
Bu dəfə də Şahbulaq istiqamətində gedən döyüşlərdə ermənilərə divan tutan Sevil xanımı snayperlə vururlar.
"Sarışın" ləqəbli bu qəhrəman xanımı Milli Məclisə dəvət edirlər. Mili Məclisdə məsləhət olunur ki, Sevil xanım "Naxçıvanski"yə hərbi təhsil almağa göndərilsin. Sevil xanım Naxçıvanskidə hərbi təhsilini bitirdikdən sonra Türkiyə-Ankaraya hərbi təhsilini davam etdirməyə göndərilir. Amma səhətində olan problemlərə görə Türkiyədə təhsil almaqdan imtina edir.
1991-1995-ci illərdə ordu sıralarında qüsursuz xidmət edən Sevil Abbasova 2014-cü ildə avtomobil qəzasında vəfat edib.
qadinkimi.com