QADIN / KİŞİ
Sanki sözü bir yerə qoyub qadınların qəsdinə dayanıblar - Şəhriyar del Gerani Tarix : 10 Avqust 2022, 23:31

Peşmansan Azərbaycan saytlarına baxasan, qaramat çökür üstünə, gün ərzində arına bilmirsən, zəhər olur əhvalın.


"Qardaş bacısını küçənin ortasında baltaladı”


"Ər arvadını 27 bıçaq zərbəsiylə qətlə yetirdi”


"Ata qızını pəncərədən tulladı”


Bunlar görünən, tamatam aşikar cinayətlərdir. Bir də var dolayısıyla olanlar:


"Ana iki qızı ilə birlikdə özünü binadan atdı”


"İki günün gəlini özünü yandırdı”


"Nənə özünü, qızını və qız nəvəsini zəhərləyib öldürdü”


Bir də var tale işi, qədər:


"İki bacı dənizdə batdı”


"Yolu keçən qadını Kamaz vurdu”


"Dörd tələbə qız dəm qazının qurbanı oldu”


Kənardan baxanda vahiməli, lənətlənmiş ada kimi görünür məmləkət. Sanki qocalı-cavanlı, ağbirçəkli-araxçınlı hamı sözü bir yerə qoyub qadınların qəsdinə dayanıb. Bir yandan da qəzavü qədər. Dinin saxta təqdimatından yaranan mövhumat, amansız, tünd qara, ağır mentalitet, başıpozuq, cürbəcür narkotik maddələrlə zəhərləndirilmiş kitabsız cəmiyyətin cəhaləti və s. Həqiqətən də, coğrafiya taledir. Bu, belədir. Soruşursan, "Bəs çıxış yolu hardadı?” Bilmirəm. Hər vəziyyətdən çıxış yolu axtarmaq da bir növ səfehlikdi. Barışmaq lazım. Yel dəyirmanlarıyla savaşmaqda fayda yox. Hərdənbir Sançoya da qulaq asmaq lazımdı…


Şəhriyar del Gerani

qadinkimi.com