QADIN / KİŞİ
Şahnaz Şahin "Boşanma-səbəb və bəhanələr"dən yazır Tarix : 28 May 2021, 14:16

Ailə nədir? Ailə mənşəcə ərəb sözü olub, tərcüməsi dayanmaqdır. O, insanlar arasında qurulan münasibətlərin ən qədimi və unikal bir formasıdır. Bəşəriyyətin ailə bünövrəsinin ilk daşını Adəmlə Həvva qoymuşdur desəm yanılmaram yəqin ki. Ailə ən azı iki nəfərin arasında qurulan izdivac olsa da, onun yaşaması, var olması üçün bütün cəmiyyət məsuliyyət daşıyır. Ailəni kiçik dövlət də adlandırırlar, bu baxımdan ailə sağlam cəmiyyətin və güclü dövlətin təməli sayılır.

  

Ailə bağları ilə yeni qohumluq əlaqələri meydana gəlir. Bəzən əvvəllər heç bir-birini tanımayan şəxslər, bəzən yaxın və uzaq qohumluq əlaqələri olan iki insan ailə qurmağa qərar verir. Ailənin digər münasibətlərdən fərqi ondan ibarətdir ki, insanlar ömürlərinin çox hissəsini birgə yaşamağa qərar verirlər. Azərbaycan özünün ailə modelinə görə fərqlənir, insanlar ömürlərinin çox hissəsini, təxminən 30-50 ilini birgə yaşayışda keçirir. Tarixdə çox sayda uzun ömürlü ailələr olmuşdur, hətta yüz ildən artıq birgə xoşbəxt yaşayan insanlar olmuşdur. Azərbaycanlı ailəsinin qurulmasında qarşılıqlı sevgi hissləri ilə yanaşı, valideyn məsləhəti, qohum olacaq ailələr arasındakı maddi-mənəvi  uyğunluq da rol alır.

  

Ailə həm də iki fərqli düşüncəli insanın birliyidir, ona görə də qərar verməzdən öncə düşünmək vacibdir. İki gənc bir-birinə deyil, bir istiqamətə baxa bilməli, həyatını bölüşməyi düşündüyü qarşı tərəfi də ən azı özü qədər qiymətləndirməlidir. Sevgi, məhəbbət ədəbiyyatın ən çox yazılan və bitməyən mövzusudur. Amma ailənin qorunub saxlanması üçün yetərli sayıla bilməz. Sevgi deyəndə yaxşılıq, hörmət, qayğı, etibar, inam yada düşür. Hörmət hissindən məhrum olan sevgi ölümə məhkumdur deyirlər və bütün bunlarsız sevginin də taleyi qızmar Günəş altına atılmış buz parçasının taleyinə bənzəyər.

Gör əzabsız, ev də sözsüz olmaz, deyiblər. Axı ailə həm də iki gur axan çayın bir-birinə qovuşması kimi bir hissdir, çaylar qovuşanda sular guruldayıb səs saldığı kimi, iki fərqli xasiyyət və düşüncəli insanlar da bir yerdə yaşadıqca ortaya mübahisələr düşməsi qaçılmaz, həm də anlaşılandır. Lakin bu böyük konfliktlərə yol açmaq əvəzinə tərəflərin bir-birinə qarşılıqlı güzəşt və anlayışına gətirib çıxarmalıdır.  Lakin bəzən belə mübahisələr o qədər dərinləşir ki, hətta qohumlar arasındakı bağları də zədələyir.  Anam deyərdi ki, adamın biri od olanda digəri su olmalıdı, yoxsa "heç nədən” başlayan narazılıqlar ailəni içindən söküb dağıdacaq. 

     

Azərbaycanda kifayət qədər tərbiyəvi və yönəltici sosial televiziya verilişləri və ictimai təşkilatlar vardır. Hələ də xalqımızın milli mənəvi dəyəri hesab etdiyimiz ictimai qınaq, böyük-kiçik anlayışları yaşasa da, amma son vaxtlar ailə dəyərlərində aşınma, dözümsüzlük, qarşılıqlı anlaşılmama, bəzi ailələrdə isə hətta bir-birinə qarşı təhqir, zorakılıq halları kimi problemlər artıb. Uzun illər əhali arasında erkən nigahlara qarşı aparılan söhbətlər, maarifləndirici tədbirlərin keçirilməsi son nəticədə demək olar ki, nəticəsiz qalır. Qızların erkən nigaha cəlb edilməsi məsələsi yenidən qövr etməyə başlayan köhnə yara kimidir. Yenə lap qulağımızın dibində, gözümüzün önündə hədd-büluğa çatmayan yeniyetmə qızların ən adi sosial hüquqları pozulur, erkən nigaha cəlb edilir, dinmirik, sonra bu qeyri-rəsmi nigahdan qüsurlu uşaqlar dünyaya gəlir, maraqlanmırıq. Özünə 14-15 yaşlı uşaqları gəlin seçən qaynanalar sonra həmin qızların evdarlığından şikayətlənir, məsələ bəzən böyüyüb ailə dramına ( bəzən faciəsinə) çevrilir. Və belə məsələlərdə həmişə zərər çəkən, qınanan tərəf həmin qızlar olur, düşünən olmur ki, axı bu qızın "kukla oynadan vaxtı”dı, qaynana ondan oturuşmuş gəlinlik gözləyir, sanballı ev işlər tələb edir, bunlar olmayanda isə bəzən ana da qaynanaya qoşulub qızını danlayır. Ərin qulluğunda dayanmaq, ev işlərini yarıtmaq, biş-düş  işləri... sümükləri hələ bərkiməmiş bir qız uşağının çiyinlərinə qoyulur. Fiziki, psixoloji basqılara tab gətirə bilməyəndə isə qızlar bu yükdən azad olmağın yollarını arayır və tapırlar. Amma bəzən yanlış yerə də aparıb çıxarır bu yollar...

    

Tanıdığım neçə ailə var ki, bəziləri 10 ildən, hətta 30  yuxarı birgə yaşasalar da son nəticədə ailə münasibətlərini qoruyub saxlaya bilmir və yollarını ayirmağa qərar verirlər. Bəziləri isə hətta uşağını qoyub evdən qaçır... İndi internet məkanında yaşadığımızdan heç nəyi demək olar ki, gizli saxlamaq mümkün deyil. Müxtəlif sosial şəbəkələr, qruplar, virtual tanışlıq məkanları gənclərin son ümid yerinə çevrilə bilir. Adam sonrakı məsuliyyətini düşünmədən addım atır, peşman olanda isə bəzən çox gec  olur...

 

Deyirlər bütün xoşbəxt ailələr bir-birinə bənzəyir, bədbəxt ailələrsə hərəsi bir cürə bədbəxtdir.

Bütün cəmiyyətlərdə olan ictimai münasibətlər ailələrdə formalaşan ictimai münasibətlərin inikasıdır. Azərbaycanda ailə dəyərlərinə hörmət, onun qorunması əsas yer tutur. Amma  tərəflərin cəmiyyətdə özünü təsdiq etmədən, hər hansı bir karyera yüksəlişinə nail olmadan nigah bağlaması ailənin təməlinin zəif olmasına, bu da öz növbəsində boşanmalara gətirib çıxarır.  Əsasən qızların erkən nigaha cəlb olunması onların gələcəkdə öz taleyinin sahibi olmaqdan məhrum edir. Təhsili olmayan, maddi cəhətdən asılı, öz hüquq və vəzifələrini bilməyən savadsız qızın gələcəkdə dəyərli övlad yetişdirə bilməsi də sual altındadır...

   

A.Şopenhauer evlənərkən öz hüquqlarımızı yarıbayarı azaltmağı, vəzifələrimizi isə ikiqat artırmağı məsləhət görür, Volter isə kişini evin beyni, qadını isə ürəyi adlandırırdı. Ailədə xoşbəxt olanlar həyatda da uğur qazanmağı bacarır. Kiçik dövlət dediyimiz ailələr yığılıb birlikdə böyük dövlətə çevrilir...

...Bu dünyanın sevənləri var hələ,

Bir sevdanı aran deyə, dağ deyə,

Ikilikdə bölənləri var hələ...

  

Həyat yoldaşı seçmək insanın verdiyi ən vacib qərarlardan biri və bəlkə də birincisidir. Gələcəkdə qazanacağı uğurlar yüksək faizlə həmin seçimdən asılıdır. Iki nəfərlə bir ordu olmağı bacarmaqdır ailə!.. Özündən çox həyatına yoldaş seçdiyin şəxsi düşnməkdir ailə!.. On

 

Ona görə də ailəni hisslərlə deyil ağılla qurun, amma sevin və sevilin, çünki ailə həyatınızda baş verə biləcək anlaşılmazlıqları yalnız qarşılıqlı böyük məhəbbətlə dəf edə biləcəksiniz. Həyat yoldaşınıza dost olun, arxa-dayaq olun, ümid verin, çətinlikdə dəstək olun. Ona uçmağa qanad verin ki, sizi də özü ilə bərabər göyə qaldıra bilsin...