Ətrafımdaki insanların müharibə haqqında məndən belə bir statusu gözlədiklərini nəzərə alaraq bacardıqca qısa şəkildə yazmağa çalışacam. Qəti fikrim bundan ibarətdir ki "Müharibə çox mundar prosesdir"!
1.Heç unutmuram, bir video var idi, jurnalist oğlana yaxınlaşıb soruşur: "siz özünüzlə fəxr edirsiz?"
Cavabında oğlan "bəli" deyir. Jurmalist qız yenidən sual verir ki, nəyə görə özünüzlə fəxr edirsiz?
Oğlan cavab verir: "Aprel döyüşçüsüyəm və ayağımda qəlpə yarası var".
Qız "onda mən də sizinlə fəxr edirəm” deyərək müsahibəni bitirir.
Yalan nə deyim, içdən - içə o oğlanı həmişə qısqanırdım ki, mən bu adamın elədiyinin 10 faizini nə etmişəm, nə görmüşəm. Taleh belə gətirdi ki, sizə bu statusu 4 qəlpə yarası almış (xoşbəxtlikdən 3 - ü sıyırdı, birindən yan keçə bilmədim), Horadizdə başladığı döyüşü Şuşada bitirmiş bir əsgər kimi yazıram. Və tam əminliklə deyə bilərəm ki, bu gün özümlə fəxr edirəm!
Müharibə boyunca piyada qoşun növündə, pulemyot manqa komandiri kimi fəaliyyət göstərmişəm və bütün həyatım boyunca özümlə qürur duyacağım bir iş görmüşəm. İnsan həyatını qurtarmağa vəsilə olmaq! Necə gözəl səslənir!Düşünəndə ki hansısa ananın oğlunu evdə sevinclə qarşılamasında sənin də payın var, insan sözlə ifadə edə bilmədiyim bir hiss yaşıyır. Çox detallara varmadan izah edim: Fizulidə gedən şiddətli döyüşlərdə tək başıma döyüş yoldaşlarımı 2-2.5 metrlik balota səngərdən çıxartmışam, hansıki atəş altında idik və 15-20 metrliyimə mərmilər atırdılar, bu an necə oldusa, belə bir kəskin qərar verdim, bu əsgərləri mən burdan çıxardacam! Mənə elə gəlirdi ki, Tanrı məni əsgərləri ordan çıxartmaq üçün təyin etmişdi. Könüllü şəkildə digər döyüş yoldaşlarımın köməyiylə səngərin üstünə çıxdım (həmin anlarda öz ruhumu bölüyə halal eləmişdim). Artıq açıq hədəfəm, amma bu mənim vecimə də deyil, əlavə yüklərimi qırağa tullayıb döyüş yoldaşlarıma əl uzadıb, bir- bir səngərdən çıxardıb sağdaki mövqeyə doğru qaçmalarını deyirdim. Hər əsgəri aşağıdan yuxarı dartıb çıxardanda daha da yorulmalı idim, amma mənim ürəyim rahatlayırdı ki, elə indicə burda məni vursalar biləcəm ki, vurulduğum ana qədər, məsələn 10 əsgərə kömək etməyi bacarmışam. Bu qayda ilə 40-45 nəfər insana kömək etdim, sonuncuya çatanda artıq sağ qolumu çiynimdən hiss eləmirdim, nəfəsim demək olar kəsilmişdi, amma özümlə, həyatımda heç olmadığı qədər, qürür duyurdum
Əlavə olaraq hücuma gedən zaman təxmini 3 metrliyimə düşən minaatan mərmisinin qəlpəsindən yaralanmağıma baxmayaraq, özümlə birgə yaralanıb şok vəziyyətinə düşən əsgərimizi atəş altından çıxarmışam. Hadisənin üstündən təxmini 1 ay sonra həmin oğlan qospitaldan salamat qayıtdı. Kamazdan düşən kimi qaçaraq məni qucaqlaması və "Baxın bu oğlan mənim xilaskarımdır” deməsi… O ana qədərki bütün döyüş yorğunluğum sanki keçdi…
Ayın 27- si səhər Bakıdan cəbhəyə yollananda yol qırağından bizə əl sallayıb, uğur diləyən, yolda yemək üçün ərzaq verən hər kəsə öz təşəkkürümü bildirirəm. Siz görməsəz də mən sizə deyim: kamazlarda gözlərimiz dolmuşdu ki, bu millət, bu məmləkət üçün döyüşə yox, ölümə də getməyə dəyər. Cəbhə ətrafında yardım paketlərinin ustündə "Allah sizi qorusun qəhrəman əsgərlər” yazısını görəndə ürəyimin isinib gözlərimin dolmasını heç vaxt unutmayacam, əmin olun. Müharibə boyu ailəmlə, mənimlə maraqlanan, mən yaralananda narahat olub kömək etməyə çalışan hər kəs bilsin ki, sizin varlığınız mənim xoşbəxtliyimdir! Əslində ailəmlə maraqlanmağı Yasamal rayon icra hakimiyyətindən və ya məni imza atmaq adıyla evdən polislə aparmaq istəyən Yeni Yasamalın "JEK” indən gözləyirdim, amma onlar yararsız qurumlar olduqlarını yenə sübut etdilər. Ümumiyyətlə şəhərdə orduya bir şüarla belə dəstək olan hər kəs bilməlidir ki, biz orda sizdən güc alıb vuruşurduq! Sağ olun ki, varsız.
2.Füzulidə qəlpə yarası almaq. Fizulinin son kəndinə qədər vuruşmaq.
Oktyabrın 28-i doğum günümdə Fizulinin son kəndinə bayrağın sancılması və bütövlükdə işğaldan azad olunması.Oktyabrın 29 - u bir gecə yatdıqdan sonra səhər Şuşa istiqamətində hərəkətə başlamaq.
VƏƏƏ bu boyda həngamədən sonra ümumi döyüşü 24 saat belə görməyən birinin medal alması, mənə medal verilməməsi üstəgəl yaralananda qospitala göndərmiyiblər deyə hərbi biletimə "yaralanmayıb" yazılması (istər - istəməz yazdıqca gülməyim gəlir)…
Vətən sağ olsun!
Döyüş hesabatını məruzə etdi: köhnə reaktiv artilleriya döyüş maşını komandiri(TKM), yeni piyada qoşunu pulemyot manqa komandiri və ya
sadəcə sizin əsgəriniz : Nurlan Məmmədov