BURA / ORA
Sabah “Yeni Müsavat” qəzetinin 7000-ci sayı işıq üzü görəcək Tarix : 08 İyul 2018, 17:26
Yazar : Qadinkimi.com

İşıq sürəti ilə keçdi... desək, çoxu inanmayacaq. Sanki dünən idi yazsaq, mübaliğə etdiyimizi düşünəcəklər. Amma inanın ki, "Yeni Müsavat”ın 6000-ci sayını hazırladığımız gün əksər detalları ilə yadımdadır. Redaksiyaya gəlib bizi təbrik edən siyasətçilər, müsahibə alan, reportaj hazırlayan kolleqalar, həmin sayı əlamətdar etmək üçün seçilən mövzular. 2014-cü ilin yağışlı bir noyabr günü... Kim deyir ki, illər çox yavaş keçir? 
 

Bəli, sabah ölkənin ən oxunaqlı və ən uzunömürlü qəzetlərindən olan "Yeni Müsavat”ın 7000-ci sayı nəşr olunur. Siz saytda bu sətirləri oxuyan vaxt, çoxsaylı kollektiv onun səhifələrini nizamla, həvəslə hazırlamağa başlayıb. Birimiz bir otaqda kaprizli müsahiblərin nazı ilə oynayırıq, o birimiz internet dənizində yeni xəbərlərlə boğuluruq, bir başqamız... Dəyişməyən qəzetçilik ənənəsi, dəyişən hadisələr, müsahiblər, hətta jurnalistlər...

"Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu danışır. İlk gündən qəzetlə birgə addımlayan, redaksiyada onun ilk nəşrindən etibarən yanında olan yeganə adam. "7000-ci say...” deyirəm, dördrəqəmli bir göstəriciyə günlər qala onun həyəcanını yaşayıbmı deyə maraqlanıram. Amma məlum olur ki, bu cür rekordlar, bu cür böyük rəqəmlər "Yeni Müsavat”ın da, R.Arifoğlunun da həyatında çox olduğu üçün bir qədər adiləşib: "O qədər ilklər, rekordlar yaratdıq, o qədər rəqəmlər, tarixlər devirdik ki, artıq heç nə əlamətdar, həyəcanlı gəlmir. Sadəcə, o rəqəmi ilin günlərinin sayına böləndə ortada 20 il kimi bir zaman yaranır.

7000 say o deməkdir ki, bu rəqəmə çatmaq üçün dayanmadan, gündəlik rejimlə 20 il qəzet çap eləməli idik. Hansı ki, 29 il öncə, bu qəzetin əsası qoyulanda Azərbaycanda sovet rejimi vardı və biz indi 7000-ci sayını hazırladığımız qəzeti gizli yaratmışdıq. Kommunizmə qarşı ölkəmizə müsavatizmi qaytarırdıq, buna cəhd edirdik.

Qəzeti və "Yeni Müsavat” adlı partiyanı da bu iddia ilə yaratmışdıq; bugünkü Müsavat Partiyasının ilk adı idi AMDP "Yeni Müsavat”. Gizli olmağımız səbəbindən, ilk iki ildə ancaq 17 sayımızı dərc edə bildik. 1991-ci ildə Azərbaycan müstəqil oldu və biz rəsmi qəzet statusu qazandıq: lakin o zaman da dövriliyimiz aşağı idi. Ayda cəmi iki dəfə çıxa bilirdik. Biz gündəlik rejimə 2001-ci ilin aprel ayından keçə bildik. Həftədə 7 dəfə! Postsovet məkanında bir ilk idi. İndi də həftədə 7 dəfə çıxan qəzet yoxdur, səhv etmirəmsə, postsovet məkanında... Buna qədər isə 1998-ci ildən başlayaraq, həftədə 6 dəfə çıxırdıq.

"Düşünün ki, 23 yaşında ki, mən bu qəzeti qurdum, üstünə 29 il gələndə  mənim üçün artıq 52-ci yaş günü deməkdir. Bir gənci qocaldacaq, ağsaçlı bir qocaya çevirəcək bir zaman keçib üzərimizdən”

7000-ci saya qəzetimizin 29-cu yaş ilində vara bildik. Bu, özü də nəhəng bir rəqəm deməkdir. Düşünün ki, 23 yaşında ki, mən bu qəzeti qurdum, üstünə 29 il gələndə mənim üçün artıq 52-ci yaş günü deməkdir. Bir gənci qocaldacaq, ağsaçlı bir qocaya çevirəcək bir zaman keçib üzərimizdən”.

R.Arifoğlu bildirdi ki, bu cür tarixi yazdığına, yaratdığına, bu qədər zamanı şərəflə arxada qoyduğuna, bu qədər sayı oxuculara yetirdiyinə görə xoşbəxtdir: "Bütün qəzet oxuyanları, o cümlədən "Yeni Müsavat”ı, saytlarımızı oxuyan hər bir kəsi, bu qəzetdə işləyib, dünyasını dəyişmiş hər bir həmkarımızı şəfqətlə, mərhəmətlə, rəhmətlə, minnətlə anıram”.

Baş yazar bildirdi ki, bu gün bizim üçün sıradan bir iş günüdür və kollektiv 7 mininci sayını hazırlayır. Kollektivdə xeyli yeni əməkdaşların olduğunu deyən R.Arifoğlu maraqlı bənzətmə də apardı: "Bir xeyli yeni əməkdaşımız var. Onların arasında yaşı qəzetin yaşından kiçik olanlar da var. Bu, özü də böyük xoşbəxtlikdir. Nəsillər dəyişir. Biz yerimizdə, yolumuzdayıq, davam edirik. Mən isə yeganə baş redaktoram ki, qəzet qurub, 29 il dayanmadan onu idarə edirəm”.


 

Müsahibimiz qəzetin 1000-ci sayının nəşrini xatırlatdı. İllərdən 1999-cu il, "Yeni Müsavat” indiki tarixin yeddidə birini yaşayır... Tədbirdə mərhum prezident Əbülfəz Elçibəy, Müsavat Partiyasının həmin dönəmdəki başqanı İsa Qəmbər iştirak edirlər.

tttttttttttttttt.jpg

"Yeni Müsavat" qəzeti baş redaktorunun 1-ci müavini Azər Ayxan bildirdi ki, "Yeni Müsavat" Azərbaycan tarixinin ən dürüst və güzəştsiz parçasıdı: "Gələcək nəsillər bu qəzeti vərəqləyib, ölkələrində gedən proseslər haqda detallı və obyektiv bilgi əldə edə biləcəklər. Biz hər gün tarix yazırıq. Bu, kifayət qədər iddialı səslənir. Amma nə qədər təvazökarlıq, ya da lovğalıq etsək də, gerçək belədi. Jurnalist, qəzetçi təkcə bu gün üçün işləmir - o, 10 illər, hətta 100 illər sonraya iz qoyur. Belə tarixi prosesdə iştirak etdiyim üçün özümü şanlı biri sayıram. Yazı qədər tarixdə təsirli iz buraxan ikinci bir amil yoxdu. "Yazıya pozu yoxdu" misalı var. O, daha çox insan taleyi ilə, alın yazısıyla bağlı deyilir. Əslində "Yeni Müsavat" bizim taleyimizdi, alın yazımızdı. Bu qəzetə görə tarixdə alnı açıq, üzü ağ qala biləcəyimiz inancındayam. İnsanın adı anadan olandan sonra pasportuna, doğum şəhadətnaməsinə, öldükdən sonra da məzar daşına yazılır. Bizim adımızın yazıldığı üçüncü ünvan var - "Yeni Müsavat" qəzeti. bu da hər Allah bəndəsinə nəsib olmayan gözəl taledi. Bu tarixi günlə bağlı Rauf Arifoğlunu və bütün kollektivi təbrik edirəm. Təbrikdən vaxtilə "Yeni Müsavat"da imza qoyan həmkarlarıma, dostlarıma da pay düşür. Həmçinin oxuculara da..."   

"Yeni Müsavat” qəzetinin baş direktoru Ələsgər Süleymanov bu böyük tarixin fərqinə varmadan ondan da böyük bir prosesin içində olduğumuzu dedi. "Yanımızdan, böyür-başımızdan tarix axıb gedir və fərqində də deyilik” deyən müsahibimiz vurğuladı ki, bu önəmli çarxın dönməsində bizim də hardasa kiçik də olsa əziyyətimiz var: "Bəlkə bunun dəyərini indi o qədər də dərk etmirik, qiymətini bilmirik. Mən internetdə kiçik bir araşdırma apardım. Azərbaycanda bu günə qədər 7 mininci sayını çıxaran iki qəzet olub ki, onlardan biri də idman qəzetidir. Digəri rəsmi dövlət qəzeti olan "Azərbaycan” qəzeti isə Cümhuriyyət dönəmində çıxan eyniadlı qəzetin davamı olaraq, o dövrdə çıxan sayları da üstünə gələrək, tarixə yazılıb. Birinin 86, digərinin 100 yaşı var. Biz də 28.5 ildə 7 mininci sayımızı buraxırıq. Çox böyük nailiyyətdir. Bu günlərə gəlib çıxmağımıza görə şükürlər olsun. İndiki çap mediasının ağır günlərində buna nail ola bilmək böyük göstərici, uğurdur. Allah eləsin ki, bundan sonra yubiley yaşlarını qeyd etmək, 10 mininci sayı buraxmaq nəsib olsun. Başda Rauf bəy olmaqla "Yeni Müsavat” qəzetinin bütün kollektivini təbrik edirəm, özüm də içində olmaqla. Oxucularımızı təbrik edirəm, onlara minnətdaram ki, bu günə qədər bizi alıb, oxuyublar, qoyurub saxlayıblar”.

Ə.Süleymanov dedi ki, R.Arifoğlunun xüsusi istedadı, əməyi və idarəçilik qabiliyyəti sayəsində qəzet bu günlərə qədər gəlib çatıb. Onun sözlərinə görə, həbslərdən, məhkəmə proseslərindən keçən "Yeni Müsavat”ın üzərinə bu illər ərzində çoxsaylı hücumlar olub: "Rauf bəy bunların hamısını ötüşdürüb və bu günlərə qədər saxlayıb. Həmin siyasi, həm də iqtisadi mənada etdiyi manevrlər hesabına qəzet bu günlərə qədər gəlib çatıb. Bizlə eyni startda başlayan neçə-neçə qəzetlər artıq media bazarında qalmayıb, bağlanıb, pərən-pərən olub. "Yeni Müsavat” qəzeti isə bu günə qədər də öz monolitliyini qoruyub saxlayıb. 7 min nömrənin buraxılışında yüzlərlə jurnalist əməyi var. Hansı ki, vaxtilə "Yeni Müsavat” qəzetində, indi başqa yerlədə işləyirlər, başqa yerdə yaşayırlar. Onları da təbrik edirəm, gözləri aydın olsun. Bu günə qədər "Yeni Müsavat”da işləyənləri və bundan sonra da işləyəcəkləri təbrik edirəm”.

Toğrul

Rauf

Rauf

Rauf

Elshad

Elshad

Rauf

Анар

Rauf

Rauf

Rauf