KİŞİ KİMİ
Baş tuşlayıcı Rövşən Ramazanov Tarix : 27 İyul 2021, 13:35

Anaların göz yaşlı səsini eşitmək ağırdı. Anaların göz yaşı ağırdı... Elə ağırdı ki... Bir damcısından əzilərsən...

Ataların ağrısı da bir başqadır. Göz yaşların görməzsən çox zaman. Atalar daha çox dözüm göstərmək istər. Göz yaşları ürəyinə axar. Rövşənin atası el-obanın hörmətini qazanmış Qardaşxan müəllim dözümsüz oldu. Nə qədər möhkəm dayanmağa çalışsa da, cəmi bir ay yaşadı oğlundan sonra... Çoğrafiya müəllimi idi.

 

 QƏHRƏMANLARIMIZI TANIYAQ- ambur.az

 


Rövşən Qardaşxan oğlu Ramazanov 1995-ci il aprelin 14-də Astara rayonunun Burzubəndkəndində müəllim ailəsində anadan olub. Ramazanovlar ailəsində 5 uşaq böyüyüb: 3 qız və 2 oğlan. Birinci sinfə 2001-ci ildə Burzubənd kəndiinin tam orta məktəbinə gedib. Şagird kimi də fərqli olub, bütün tədbirlərdə fəal iştirak edib, əlaçı, nümunəvi biri kimi seçilib.

Anası Gülnarə xanım həmin məktəbin kimya müəllimidir.

 

 

 

Rövşən Ramazanov — Vikipediya


2012-ci ildə məzun olub. 2013-cü ildə həqiqi hərbi xidmətə çağrılıb. Hərbi Xidmət zamanı PK silahının baştuşlayıcısı kimi də seçilib. 2015-ci ilin yanvarında Ağcəbədi və Ağdamda N saylı hissədə həqiqi hərbi xidmətini başa vurduqdan sonra doğma elinə qayıdır. Təsərrüfatla məşğul olur.

2016 –cı il aprel döyüşləri başlayanda könüllü olaraq hərbi xidmətə getməyə çalışır. O vaxtdan da adı könüllülər siyahisində idi. Bacısı Aytacın sözlərinə görə RövşənAprel döyüşlərinə qatılmağa çalışıb, sadəcə döyüşlər tez bitir:
"O gündən həyəcanlı idi. Müharibə olacağını, şəhid olacağını hiss edirdi. "Mütləq müharibə olacaq, torpaqlarımızı azad edəcəyk.. Şəhid olmaq hamıya nəsib olmur, mənə nəsib olacaq”. – deyirdi.

İkinci Qarabağ Savaşı başlayan andan Hərbi komissarlığa dəfələrlə müraciət edir. Nəhayət savaşa qatılır.

Rövşənin əmisi Zərxan: Onun tarix müəllimi olmuşam. Tariximiz onu narahat edirdi. Qarabağ mövzusundan danışanda isə lap həyacanlanırdı. Münasibəti çox fərqliydi. Yəni müəllim kimi deyirəm bunu. Bir də görürdün sual verir: Niyə biz döyüşüb torpaqlarımızı almırıq? Alacayıq deyirdim. Vətən doğulduğu eldən-obadan başlayır sərhədlərdə qurtarır. Bunu bilirdi.

Döyüş yolu Fizulidən başlayır. Cəbrayıl, Qubadlı, Xocəvəndin azadlığı uğrunda döyüşlərdən keçir. Əsgər yoldaşları deyir ki, Rövşən bütün tapşırıqların öhdəsindən bacarıqla gəlirdi. Hədsiz məsuliyyəti ilə seçilirdi çoxumuzdan. Bir qarış torpaq azad olunanda belə "Bu sevinci də yaşadıq, bu sevincə görə Şəhid olmağa da dəyər. Vətən sağ olsun” – deyərdi. Nə qədər ağır döyüş olsa da içimizə fərəh dolurdu. Müxtəlif döyüş tapşırıqları alırdıq. Qruplara bölünürdük. Kəndləri,yüksəklikləri azad edə-edə irəliləyirdik.

Oktyabrın 27-də 14 nəfərlik qrupla Xankəndinin Qırmızı bazar istiqamətində Cütçü kəndi ərazisindəki yüksəkliyi azad etmək tapşırığı alırlar. Ərənlərimizin məqsədi necə olursa-olsun, yüksəkliyi ələ keçirmək idi. Ağır döyüş olur. Xocəvənd Xankəndi arasında pusquya düşürlər. Cəmi iki nəfər yaralı xilas ola bilir bu döyüşdə.

Həmin döyüşün iştirakçısı snayperçi qazi Əsgər Hüseynovun dedikləri: Tapşırığı yerinə yetirməli, yüksəklikləri ələ keçirməliydik. Pusquya düşdük. Açıq ərazidə idik, düşmən bizdən yüksəkdəydi. Ancaq yerə sərilib döyüşürdük. İlk ayaqlarımdan yaralandım. Sonra qolumdan. Başımızı qaldıra bilmirdik, təhlükəli idi. Buna baxmayaraq Rövşən köməyimə gəldi. Çox cəsur idi. Döyüş yoldaşına görə canından keçərdi. Keçdi də. Onu vurdular. Uşaqlar şəhid olurdu. Dəhşətliydi... Hamı bir-birini qorumağa çalışırdı. Ordan sağ çıxmağıma indi də inana bilmirəm”.

Cəbrayıl, Qubadlı, Xocavənd uğrunda döyüşlərdə qəhrəmancasına vuruşan Rövşən həmin döyüşdə şəhid olur. Xocavəndin, Füzulinin, Cəbrayılın azad olunmasına görə medalları ilə bərabər "Vətən uğrunda” medalı ilə də təltif olunub.

Noyabrın 1-də doğulduğu Burzubənd kəndində uğrunda şəhid olduğu torpağa qovuşur.

Mikayılov Vətən onun yaxın qohumu, həm də uşaqlıq dostudur: Həyatımın bir parçasıydı elə bil. Bir yerdə çox günlərimiz olub. Ən şirin xatirələrim onunla bağlıdı. Ən böyük ağrım, ən əvəzsiz qürur duyğum onunla bağlıdır. Çox məsuliyyətli idi Rövşən. Məsuliyyətli olmağı ondan öyrəndim. Vətənlə doluydu ürəyi. Ona baxanda düşünürdüm ki, heç kim Azərbaycanı bu qədər sevə bilməz. Həm də torpaqlarımızın azad olunacağına hədsiz inam vardı içində. Kimsə "evlən” deyəndə "torpaqlarımızı azad edəndən sonra” deyirdi. Qəribə baxanlar da olurdu. Hamı onun kimi inanmırdı axı... Amma o inanırdı. Hər gün savaşı gözləyirdi. Hər gün savaşa gedəcəyini deyirdi...

Qardaşı Səbuhinin xatirələri: Vətən müharibəsi başlayandan hər gün Hərbi komissarlığa gedirdi. Aprel döyüşlərində könüllülər arasında olduğundan elə bilirdi o saat cəbhəyə göndərəcəklər. Təsəvvür edin ki, saysız könüllü vardı, növbə yaranmışdı. "Özləri çağıracaq lazım olanda, gör nə qədər könüllü var” desəm də xeyri yoxdu. "Məni niyə aparmırlar ki? Döyüşə getməsəm camaat içinə çıxa bilmərəm, yaşaya bilmərəm. Onsuz da hamı ölür. Amma Vətən yolunda ölmək-şəhid olmaq hamıya qismət olmur. Ən böyük mükafatım bu olar” deyirdi. Oktyabrın 9-da çağırdılar. Elə sevinirdiki! Sağlığında da fəxrimiz idi, ölümüylə də qürurumuz oldu. Düşünürəm ki, seçimişlər şəhid olur.

 

QƏHRƏMANLARIMIZI TANIYAQ- ambur.az 


Səbuhi haqlıdı. Qürurumuz oldular. Qürurumuzu qaytardılar.Ali Baş Komandanın "Qarabağ Azərbaycandır”! deyən məğrur səsi oldular.

P.S. Rövşən Qardaşxanov məzunu olduğu Burzubənd kənd məktəbinin ilk şəhididir. Məktəbin kollektivi məktəbə Rövşənin adının verilməsi təşəbbüsünü irəli sürüb. Bu ananın- Gülnarə xanımın da arzusudur. Bu məsələnin müsbət həllinə inanıram.

 

 

 

Kamalə Abiyeva