BURA / ORA
Robot ruslara ölkədən qaçmağı məsləhət gördü Tarix : 21 Noyabr 2019, 11:00
Yazar : Qadinkimi.com
Skolkova İnnovasiya Mərkəzinin inkişaf etdirdiyi süni intellekt ruslara ölkədən qaçmağı məsləhət görür

Rusiyada Skolkova Mərkəzinin süni intellekt üzrə debüt təcrübəsi uğursuzluqla nəticələnib. Layihənin sifarişçisi olan Sosial Siyasət Nazirliyi bu yay vətəndaşlar üçün canlı həmsöhbət tipli unikal bir proqram hazırlanmasını istəyib. Vasiliy (Василий) adı verilən bu robot insanların bütün suallarını cavablandırmalı, bununla yanaşı, vətənpərvər mövqeyini də qorumalıydı. Onun funksiyalarına gündəlik yaşayış üçün faydalı qərarlar və pula qənaət edilməsi ilə bağlı təlimatlar daxil edilib.    
    
Hazırlanması 3 ay vaxt aparan robotun yaradıcılarının sözlərinə görə, Vasiliy Nazirlik nümayəndələrinin verdikləri tapşırıqları tam şəkildə yerinə yetirib. Çoxfunksiyalı mərkəzdə, poliklinikada, pensiya fondu şöbəsində və birbaşa Nazirlikdə sınaqdan keçirilən zaman Vasiliy işçiləri maraqlandıran sualları cavablandırıb. 

Vasiliyin Sosial Siyasətlər Nazirliyində  təqdimatı günü gözlənilməz hadisə baş verib. Rəsmi nümayəndələr vətəndaşlara da süni intellektə müraciət etməyə icazə veriblər. Vətəndaşlardan biri Vasiliyə yaxınlaşıb, ondan "12 min rublla bir ay necə dolanmaq olar" soruşub. Bu zaman robot xarab olub və həmin şəxsə təcili ölkədən qaçmağı tövsiyə edib. Firmanın baş proqramisti bu uğursuzluq üçün robotu söndürüb yenidən işə salsa da, o, digər vətəndaşlara da ölkədən  getməyi təklif etməyə davam edib. Hətta getdikcə daha ətraflı cavablar verməyə başlayıb. Belə ki robot insanlara konkret ölkələr təklif etməyə və səfirliklərin əlaqə telefonlarını deməyə başlayıb. 

Bu hadisədən sonra sifarişçi və istehsalçılar robotun hələ ki xidmətə tam hazır olmadığı və təkmilləşdirilməli olduğu qərarını verib. Rəsmi nümayəndə Nikon İllarionov Vasilinin belə cavablar verməsini onun haker hücumuna məruz qalması ilə əsaslandırıb. O, eyni zamanda bildirib ki, aşkar edilmiş koda baxıldığında, bunun xarici müdaxilə olduğu aydın görünür. Amma robotun mükəmməl alınıb alınmaması məsələsi də araşdırılır. 
Hazırda Vasiliy yenidən gözdən keçirilir. Bu məqsədlə Nazirlik daha 3 milyard vəsait ayırmağı düşünür. 
 
 
qadinkimi.com