SƏNƏT
Rəşad Məcid qızlarla dostluq edirdi - Yeganə İskəndərova yazır Tarix : 07 Dekabr 2019, 19:49
Ədəbi aləm qədər zəngin mədəni həyatın ruhuna birdəfəlik özünü həkk edən, tələbəlik illərimizin ən şux, üzu hey təbəssümlü, bol gülüşlü, poeziyaya vurğun göy adamı, ruh adamı şair Rəşad Məcid.
 
Mətbuatımızda uzun illərdi dərc olunan 525 - ci qəzet də onun adı ilə bağlıdı. Neçə il öncə Azərbaycan Yazıçılar Birliyinin katibliyinə seçiləndə də sevindim. Eyni zamanda Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin, Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvüdü Rəşad.
 
Sovetlər dönəmində indiki BDU Azərbaycan dövlət universiteti adlanırdı, jurnalıstika fakultəsi yalnız bu universitetdə idi. Azərbaycan bölməsinə cəmi 25 qəbul olardı. Adətən iş staji çox olanları, öz ixtisası üzrə işləyənləri qəbul edirdilər deyə qrupumuzda yaş fərqi kəskin bilinirdi. Rəşad yaşda hamıdan kiçik olsa da başqaları ilə yola getmək bacarığı - liderlik xarakteri ilə özünə hörmət qazanırdı. "Vaxt olacaq mənimlə fəxr edəcəksiniz", - söyləyirdi.
 
Tələbə ikən şeirə marağını bəzən tənəffüs zamanında o dövrlərdə əlçatmaz kimi dillərinə belə həsrət qaldığımız Osmanlı türkcəsində söyləməsi hamımızın marağına səbəb olurdu, daima diqqət mərkəzində idi. Qrupun qızları ilə dostluğu da o dövr üçün nadir hadisə olsa da, hamı bu saf oğlanı dürüstlüyünə, səmimiliyinə görə qiymətləndirirdi. 
 
Onun ruh halında həmişə bir nikbinlik var. Ailəsində insanlara məhəbbət mühitində böyüdüyü davranışından, səmimiyyətindən bəlli olur. Bu günlərdə tədbirlə əlaqədar Yazıçılar Birliyində oldum və yolüstü təsadüfi görüşümüzdən sonra ikinci dəfə Rəşadı görürdüm.
 
Sözündə, səsində, istiqanlılığında bu illər ərzində haqqında eşitdiklərimin yanlış olduğunu, heç bir vəzifənin onu dəyişdirmədiyini anladım. Daima inkişafda, özündən razılığın fövqündədir Rəşad. Yaxşını yaratmağın tək yolu olan səmimiyyəti ilə yanaşı əzmi, fantaziyası ilə daima irəli gedəndi Rəşad. Üslubundakı ən cəlbedici element həqiqi maraqdır, oxucusunu emal olunmuş fikirləriylə düşündürür. 

 
Ən gözəli də ürəyindəkiləri oxucuların beyninə ötürməsidir:
 

 
Doğulan kimi Başının altına yastıq qoydular.
Oturan kimi Böyrünə-başına yastıq qoydular.
Yeridi - düzdülər keçdiyi yola.
Sonra noğul yastığı,
Sonra nağıl yastığı.
Başı üşüyəndə papağı yastıq,
Əli üşüyəndə bayrağı yastıq,
Qəbri üşüyəndə torpağı yastıq.
Ağrıyan dişinə yastıq qoydular
Ləngiyən işinə yastıq qoydular
Axırda yastığa öyrəncəlilər
Çarxın gərdişinə yastıq qoydular.
Çarxın gərdişinə yastıq qoydular
Yuxulatdı bu adamı,
Günün günorta çağında
Yuxu tutdu bu adamı.
… Yatıb yuxuda gördü ki, 
ipək yastığı daşlaşıb, ayağına dolaşıb.
Addımını ha atır, ata bilmir,
Ayağını ha dartır, darta bilmir.
Yastıq çəkir onu quyutək.
Ayağı balacalaşır, Boyu balacalaşır.
… Diksinib ayıldı yuxudan.
Başı yastıqdan düşmüşdü.
Çəkdi yastığı başının altına… 

 
Şair əsəblə, həyəcanla, ümidlə və çarəsizcə fikirlərini misralarda ifadə edərkən emosiyaları özü ilə bağlı vacib informasiya mənbəyinə çevrilir. Şəxsi münasibətlərimizdə, həyatımızda uğurlu naviqasiya etmək üçün şairin keçirdiyi hissləri bizə doğmalaşdırır. Və bizə - "Sağlam ol, dolğun həyat sür, Rəşad Məcid!" - demək qalır. 
Yeganə İskəndərova 
qadinkimi.com