Elçibəyin doğum günü bayram kimi qeyd olunacaq
Bu gün Bəyaz Hərəkatının Təşkilat Komitəsinin sədri, Eks-prezident Əbülfəz Elçibəyin qardaşı oğlu Hürrü Əliyev Azərbaycan Avropa Hərəkatının rəhbəri Ramin Hacılıyla görüşüb.
Qaynarinfo-nun verdiyi xəbərə görə, Hürrü Əliyev hərəkat adından Ramin Hacılıya Əbülfəz Elçibəyin doğum tarixi ilə bağlı olacaq bayram yürüşünə qoşulmağı təklif edib.
Yürüş iyun ayının 24-dü baş tutacaq.
Ramin Hacılı təklifə görə təşəkkürünü bildirərək, bu addımı müsbət qiymətləndirdiyini vurğulayıb. Tədbir çərçivəsində həm təşkilati, həm də şəxsi imkanlarını prosesdə aktiv iştirak üçün səfərbər edəcəyini deyib.
Görüşlə bağlı danışan R. Hacılı ideyadan təsirləndiyini, Əbülfəz Elçibəyə hər zaman xüsusi sevgisi olduğunu bildirib; "Azərbaycan vətəndaşlarının həyatında iz qoymuş böyük şəxsiyyətləri hər zaman xatırlamağımız vacibdi. Siyasi liderlərimiz, dövlət qurucularımız, ideoloqlarımız adına bayram yürüşləri keçirmək bir ənənəyə çevrilsə, bu, Azərbaycan insanının dövlətçiliyə olan sevgi və sayğısını da gücləndirər".
Hürrü Əliyev Azərbaycanda fəaliyyət göstərən bir çox təşkilata bu istiqamətdə təkliflər göndərildiyini açıqlayıb. Onun sözlərinə görə, hər kəsin vahid milli məsələlər ətrafında birləşməsi olduqca əhəmiyyətlidir; "Mövqeyindən asılı olmayaraq Azərbaycan dövlətinin inkişafı üçün çalışan hər kəs bilməlidi ki, milli məsələlərdə birlik vacibdi və bu Azərbaycanı sevməyən hər kəsə bir mesajdı. Azərbaycanda ictimai çəkisi olan insanlar milli məsələlərdə birlik ola bilirlər".
Sonda qeyd edək ki, artıq bayram yürüşünə onlarla təşkilat və fərd qoşulub.
Mənbə: qaynarinfo.az