QADIN / KİŞİ
Qoşa qarıyanlar Tarix : 12 Sentyabr 2024, 12:11


Toyda çəkdirdiyimiz şəkli ehmalca saxlayırdım ki, əzilməsin, ləkə düşməsin, itməsin. Əziyyət çəkdiyimi görən əmim əlini uzadıb şəkli istədi:

– Ver...

Sevindim ki, çarəsini tapıb, kömək edəcək. Şəkli vermək istəyəndə sözünün ardı qollarımı yanıma saldı:

– ... qatlayıb cibimə qoyum.

Əlbəttə, o zarafat edirdi. Gülmüşdük. Bu gün əhvalatı xatırlamağım yazacağım mövzu ilə bağlıdır. Oxuyanda əlaqəni özünüz uyğunlaşdıracaqsınız.

Bir ailə təsəvvür edin: valideyn qızını, xalq dili ilə desək, ovcunun içində böyü­dür, gözünün üstündə saxlayır. Yatanda oyatmağa qıymır, heç bir işə buyurmur, əzizləyir. Anası xörəyini özü yedizdirir. Məktəbdən gələndə qapının ağzında atası çantasını götürür, anası ayaqqabısını çıxardır və s.. Qayğıdan uzaq böyüdülən belə bir qızın "aqibəti” necə olacaq? Nə qədər mükəmməl təhsil alsa da, "sonu” ailə qur­maqdır. Acıqlanmayın, ailə qurmağın əleyhinə deyiləm, səbirli olun, izah edim.

İllərlə nazı çəkilən qızı bir gün öz əlinlə ona haqqı çatmayan bir ailəyə verirsən, göndərirsən, yollayırsan və s. Bəs ovucda böyüdülən qızdan gələcək qayınanası nə gözləyir?

Gəlin gətirəcəyəm, oğlumun da qeydinə qalsın, mənim də. Qayınatasının da qulluğunu eləsin, qızlarımın da. Mənə nəvə versin, uşağını da saxlasın, evi də silib-süpürsün, pal-paltarı, qab-qacağı da yusun, ütüləsin, qohumlarıma qarşı diqqətli olsun. Qayınatasının, qaynının, ərinin ayaqqabılarını təmiz saxlasın və... burada da və s.. Valideynin incitməyə qıymadığı qızını yalnız bu niyyətlə gəlin aparırlar. Bun­larla yanaşı, o qız ürəyi istəyəndə ata evinə gedə bilməz. Yalnız evdəkilərin insafı olub icazə versələr, harasa getmək mümkün olar. Uşaqlarını qayınata, qayınana yanında əzizləyə, tənbeh edə bilməz. Ümumiyyətlə, ona çox şey etmək olmaz. O yad qızıdır.

Valideyn zəhmətlə böyütdüyü qızına ixtiyarını itirir. Qızının xidmətçi həyatını qəbul etməkdən başqa çarəsi qalmır. Müdaxilə edə bilməz. Balasına canı yandığın­dan nəsə desə, uşağının ailəsini dağıtmağına görə onu qınayarlar. Elə ki qızın xəstə­lənir və ya hansısa problemi olur, onda "anan baxsın”, "dədən eləsin” əmri baş­layır.

Ruhən yaxın deyiliksə, qəlbən bağlılıq yoxdursa, eyni səmtə baxıb fərqli şeylər görəcəyik.

Bir-birinin yanında darıxmaq varsa, eyni məkanda olub fikrən uzaqlara getmək başladısa, birlikdə şən ola bilmiriksə, ailə qurmaq sayılmaz. Bu, sadəcə ər-arvad ol­maqdır.

Yeni ili restoranda qeyd etməyə yığışmışdıq. Bir çox ailə də bu qərarla buraya üz tutmuşdu. Diqqətimi qonşu masada əyləşən ailə çəkdi. Gözüm qəfil sataşmasay­dı, görməyəcəkdim. Yəni onlara baxmağım başqalarını güdmək marağından irəli gəlməmişdi. Ayaq üstə olduğumdan atasının böyrünə qısılıb çarəsiz halda başını masaya qoyan uşağı gördüm. Ata telefonda ardıcıllıqla çıxan videolara baxırdı. Yol­daşı da üzbəüz əyləşib eyni vəziyyəti təkrar edirdisə də, dilxor olduğu aydın hiss olunurdu. Valideynin onu restorana gətirib diqqətsiz buraxdığı uşaq darıxdığından gah başını qaldırıb ətrafa baxır, gah da təzədən masaya qoyurdu. Mənzərə qanımı qaraltdı. Mentalitet təəssübkeşləri acıqlanmasınlar, vallah, bu cür ömür sürmək qo­şa qarımaq deyil. Hər kəs öz aləmində idi. Qadın xoşbəxt görünmürdü. Bu günədək mehriban yaşamadıqlarının rəsmini duruşları, soyuqluqları ilə çəkirdilər. Onların iki-üç saatlıq restoranda davranışları hər gün hansı formada bir-birini dindirdikləri­nin göstəricisi idi. Gənc ailə, soyuq münasibət, yox dərəcəsində ünsiyyət, qadının üzündəki ifadə... Bu cür yaşamaq vacibdirmi? Boşanmaqlarının tərəfdarı deyiləm, amma bu cür evlənməkdənsə, tək yaşamaq yaxşı deyilmi? Sevmirsənsə, qohum-əq­rəbanın nişan verdikləri ilə ailə qurma. Doğrudur, sevib evlənənlər də savaşırlar. Əgər rəftar düzgün deyilsə, sevgi də əl-ayağını dəstələyib çıxıb gedir. Şair demiş: "Bütün sevgilər ölür, yerində uşaq qalır”. Amma uşağa da həyat çətin olur. Dünən gördüyüm uşağın uşaqlıq illəri fərəhsiz keçir. Ər-arvadın gərgin olduğu evin ab-havası ağır olur. Kasıblıqdan dilxor olsaydılar, restorana gəlməzdilər, dünyagörüş­ləri zəif olsaydı, yenə orada olmazdılar. Görünür, bir-birinə maraqları yox idi. Gə­lərkən yolda mübahisə etmişdilərsə də, yaxşı hal deyildi. Bir də ki özləri bir yana, axı bundan uşaq əziyyət çəkirdi. Uşağın vəziyyətini gözlərinizlə görsəydiniz, bəlkə, nəsə aydın olardı.

Belələri qoşa qarıyırlar, yarıyanlardan da olurlar, təkcə xoşbəxt olmurlar.

Yarımaq deyə bu millət söyülüb-döyülüb beş-on uşaq böyütməyi, birini istəmə­diyinə verməyi, birinə görmədiyini almağı, qarğaya-qarğaya nəvə buyurmağı nə­zərdə tutur.

 

Boşanmamaq üçün... 


Qoşa qarıyanların hansı biri ruhən bir-birinə yaxın olub?

Onlar ayrı-ayrı ömürləri birlikdə məhv edənlərdir. Qafiyə ilə desək, boşa qarı­yırlar, yəni boşuna.

Ailə tanıyıram, ər arvadına şəxsiyyət kimi baxmır, insanların arasında həmişə təhqir edir. Kişi o təfəkkürdədir ki, qadınlar buna görə yaradılıblar ki, işdə problem olanda gəlib acığını onun üstünə tökəsən, bütün nəslinə o qulluq etməlidir, "uşaq­ları dədəsi evindən gətirməyib” və s.. Hətta yanında başqa qadın haqqında düşün­düyünü də dilə gətirir. Qadın buna alışıb. Elə bilir ki, kişi bu cür olmalıdır. Hərdən xəlvətcə qarğımaqla hirsini soyudur.

Bir gün toya getməli oldular. Kişi arvadına, qızlarına geyim aldı, özünə heç nə almadı, olanından geyinib getdi. Qadının gözləri doldu, "yazıq özünə heç nə al­madı” deyə ərinə can yandırdı.

Bəzilərinin nəzərində normal ailə budur: "Ətini yesə də, sümüyünü çölə atmır”.

Nələri çölə atdıqlarını görmürlər.

Dəyişib inkişaf etməkdən, avropalaşmaqdan danışırıq, amma yersiz, mənasız adətlərdən əl çəkmirik. İnsanlar bir-birini məcbur edir ki, sən özünü bədbəxt hiss elə.

Pis ərdən ayrılıb dinclik tapmaq istəyənin cəmiyyət tərəfindən aldığı zərbə daha dəhşətli olur: "Yaxşı olsaydın, boşanmazdın”.

Bir çətir altına yerləşə bilənlər bir dam altına da sığına bilirlər. Bu, adi şey deyil. Yağış təsəvvür edin, iki nəfərdən birində çətir var. Bir-birinə təklif edir, heç biri tək özü istifadə etməyə razılaşmır. İkisi də başlarına tutur. Biri o birinin islanmaması üçün geri çəkilir. O birisi: "Mən rahatam”, – deyib çətiri onun başının üzərinə tutur. Ehtiyatla yeriyib bir-birinə imkan yaradırlar. Ünvana çatanacan biri digərini düşü­nür, ona xoş gələni edir. Sınaqdan yaxşı çıxırlar. Onların həyat yolu da beləcə xoş keçəcək, bir-birilərini düşünəcəklər. Evlənmək istəyənləri bu qayda ilə sınamaq la­zımdır.

Nağılı babalar yox, nənələr danışırlar. Bir-birindən gözəl, şirin xəyallar nənə­lərdə olur. Səbəbi böyükdür. Baba ixtiyar sahibi olduğundan hər hansı iş barəsində qəti qərar verə bilir, real yollarını tapıb vəziyyətdən çıxır. Nənələr isə həmişə baba­lardan asılı olublar. İstəklərini ya açıq deyə bilməyiblər, ya da deyib peşman olub­lar. Arzusuna çatmayan nənə qarşısındakı keçilməz sədləri aşa bilməyib. Susmağa, qəbul etməyə məcbur olub. Reallıqda istəyi gözündə qalan nənə nağıllar, xəyallar uydurmağa başlayıb:

– Biri vardı, biri yoxdu, gözəl bir qız vardı. Qızın özündən də gözəl arzuları var­dı. Bir gün div onu oğurlayır, özünə arvad edir. Qızın qara günləri başlayır. Div qızın gözəlliyini korlayıb özü kimi eybəcər etməyə çalışır. Onu hər gün incidir, işlədib yorur, gündən-günə qocaldır və təzədən gözəl qızlar axtarmağa gedirdi...

Ardını hər kəs bir əhvalatla davam etdirə bilər.

Əri ilə savaşıb, küsüb ata evinə gedən qadın evdən götürdüyü əri ilə çəkdirdiyi şəkil olur.

Yol boyu evə tələsirsən, soyuq havadan qurtulub evinə çatıb bir tikə çörək ye­mək istəyirsən, amma qapıdan içəri girərkən təhqir olunursan. İki saat mübahisə edirsən və küsüb bütün heyiflərini mədəndən çıxaraq ac yatırsan. Sabah işə gələndə gözlərinin ağlamaqdan şişdiyini gizlədib sürmənin üstünə atırsan. Guya allergiya verib. Və sonda özündən bir status uydurub başqasının adına yazırsan:

– Ərin sənə zülm edir?

– Hə.

– Bəs niyə boşanmırsan?

– Bizlərdə boşanmağa pis baxırlar.

– Bəs necə edəcəksən?

– Dözəcəyəm.

– Nə vaxtacan?

– "Ər arvadını bıçaqla qətlə yetirdi” xəbəri manşetlərə çıxanacan.

Qadınları müdafiə edib boşanmanın tərəfdarı olduğunu biləndə adamdan şüb­hələnirlər. Elə bilirlər ki, "ailə institutu”nun dağılmasına xidmət edirsən. Ona görə də vurğulamaq istəyirəm ki, heç bir təşkilatla əməkdaşlığım yoxdur. Yazdıqlarım öz yanaşmamdır. Fikirlərimi yüz yerə yozmayın. Reallığı görməyə çalışın. Ailələrin dağılması məni də üzür. Ortalıqda qalan uşaqların taleyinə dözmək çətindir. Müna­qişələrin nəticəsindən sonra isə düşünürəm ki, öldürülmədən ayrılmaq daha yaxşı­dır. Onsuz da uşaqlar travma alırlar. Ata həbsxanaya aparılır, ana da qəbrə. Vaxtın­da boşansaydılar, heç olmasa, ana balalarına sahib çıxıb çətinliklə də olsa, saxlaya­caqdı. Bəs indi necə olsun?

Əri öldürən, yaxud boşanan qadınları nahaq qınayırsınız. O qadınların yaşayış­ları ilə tanışsınız? Siz rahat ömür sürdüyünüz günlər onlar üçün ölümün yaxınlaş­dığı vaxt olub. Hadisələri hər kəs öz gördüklərinə uyğun şərh edir. Kimin əri mehri­ban, mülayimdirsə, elə bilir, bütün evlərdəki kişilər bu cür olurlar. Qonşuda, qo­humda əzazil kişilərə heç rast gəlməmisiniz? Elələrini tanıyıram ki, qadının əvəzinə qonşular rahat ola bilmirlər ki, əri onu öldürəcək. Qadın abır-həyasına qısılıb şika­yət etmir, boşanmır, amma insan ömrü sürmür. Cavanlıqdan döyülməyə, söyül­məyə dözərək yaşayıb ki, bəlkə, düzəldi. "Balalarım körpədir”, – deyib ayrılmayıb. Uşaqlar indi özləri anadırlar, hələ də ataları analarını küçədə döyür. Qadının psi­xikası korlanır, xəsarət almaqdan orqanları sıradan çıxır. Deyirsiniz, düz edib ayrıl­mayıb? Lənətə gəlsin mentalitet dediyiniz bu zəhrimarı. Əksəriyyətinin ömrü çürü­yür. Sonunda "nəvəli-nəticəli, yarıyanlardan olsun”lar deyə təhqirə susurlar. Hə­yata bir də gələcəklərmi? Niyə verilən ömrü məhv eləmədilər?

Razıyam, həyasız qadınlar da var, kişini bezdirənlər də az deyil. Amma çoxluğu bədbəxt qadınlar təşkil edirlər. Sizin ailənizdə rahatlıqdır deyə hamını belə təsəv­vür etməyin. Taleyi romana mövzu olası çarəsiz qadınlar saysızdır. Amma görmür­sünüz. Ən pisi budur ki, özü hikkəli olan qadınlar da ərindən şikayət edəni qına­yırlar. Arxayındırlar ki, əlini stola çırpıb "dediyim olacaq, vəssalam” söyləyəndə ərinin susub razılaşdığını bilən yoxdur. Ona görə də arxayınlıqla boşanan qadınları təhqir edirlər. Boşananların hamısı səfehlik etmək üçün boşanmır. Araşdırıb öyrə­nəndən sonra şərh etmək lazımdır.

Qızlarınızı ərə verəndə: "Meyitin o evdən çıxacaq”,– deməkdənsə, "o evdən meyit olmamış çıx”, – deyin.

Hərdən özünüzü bağrınıza basmaq istədinizmi? – Doğma sandığınızın yerinə...

Könlünüzdən özünüzü tərifləmək keçdimi zəngin mənəviyyatınıza dəyər veril­məyəndə?

Hərdən peşmanlıq duyursunuzmu? – İnandığınıza, saflığınıza, sevdiyinizə gö­rə.

Unutmağa cəhd göstərdinizmi ayırdığınız yerə layiq olmadığı üçün?

Bəzən əlvida söyləmək istədinizmi bacaracağınızı özünüzə sübut etmək niyyəti ilə?

Həmdəm arzuladınızmı ömrünüz boyunca sevincinizə şərik olacaq birinin yox­luğundan usandığınızdan?

Öz-özünüzə danışmaqdan bezdiyiniz üçün sirdaşa sirr vermək istədinizmi?

Bəs qoruduğunuz sirdən xilas olmaq üçün yazmağa qələm götürdünüzmü?

Həmişə susduğunuz üçün bəzən üsyan etməyə ehtiyac duydunuzmu?

Heç vaxt heç nə istəmədiyiniz üçün nəsə istəyirsinizmi?

Suçsuz olduğunuzdan bircə dəfə də olsa, günah işlətməyə meyil etdinizmi?

Özünüzü öldürüb özgəni yaşatdığınız üçün heç özünüzü qınadınızmı?

Saf hisslərinizdən özünə yem düzəldənə təslim olduğunuz üçün qəzəblənir­sinizmi?

Hiyləsinə aldandığınızın vicdanına çevrilmək istədinizmi hərdən?

Heçmi can yandırmadınız özünüzə?

Yazığınız gəlmədi özünüzə?

Bəlkə, həyata təzədən gələcəyinizə inandığınızdan ömrünüzü yelə verdiniz?

Bəzən əlin başına yastıq, dizin söykənəcəyin kürək olur. Göz yaşını dostun bilir­sən, ayaqlarını dayağın. Sənə səndən yaxın bildiklərini itirdikcə güclü olmağa baş­layırsan. Özünü ovundurmağın yolunu tapırsan. Özündən küsüb, özünlə barışır­san. Ən güclü insanlar mənən tək olanlardır. Onlar unudublar büdrəyəndə kiminsə qolundan tutmağı. Qulaqları xoş sözdən uzaq olub, əzizlənməyiblər. Həyatın sərt üzünə həmişə hazır olublar. Onları heç nə qorxutmur. Heç nə!

Xəyalla yaşamaq gerçəyi bilməyindir. Anlayırsan ki, istədiklərin çox uzaqda­dır... Çata bilməyəcəksən. Başlayırsan bir-birindən şirin xəyal uydurmağa. Beləcə xəyalpərəst olursan.

Çatmadığın istəklər başa tük əkdirmək deyil ki, çarəsi olsun.

 

 

 

 

 

Pərvanə Bayramqızı

qadinkimi.com