Ötən ildən başlayaraq Azərbaycanda az təminatlı qızların təhsil imkanlarını artırmaq məqsədilə Şəhla Qarayeva adına Təqaüd Proqramı (ŞQTP) həyata keçirilir.
Təqaüd Proqramı tanınmış pedaqoq, Bakı Dövlət Universiteti İngilis dili və Amerika ədəbiyyatı kafedrasının professoru olmuş Şəhla Qarayevanın (1962-2018) adını daşıyır.
Şəhla Qarayeva müxtəlif ölkələrdə (İngiltərə, Fransa, Almaniya, Amerika, Türkiyə, Qırğızıstan) təlimlərə qatılıb, milli və beynəlxalq konfranslarda fəal iştirak edib. Hər zaman tələbələrinin xaricdə təcrübə əldə etmələrinin tərəfdarı olub və bu sahədə onlar üçün əlindən gələni edib.
Bu gün tələbələrinin bir çoxu dövlət qurumlarında, səfirliklərdə və digər orqanlarda yüksək vəzifə tutan insanlardır.
Şəhla Qarayeva xərçəng xəstəliyi ilə apardığı uzun mübarizədən sonra 2018-ci ilin aprel ayında həyatını itirib.
Təqaüd Proqramının təsisçilərindən Aygün Qarayevanın verdiyi məlumata görə, təqaüd üçün hər il ilk növbədə iki aylıq ianə toplama kampaniyası həyata keçirilir:"Ötən il bu proqram sayəsində 4 qıza təqaüd verə bilmişik. Bu il məqsədimiz 6 nəfər az təminatlı və təhsilə çıxışı məhdud olan qız şagird/abituriyent/tələbələrini $700 məbləğində təqaüdlə mükafatlandırmaqdı. Proqram çərçivəsində toplanan məbləğ altı nəfər qız şagird/abituriyent/tələbənin təhsil xərclərinin qarşılanması üçün nəzərdə tutulub. Seçiləcək təqaüdçülərin təhsilinə maddi yardım göstərilməsi ilə yanaşı, cəmiyyətdə aktiv iştirakları üçün xüsusi təlimlər də keçiriləcək. Xüsusən qadın hüquqları və ailə zorakılığı mövzusunda təlimlər nəzərdə tutulub.
Təqaüdçülər Şəhla Qarayeva Proqramı təsisçiləri və proqram dəstəkçilərindən ibarət qrupun birgə iştirakı ilə seçiləcək.
İanə kampaniyasına dəstək vermək istəyənlər bu keçidə baxa bilər.
Linkə girib "qoşulma" düyməsini basırsız, məbləği seçirsiz və məlumatlar yerini doldurursuz.
qadinkimi.com