Təcrübəmdən çıxış edərək
gənc qızlar və oğlanlar üçün tövsiyələr yazdım.
Öncə ...
Qızlar, özünüzü fövqəladə hiss edin, sizdən yoxdur. Bir dənəsiniz. Əsas vaxtınızı şəxsi inkişafınıza ayırın. Kitab oxuyun və idman edin. Daim hərəkətdə olun. Təhsil alın. Təhsilin ilk illərindən işləyin, pul qazanın. Valideyn himayəsindən tez qurtulun. Qarşınıza aydın bir məqsəd qoyun, ona doğru hərəkət edin. Asta-asta, tələsmədən, inadla, yoruldum demədən. Yorğunluq yoxdur, insan yorulmur, o sadəcə ruhdan düşür. İmkan verməyin kimsə sizi ruhdan salsın.
Gözəllik göz-qaşınızda yox, bütün varlığınızdadır, gördüyünüz işlərdədir. Daim gülümsəyin. Həyat gülümsəməklə yaxşıya dəyişir.
Ailə qurmağa tələsməyin. Öncə ailə münasibətlərinə aid kitablar oxuyun. Uşaq tərbiyəsindən bəhs edən kitabxana yaradın. Yalnız qazancınız sizi təmin edəndə ağ atlı oğlanın sorağına çıxın. Siz ərə getmirsiniz, ailə qurursuz, ölçülü-biçili, təmkinli olun. Düşünməyi bacaran insanlara üstünlük verin; gözüqıpıq yaşamayın, iradənizin əleyhinə heç nə ilə barışmayan.
Gözəllik salonlarından daha çox gözəl salonlara, muzeylərə, teatrlara, şəhər və kəndlərə gedin.
Evinizdə çiçəklər bəsləyin. Divarlara rəsmlər asın. Şəxsi kitab rəfi düzəldin.
Sözünüzü hər zaman hər yerdə aydın deyin.
"Utanıram" sözünü unudun. İnsan gördüyü yaxşı işdən heç zaman utanmaz. Yaxşı işlər görün ki, utanmaq kimi sözlər ağlınıza gəlməsin.
Bir gününü necə yaşayırsan, bütün həyatını elə yaşayırsan. Hər bir gününü mənalı et.
Şahbaz Xuduoğlu
qadinkimi.com