FEMİNİZM
Qızını döyən dizini döyər - Xəyal Aslan yazır Tarix : 23 Sentyabr 2020, 13:24
Qızını döyən dizini döyər...

Ulu babalarımızın hikmətli kəlamları vardır. Bu söz və nəsihətlər bizlərin mayasını yoğurur, kəsəsi, həyatımızı istiqamətləndirir.

Özünüzü qoruyun!

Çox dəqiqi xatırlayıram. Birinci sinifə yeni başlamışdım. Müəlliməmiz valideyn iclası çağırmışdı. Ana və atalar bir nəfər kimi sinif otağına toplanmış, məktəbdə keçiriləcək şənliklə bağlı müzakirələr aparırdılar. Uzunculuq etməyim. Müəlliməm atalar sözü müsabiqəsi təşkil edəcəyini dedi və əlavə etdi "uşaqlar, gəlin elə indidən başlayaq, görək kim ulu babalarımızın hikmətli kəlamlarından sitat gətirə bilər?!"

Sinif yoldaşlarım sırayla ağızlarına gələni deyirdilər. Nə bilim "odda yanmaz suda batmaz" kimi tapmacalar, yemək, maşın adları filan, hər dəfəsində də gah valideynlər, gah da muəllimə təbəssümlə bildirirdilər ki, bu, atalar sözü deyil, tapmacadır, addır, əşyadır və s.

Oturub çox fikrləşdim, birdən ağlıma gəldi...pişik çevikliyi ilə yerimdən sıçrayıb qışqırdım... "Qızını döyməyən dizini döyər!"
 
Döşəməsi neftlə qarışıq maye ilə təmizləndiyindən qoxusu ağır olan sinifə qəribə bir sükut çökdü. Sanki həyat dayandı. Hamının nəzəri mənə yönəldi. Etiraf edirəm ki, həmin dəqiqələrdə bərk qorxmuşdum.
Sonra sanki "play" düyməsinə basdılar. Üzlərdə möhtəşəm təbəssüm və davamlı alqışlar. "Afərin" sədaları. Məni öpən kim, başıma sığal çəkən kim, bağrına basan kim... bir anda qəhrəman olmuşdum. Bu duyğular altı yaşlı birinci üçün möhtəşəmdir, tərifi mümkünsüzdü...


Bəzən oturub ayıq başla düşünürəm, o sözlər yığınını mən haradan, kimdən öyrənmişdim?
O hadisəni heç vaxt unutmuram. Təkrar edirəm.
Altı yaşlı oğlan uşağı sinif yoldaşı olan qızcığaz haqqında onun döyülməsinin labüd olduğunu deyir və hayqırır: "Ay millət, bunu indi etməsəniz sonra peşman olacaqsınız"!

Yaxşı, bunu mən uşaq ağlımla dedim, bir yağlı şillə əvəzinə niyə həmin qızcığazın anası məni bağrına basdı, öpdü, müəlliməm "afərin" dedi?!
Bu nə anlayış, nə təfəkkürdür?
Əziz bacım, sinif yoldaşım, lütfən, məni bağışla... səndən üzr istəyirəm. Günahın məndə olmadığını ümid edirəm ki, anlayarsan!

Amma gəlin, əyri oturub, düz danışaq. Sabahın ana namizədi qızlarımızı bu qədər aşağılamaq, döymək, söymək bizə yaraşarmı?!
Söhbət fiziki döyməkdən də getmir, bəhsikeçən atalar sözünün mahiyyəti elə mənəvi tərəfdən həm döyməkdir, həm söyməkdir. Bu qədər bəsit.

Hansı zamanda yaşayırıq, rica edərəm mənə bildirin, Əfəndilər?!

Biz hələ də yalvarırıq ki, qızlarımıza dəyər verin, oxudun, erkən yaşda ərə verməyin, şəxsiyyət kimi böyüdün.

Və düşünüb idrak etməyiniz üçün ətrafınıza baxın. Görün bu kəlamları həyatının fəlsəfəsi edən nə qədər tanışlarımız, qohumlarımız, dostlarımız, müəllimlərimiz vardır ki, bu kəslər sevinclə bizləri alqışlayıb, sevib, qəhrəman edirlər...

Ayıb deyilmi?

Sualları çox uzatmaq olar, amma inanın bu atalar sözlərini xatırladıqca, hövsələm daralır, yaxşısı, Xaqani Haasın şeiri ilə mövzunu bağlayım. Anlayana çox mətləblər bu şeirdə...

Oğulluq

Özümü çıxardıram oğulluqdan
oğulluğun hər növündən;
atanın oğlu
vətənin oğlu
vətənin atasının oğlu
"ayağının altında cənnət"
cənnətlik ananın oğlu.
ana vətənin oğlu
atalığınız, vətənə atalığınız,
analığınız, müqəddəs analığınız
başınıza dəysin.
Mənə dəyməyin!

Xəyal Aslan
qadinkimi.com