BURA / ORA
Qırıq pəncərə nəzəriyyəsi bizə nə deyir Tarix : 16 Noyabr 2019, 20:33
Yazar : Qadinkimi.com
Son illər adına tez-tez rast gəlinir: Qırıq pəncərə nəzəriyyəsi…Bəs bu nəzəriyyə bizlər üçün nə ifadə edir. Qırıq şüşə və ya qırıq pəncərə adı verilən nəzəriyyəni real örnəklərlə daha aydın başa düşmək mümkündü. Məsələn, deyək ki, yolda gedirsiniz və əlinizdə dondurma var. Dondurmanın hamısını yediniz, bitdi və əlinizdə çubuq qaldı. Onu atmaq üçün bir yer axtarırsınız, amma yaxında heç bir zibil qutusu tapa bilmirsiniz.
 
 

Belə olan halda olduğunuz ərazi plastik şüşələrin, kağız parçacıqlarının, siqaret kötüklərinin atıldığı bir yerdirsə, çubuğu ora atmaq ehtimalı artacaq. Yox əksinə, ərazidə yerə sizdən əvvəl heç bir zibil atılmayıbsa, siz bu qaydanı qorumağa məcbur olub, bir zibil qutusu tapana qədər irəliləyirsiniz. Belə örnəklərə həyatımız boyunca çox rast gəlirik.

Cəmiyyəti istiqamətləndirən təsirli metod
 


Şüşə nəzəriyyəsi uğurlu cəmiyyətin inşası üçün çox önəmli bir qavramdır. Təməlində bu deyilir: Əgər hansısa cəmiyyətdə pozulma müşahidə edilirsə, bu, sürətlə bir artacaq. Əksinə, cəmiyyətdə müsbət istiqamətdə dəyişikliklər gedirsə, bu da öz növbəsində getdikcə möhkəmlənəcək.

Professor Zimbardonun "Qırıq şüşə” təcrübəsi adı altında həyata keçirdiyi bir neçə işi var. Məsələn, bir təcrübədə eyni markalı 2 maşın bir zəngin və bir kasıb küçəyə - insanların arasına qoyulur. Kasıbların məhəlləsindəki maşın bir neçə saat ərzində ciddi zərər görür, zəngin məhəllədə isə maşın olduğu kimi qalır.
 


Tədqiqatçılar bir müddət sonra bu təcrübənin əhatəsini genişləndirməyə qərar verirlər. Zəngin məhəllədəki maşının pəncərələrini qırmaq fikrini ortaya atırlar. Pəncərələrin qırılmasından sonra əvvəlki həftə kasıb məhəllədə baş verən görüntü bu dəfə də zəngin məhəllədə baş verir. Beləliklə, şüşələrin qırılmasından sonra zəngin məhəllədə də oğurluq və vandalizm müşahidə edilir. Əlbəttə, ictimai mühit cinayətlərin artması və normal qəbulunda böyük rol oynayır. Ancaq tədqiqatçılar bu cür halların təkcə yoxsulluqla izah edilməyəcəyini də sübut edirlər.

Qanunsuzluğun müşahidə edildiyi və qanunların nəzərə alınmadığı bir mühitdə cinayət törətmək daha da asanlaşır. Ona görə də onsuz da qırılmış pəncərəyə daha çox zərər verməyin diqqət çəkməyəcəyini düşünənlər içlərindəki dağıtmaq ehtiyacını üzə çıxarırlar. Bunun qorxunc qəbul edilməyəcəyini bilirlər. Şüşənin qırıq olması psixoloji olaraq maşını da dəyərsizləşdirir. Başqa sözlə, cinayət cinayət törədir. "Qırıq şüşə" nəzəriyyəsinin təməlini də məhz bu məqam təşkil edir.
 
Real örnəklərlə möhkəmləndirilən "qırıq şüşə təcrübəsi" o illərdə ciddi marağa səbəb olur. Cinayətə olan meyillə həmişə ürküdücü yer kimi qəbul edilən Nyu-York metrosunda da bir təcrübə aparılır. Bu təcrübə qırıq şüşə nəzəriyyəsinin praktik tətbiq edilməsi məqsədilə həyata keçirilir. Buna görə də metro və ətrafında cinayəti xatırladan bütün divar yazıları silinir, zibillər tamamilə təmizlənir. Ən önəmlisi isə oğrulara qarşı bir müddət çox ciddi tədbirlər görülür. Metro qısa bir müddət sonra cinayətlərin mərkəzi olmaqdan çıxır və güvənli bir məkan halına gəlir. İnsanların qanunlara uyğun hərəkət etməsi və ətrafı təmiz saxlaması üçün qırıq şüşə nəzəriyyəsi faydalıdır. Onun tətbiqindən sonra zibil atanların sayı yox hesab ediləcək qədər azalır. 
Səhlənkar cəmiyyətlərdə cinayət sayı daha yüksəkdir.
Əlbəttə, qırıq şüşə nəzəriyyəsinin kəskin qanunları mövcud deyil. Bu, sadəcə çox uğurlu nəticələr verən önləmə olaraq dəyərləndirilə bilər. 

30 eyni pəncərənin olduğu binada bir pəncərə sındırılıbsa, uzun illər belə qalsa, digərlərinin də sındırılma ehtimalı böyükdür. 
 


Əgər ölkədə bir qrup insan ümidsizdirsə, bu ümidsizlik dalğa-dalğa başqalarına da keçir. Belə səhlənkar cəmiyyətlərdə cinayətə olan meyil yüksəkdi.

Nəzəriyyənin populyarlaşdığı illərdə bir çox qurum və quruluş  bundan ciddi şəkildə yararlandı. Nəzəriyyə kiçik görünən bəzi problemlərin gələcəkdə böyük xaoslara çevrilmə potensialına diqqət çəkir. Kiçik görünən problemlərə əhəmiyyət verilməzsə, cəmiyyət bundan güc alır və ortaya böyük cinayətlər çıxmağa başlayır. İntizamlı bir cəmiyyət yaratmaq üçün ən kiçik çat belə təmir edilməlidir. Yaxşı nümunələr yeni yaxşı nümunələri, pis nümunələr yeni pis nümunələri çoxaldır.
 
 

Çevirdi: Xumar Hüseynova
qadinkimi.com