SEVGİ, KİŞİ KİMİ
Həmid Herisçi yazır: Qəribə oğlan-İlham Əliyev Tarix : 16 Yanvar 2021, 09:13
"Ölkəmizi idarə edən dövlət başçımız, daha dəqiq desək, prezidentimiz, bizim hər birimizə, şəxsən elə mənə nə qədər yaxındır, yaxud uzaq? Görəsən, mən öz dərd-qəmimi, çətinliklərimi həll etmək barədə nə vaxtsa onunla görüşüb söhbətləşə bilərəmmi, heç?” – bu ilki soyuq qış günlərinin birində, neyçünsə, qəfil mən bu barədə düşündüm.

Beynimi silkələyib buna təkan verən bəzi mühüm hadisələr də vardı, əlbəttə - məsəlçün, evimizin qarşısındakı ağacların biri-ikisi artıq çürümüşdü deyə, JEK işçiləri gəlib onları kəsmişdilər... Dibindən yox, azcana, yuxarıdan çəp xəttboyu kəsilib doğranmış ağaclara ürək ağrısız baxmaq mümkün deyildi, inanın... Bundan az sonra, sanki bir rəmz olaraq, Bakıya misilsiz qar yağdı, əlifba kitablarında deyildiyi kimi "ətraf ağ kəfənə büründü”... O əyri kötüklər üzərindəki qar örtüyünə baxıb həyatın fanilliyi barədə düşünə-düşünə hiss etdim - hə, bu qar sanki əvvəlkilərin tayı deyil... Daha ağıllı, daha tədbirli, daha istedadlıdır... bilir hara yağır, niyə yağır... Kəsik ağacların kötüyünü örtüb ortaya bədii təfəkkür mənzərəsi qoyur... Bədii foto ustalarını gərək haylayıb səsləyək. Bu mənzərəni "National Geographic” jurnalının üz qapağı üçün çəksələr əla olar, vallah.

Düzü, buna cavab olaraq Əkrəm Əylislinin "Ceviz ağacının kölgəsi” hekayəsinin mövzusu da gəlib canlandı gözlərim qarşısında-ağac kölgəsi itən yerlərdən ehtiyatlı ol. 

Bir müddət özümə qapılıb kimsəylə danışmadım, elə o vaxt da beynimi qeyd etdiyim fikirlər qıdıqladı –"Ölkəmizi idarə edən dövlət başçımız, daha dəqiq desək prezidentimiz, bizim hər birimizə, şəxsən elə mənə nə qədər yaxındır, yaxud uzaq? Görəsən mən öz dərd-qəmimi, çətinliklərimi həll etmək barədə nə vaxtsa onunla görüşüb söhbətləşə bilərəmmi heç?...”

Vallah, düz sözümdü, bu sualıma başqası deyil, elə özüm də cavab verdim:"Əlbəttə, hə... Axı, sən çox sadə şəraitdə dövlət başçımızla üç-dörd dəfə görüşübsənsə, niyə bu, bir daha təkrarlana bilməz görəsən?...Təkrarlanar, vallah təkrarlanar” deyib, o görüşlərimizi bir daha xatirələrimdə canlandırdım.



- Həmid, min yoldaşlarından birisinin jiqulisinə-filanına, tez gəl... tez gəl, deyirəm bura, Şüvəlana... Bazarı keçib, dəmiryolunu ötdünmü, sola burul, orda çox da gözə girməyən bir restoran var, dəniz sahilinə çatmamış. Soruşsan, sənə nişan verərlər onu, içəridəki divarlarını akvariumlar bəzəyir deyə, xalq arasında ona elə "Akvarium” da deyərlər... Bir qəribə oğlan var... onunla səni tanış edəcəm...Gəl, peşman olmazsan...

2004-ci ilin fevral tarixində telefon dəstəyimdən gələn bu qəfil təklif əvvəlcə məni diksindirən kimi oldu. Noolub belə? Xeyir ola? Bu nə məclisdi belə? Adı çəkilən "qəribə oğlan” kimdi belə görəsən, hə?
Zəng edən kəs köhnə əziz dostlarımdandı deyə, təklifi təmbəlcəsinə qəbul etdim:
-Yaxşı...Gəlirəm... Noolub, qaçaqaçdı, nədi? Bir aydın de, görüm kimdi bizi ora dəvət edən axı...
İndiki kimi bir soyuq, boz fevral günüydü o vaxt da… Köhnə dostum xahişində israrlıydı: -"Tezcənə gəl, vəssəlam”. Neynək. Deyilənləri bittə-bittə təkrarladım, mindim tanışlardan birinin jiqulisinə-filanına, gəldim Şüvəlana, dəmiryolunu ötdük, burulduq sola, o ünvanı güç-bəlaynan tapanadək az qala bir-iki kənd balasını söymək istədim hətta - sualarımıza çox gec cavab verirdilər deyə...Şükür, deyilən ünvana sağ-salamat yetişdik axırda. Yastı damlı, alababat bina, restorandan çox, sovetdənqalma fəhlə yeməkxanasını xatırlatdı mənə onunla tanışlığımın ilk dəqiqələrində. Bir-iki dəqiqə sonra ilk qənaətlərimdə yanıldığımı duydum - divarlara tikilmiş akvariumlarda çox bahalı balıqların üzdüyünü görüncə, bəli, hiss etdim ki, bura elə-belə yer deyil.
İçəri isə bayırdan da soyuq idi…Onu qızdırmaqdan ötrü xidmətçilər əl-ayağa düşmüşdülər - əllərində elektrik qızdırıcıları ora-bura qaçışırdılar. Bəzi elektrik naqillərində nasazlıq hiss olunurdu, ustalara zəng edib onları bura dəvət edirdilər…Qonaqlar içində ancaq birisini görüncə tanıdım - "Lukoyl” şirkətinin sahibi Vahid Ələkbərov narahatcasına ora-bura vurnuxur, bir yerdə qərar tuta bilmirdi özünə. Eşitdiyimə görə, hava limanından birbaş Şüvəlana gəlmişdi,
Çiyninə boz palto atan, lax taxta kətildə əyləşərək titrək ovuclarını qızdırıcı üzərində qızdıran bir kəs o dəqiqə diqqətimi özümə cəlb etdi. Arxasını bizə çevirmişdi deyə, mən onun üzünü görmürdüm. Ancaq bu adamın lal heykəlində bir tanışlıq, bir doğmalıq hiss etdim elə ilk baxışda. Özümə dedim ki, bəs bu bizim köhnə tanışımız Elşəndi…Onun böyründən ötərkən istədim "qardaş, iş-güc?” deyərək zarafatyana bir yumruq çırpam kürəyinə… Bu fikrimdə bərk israrlıydım. Solaxaylığım köməyimə gəlmişdi. Boz palto sahibinin kürəyinə bu dar məqamda necə, hardan bir yumruq ilişdirməyi bacarmağım çoxları üçün hələ uzun müddət bir sirr olaraq qalacaqdı, yəqin ki...

Bir addım, iki, üç… Boz palto sahibinə yavaş-yavaş yaxınlaşıram…Sol əllim qalxmaq istəyir artıq…Ancaq nəsə…nəsə qəribə, məchul bir qüvvə məni bu zərbəni vurmaqdan yayındırır elə bil…Hə, cəhdim baş tutmadı neyçünsə…Boz paltolunun böyründən sakitcə ötüb hadisə yerindən bir-iki addım kənara ayrılmamış, qəfil geri qanrılıram. Palto sahibi də sanki nəyisə duyurmuş kimi eyni anda geriyə qanrılır - bu dəm qəfil baxışlarımaz görüşür…
Paho…. "Bu ki ölkə prezidenti İlham Əliyevdi!!!” fikri ildırım kimi çaxır beynimdə. Çaşdığımdan yerimdə donub qalıram. Ən azı bir otuz saniyə vaxt lazım olur mənə ki, özümə gəlim. Deyirəm, Allah qurtardı məni xata-bəladan, vallah…Yumruğumu prezidentin kürəyinə ilişdirib "iş-güc?” desəydim, nələr baş verəcəkdi sonra görəsən, hə? Cangüdənlər üstümə töküləşəcəkdilər? Yaxud atəşmi açacaqdılar ünvanıma?...
Hə, məni də, elə prezidentin özünü də, heç bilməmişdik vallah, sanki Allah özü qoruyurmuş ki…
Doğrudan…o nə qüvvəydi həmin an mənim yuxarı qalxan sol əlimi geri qaytaran, hə?


-Salam. – prezident baxışlarını düz gözümün içinə sancıb bir an dilinə bircə kəlmə gətirmir əsla. Məni aşağıdan yuxarı diqqətlə süzür bir müddət.
- Salam. – mən də tam eyni tərzdə ona cavab verirəm. Mən də diqqətlə gözdən keçirirəm onu.
Bu da olur mənlə prezidentimizin ilk tanışlığı.
- Buranı qızdırmaq hələ bir az vaxt aparar. Gərək dözək…-prezidentin söhbətə adi, çox dünyəvi bir rəng qatması ürəyimcə olur. Gözlərimi kənardakı cangüdənlərə doğru çevirirəm. Ancaq artıq öz aləmimdə qəti əminəm ki, prezidenti təkcə elə onlar qorumur. Arada başqa qüvvələr də var sanki. 
Hə, burda yamanca soyuqdur, bir yerdə dayanıb qərar tutmaq olmur, prezident də üşüyür, elə mən də... Ayağ pəncəmin birini yerə basınca digərini yuxarı qaldırıram, elə hey ovuclarımı bir-birinə sürtürəm. Alaqaranlıq dar dəhlizi, prezidenti arxada buraxıb yeməkxananın bir başqa guşəsinə daxil oluram. Hə, bax bu da mənim köhnə dostum...Əhvalatın nə yerdə olduğunu qabaqcadan bilir, prezidentlə görüşümdən də xəbardardı sanki. Lal, səssiz bir gülüş bürüyüb sifətini...
Salam-kəlamsız, başımı bulaya-bulaya deyinməyə başlayıram:
-Ay filankəs…sən dediyin "qəribə oğlan” buydu? Adama əvvəlcə deyərlər axı bunu… - köhnə dostumu ilk görüncə bunu ona xatırlatmağı özümə borc bilirəm. – Vallah ən son anda, sonmacalda Alah məni də, elə onu da xata bəladan qurtardı, biləsən haaa…-cümləmi sonsuzluğa qədər uzadaraq köhnə dostumun gözlərinə zillənirəm. O bircə cümləylə cavab verir bütün bu bayaqkı həngaməyə:
-Bizim "Akvarium”a xoş gəldin…


***
Son anadək dözmək…Ən son anda, sonmacalda qərar vermək, öz fikrini, reaksiyasını lap axırda bildirmək xüsusiyyəti, razılaşın, həqiqətən məhz xüsusi insanlara məxsus bir keyfiyyətdir. Bir də, belə deyək-" Dövlət idarəetmə sistemində əvəzolunmaz bir cəhətdir”. Bu dəyərli cəhəti canlı şəkildə ilk dəfə mən çox təcrübəli bir dövlət xadimində görmüşəm. Yadıma gələr, 1994-cü ilin soyuq dekabrı, kotolik milad bayramı günləriydi…
Moskvadan Bakıya gəlmiş Rusiya İslam Komitəsinin sədri Heydər Camal Bakıda öz adaşı ilə, ölkə prezidentimizlə görüşməliydi. Həmin görüşün iştirakçılarından, təşkilatçılarından biri kimi mən son anadək bilmirdim bu görüş baş tutacaq, ya yox.
- Bakı, 28 may küçəsindəki katolik kilsəsi…Ordakı Milad bayramı…Həmin kilsədə oturmuş Rusiya Müsəlman Komitəsinin sədri Heydər Camal…Və başqaları…Heydər Əliyev ora gəlib kotoliklərin bayramını təbrik etdi. Sonra eşiyə adlayıb öz qara avtomobilinə doğru addımladı. Avtomobilin qapısı açılanadək heç nə demədi. Çaşdıq əvvəlcə biz. Dedik ki, əfsus, deyəsən, görüş baş tutmayacaq. Lakin, ən son anda, qarşısında qara avtomobilinin ağır qapısı açılmışkən, qəfil geri qanrılıb bizə tərəf baxdı o.
Ətrafdakılar içində bir bizə, bir də köməkçisinə ünvanlanaraq qısaca pıçıldadı:
- Görüşümüzü təşkil edin.
Bax beləcə, 1994-cü ildə Bakıda "Kotolik milad bayramı” dövlət rəhbərliyi tərəfindən qeyd olundu.

***
Son macaladək dözmək…Ən son anda geri qanrılıb baxmaq…
Göz-gözə görüşmək…
Fərqi yoxdur harda-Şüvəlandakı "Akvarium”da, yaxud Bakı Katolik kilsəsində…
Əsas məsələ görüş yerini şübhə doğurmamaqçün düzgün yerdə təyin etməkdir. Əsas məsələ son anadək dözmək, öz fikrini açmamaqdır.
Əsas məsələ ən son anda qəfil geri qanrılıb-"görüşümüzü təşkil edin”, yaxud "salam!” deyib hamını təəccübləndirmək bacarığıdır.
Əsas məsələ odur ki, sən son anadək öz rəqibini imtahana çəkirsən…Və bilirsən ki, heç vaxt o sənə kürəyindən zərbə endirməyəcək.
Əsas məsələ odur ki, sən bilirsən – səni təkcə cangüdənlərin qorumur.
Bilirsən ki, bir başqa qüvvə də qoruyur səni.

***
Mən şahidəm-"QƏRİBƏ OĞLAN” buna çox yaxşı bələddir…

Həmid Herisçi