QADIN / KİŞİ
Qənirə Paşayevadan maraqlı təkliflər Tarix : 19 Mart 2021, 08:57
MM-in Mədəniyyət Komitəsinin sədri Q.Paşayeva MM-də Nizami Gəncəvi ilə bağlı beynəlxlaq səviyyəli yeni filmin çəkilməsi, Gəncədə Cavad xan heykəlinin qoyulması və Aşıq Ələsgər haqqında dünyada nümayiş etdirə biləcəyimiz sənədli filmin çəkilməsi təklifi ilə hökümət qarşısında çıxış edib
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Məclisin iclasında – Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci ildə fəaliyyəti haqqında hesabatı barədə müzakirələr zamanı çıxış edərək, mədəniyyət, incəsənət sahəsinə aid bir sıra vacib məsələlərə toxunub.
Ümummilli lider Heydər Əliyevin "Yalnız yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcək” sözlərini xatırladan Komitə sədri, Ümumilli liderin bu fikrinin cənab Prezidentin siyasətində, hörmətli Birinci vitse-prezident Mehriban xanım Əliyevanın mədəniyyət sahəsində gördüyü böyük işlərdə bugün öz əksini tapdığını vurğulayıb:
"Cənab Prezidentin Şuşanı Mədəniyyət paytaxtı elan etməsi dünyada yaşayan bütün azərbaycanlılar tərəfindən böyük məmnuniyyətlə qəbul edildi. Biz inanırıq ki, işğalçılıq və vandalizm siyasəti yürüdən Ermənistanın dağıtdığı tarixi-mədəniyyət abidələrimiz qısa zamanda bərpa olunacaq və cənab Prezidentin də vurğuladığı kimi Qafqazın mədəniyyət incisi olan qədim Şuşamız sadəcə Azərbaycanın deyil, Türk dünyasının, İslam dünyasının mədəniyyət paytaxtı kimi bütün dünyada layiqli şəkildə tanınacaq.
Təsadüfi deyil ki, Azıx mağarasını ziyarət edən dövlət başçısı, bu mövzulara yenidən toxunaraq, istər Azıxda, istərsə, işğaldan azad edilmiş digər ərazilərimizdə həqiqi tarixi, arxeoloji tədqiqatların aparılması imkanını qeyd etdi, yerli və xarici mütəxəssislərə tədiqatlar üçün şərait yaradılacağını dedi”.
Sözlərinə davam edən Komitə sədri Nizami İli mövzusundan danışdı: "Bildiyiniz kimi cənab Prezident 2021-ci ili Azərbaycanda Nizami Gəncəvi İli elan edib. Bu cənab Prezidentimizin siyasətində mədəniyyətimizin inkişafının və təbliğinin nə qədər böyük yer tutduğunun bariz nümunəsidir. Biz inanırıq ki, Nizami irsinin ölkəmizdə və dünyada təbliğində çoxlu işlər görüləcək və Mədəniyyət Komitəsi olaraq hökumətimizdən bununla bağlı bir məsələyə xüsusi diqqət yetirilməsini xahiş edirik. Bilirsiniz ki, Nizami Gəncəvi ilə bağlı film sovet illərində çəkilib və mütəxəssislərin, ziyalıların da fikri bundan ibarətdir ki, bu gün ölkəmizə və dünyaya Nizami irsinin daha geniş təbliği baxımından yeni bir filmin çəkilməsinə ehtiyac var. Nizami ilində belə bir film üzərində işin başlanması Nizami ilinə, Nizami irsinə çox gözəl töhfə olardı və inanırıq ki, hökümətimiz bu məsələni xüsusi diqqətdə saxlayacaq.
Nizami İli çərçivəsində təbii ki, onun doğulduğu və yaşadığı qədim Gəncə şəhərimizə yerli və xarici qonaqların daha çox səfərlərini müşahidə edəcəyik. Azərbaycan xalqının qəhrəman oğullarından Cavad xanın xatirəsinin əziz tutulması, irsinin qorunması hər zaman cənab Prezidentin və ölkəmizin birinci vitse-Prezidenti Mehriban xanımın diqqətində olub və onun türbəsi məhz Mehriban xanımın dəstəyi ilə təmir olunub. Cavad xanın adını daşıyan fonda bu gün onun ailəsinin davamçılarından Valid xan rəhbərlik edir və onunla Mədəniyyət Komitəsində görüş zamanı cənab Prezidentin və hörmətli Mehriban xanımın Cavad xan adına və irsinə hər zaman yüksək münasibətini minnətdarlıqla qeyd etdi. Fond rəhbəri Gəncənin ən gözəl yerlərinin birində Cavad xana heykəl qoyulması ilə bağlı dövlət rəhbərliyinin tapşırıqlarının da qısa zamanda həyata keçəcəyinə inandığını vurğuladı. Bu məsələ ilə bağlı Gəncə şəhər İcra Hakimiyyəti başçısı ilə müzakirəmiz zamanı başçı bildirdi ki, heykəllə bağlı artıq yer ayrılıb. Müvafiq qurumlardan xahiş edirik ki, bu heykəlin hazırlanması və qısa zamanda Gəncədə layiq olduğu yerdə ucaldılması ilə bağlı məsələlərə xüsusi diqqət yetirsinlər”.
Aşıq Ələsgərin bu il 200 yaşının tamam olduğunu xatırladan Q.Paşayeva dedi: "Bu il mədəniyyət xadimləri, bütövlükdə xalqımız cənab Prezident tərəfindən aşıq sənətinin böyük ustadı, tarixi Azərbaycan torpağı olan doğma Göyçə mahalının Ağkilsə kəndindəki məzarı ermənilər tərəfindən dağıdılmış Aşıq Ələsgərin 200 illik yubileyinin keçirilməsi barədə Sərəncamını yüksək qiymətləndirir. Biz Mədəniyyət Komitəsinin üzvü, dəyərli alimimiz Əziz Ələkbərli ilə birlikdə Dədə Ələsgər Ocağının təmsilçisi ilə də, cənab Prezidentin sərəncamından irəli gələn məsələlər istiqamətində müəyyən müzakirələr apardıq.
Qüdrətli söz ustadının aşıq sənətindəki böyük yerini və rolunu, eyni zamanda işğalçı Ermənistanın vandalizm üzünü beynəlxalq aləmdə daha geniş tanıdılması baxımından Aşıq Ələsgərlə bağlı, dünyada nümayiş etdirə biləcəyimiz səviyyədə bir sənədli filmin bu il içərisində hazırlanmasına, beynəlxalq aləmdə geniş yayılmasına ehtiyac var.
Eyni zamanda, Aşıq Ələsgərin adına layiq heykəlinin respublikamızın paytaxtında ucaldılması da qüdrətli söz ustadının ruhunu şad edər, milli mədəni irsimizə töhfə olardı”.
Mədəniyyət Komitəsinin sədri çıxışının sonunda mədəniyyət, incəsənət xadimlərinin, gənc istedadların mənzil-məişət şəraitinin yaxşılaşdırılması da daxil olmaqla, bir sıra sosial problemləri əhatə edən məsələlərlə bağlı da hökumətə ayrıca məktubla müraciət edəcəyini bildirib.
 
 
 
 
qadinkimi.com