QADIN / KİŞİ
Qadınsan axı... Tarix : 09 Dekabr 2019, 09:41

Sən həmişə sözsüz anlamalısan, Görmədən, bilmədən belə, bilmirsən? Hardan biləcəksən, siz belə şeyləri anlamazsız. 

Anlayışsızsan!

Bir dərdin var, nəsə səni narahat edir? Danışma. 
Yoxsa, deyingənsən! 

Dərya kimi olmalısan, udmalı, susmalı, anlayış göstərməlisən. Sən nə bilirsən dərd nədir? 

Qadınsan axı! 

Məsuliyyətlərin mukəlləfiyyətlərin var, anasan axı. Qadınsan axı. Sənin dərdin olmamalıdır. 

İçirsən, çəkirsən? Qadın nədir, dərd nədir, sadəcə yolunu itirmisən. 

Yorulmusan, qadın da yorulur? Neynir ki, qadın? Nə yükü var ki? 

Ömür boyu basqalarının məsuliyyətini daşımalıdır. Kiminsə namusu, qeyrəti, adı var. Həddin nədir səhv edəsən, dəlilik edəsən. 

Qadınsan axı.

Depressiya? Hahaha, qadın nə bilir depressiya nədir? Anadır, axı. Qələt edər. Ümumiyyətlə bu, əsl depressiya deyil,  ifritəlikdir, özünü gic yerinə qoyub. 

Boşanıbsa, günah özündədir. Dözməli idi. 

"Hamının evində söz-söhbət olur da" - deyə sorğulayan həmcinsimə blokluq cavabım olmuşdu. "Ömür boyu söz - söhbət içində yaşamaq istəyən yaşasın, mən eşşək deyiləm".

Səhv idi. Ailəni qorumalı idin - hər şeyə boyun əyərək. 

Qadınsan axı. 

Bir az gözəlsənsə və yanında bir kişi yoxdursa, istənilən münasibətə açıq olmalısan. Deyilsənsə, Fatmanisəsən, açıqsansa, pozğun.  

Qadınsan axı. 

Svetayeva üsyan edirdi: 

"Tanrı, məni qınama 
Sən dünyada qadın olmamısan". 

Şükür ki, qadınam, ən azı kişi olub qadına haqsızlıq etmirəm. 

Səyyarə Elxan
qadinkimi.com