FEMİNİZM
Qadınların mətbəx hakimiyyəti Tarix : 22 Aprel 2021, 07:30

İlk dəfə Alekseyeviçdən oxuyanda maraqlı gəlmişdi – Sovet mətbəxi və dissidentlik. Geniş mövzudur, araşdıranlar da olub. 


 

Qısa deyim nə məsələdir: 1917 oktyabr inqilabından sonra varlılara məxsus böyük evlər müsadirə edilirdi, ora fəhlələr və ailələri yerləşdirilirdi. Stalin güclü sənayeləşmə aparırdı, Moskvaya və digər şəhərlərə böyük axın var idi. Fəhlələr indiki qaçqın yataqxanasına oxşayan binalarda qalırdılar. Bu binalarda təxminən 20 ailəyə bir mətbəx və bir hamam-tualet düşürdü. Üstəgəl, ölkədə qıtlıq yaşanırdı, qida az idi. Ümumi mətbəx həm də qidadan qənaətlə istifadə etmək üçün lazım idi.

***


İnsanların şəxsi həyatı, demək olar yox idi. Çoxlu işləyirdilər, evə gələndə isə tələsik çimib, hamı ilə birlikdə tez yemək məsələsini həll edib, öz otaqlarına sadəcə yatmaq (seks) üçün gedirdilər. Bu şəraitdə insanların təşkilatlanması, bir-birinə etibar etməsi mümkün deyildi.


Xruşşov hakimiyyətə gələndə yumşalma lazım idi və o, bunu qismən etdi. Artıq sənayeləşmə də xeyli miqyasda həyata keçirilmişdi, ölkənin gəlirləri də artmışdı. Xruşşov hər kəsin öz mənzili və qidası olacağını elan etdi. O, indi "xruşşovkalar” kimi tanıdığımız, beton bloklardan ibarət, darısqal, alçaq tavanlı evlərin sürətlə tikilməsinə nail oldu. Əksər insanların ilk dəfə idi ki, mətbəxi olurdu. Çox darısqal olsa da, bu, illərlə bir mətbəxdən istifadə etmiş ailələr üçün lüks idi.


Öz yeməyini bişirməkdən, öz qablarını öz şkafına qoymaqdan başqa ciddi proseslər də baş verdi bu mətbəxlərdə. İnsanlar kommunanın qəddar çuğulluğunun gözlərindən iraq, özəl məkan əldə etdilər... və orada öz insani ehtiyaclarını ödəməyə başladılar.


"İnsan sosial heyvandır”, onun istədiyi dairələrlə ("kruq”larla) sosiallaşmaq, yaratmaq, bölüşmək kimi təbii insani ehtiyacları var. "Xruşşovka”ların mətbəxlərində insanlar etibar etdikləri dostları ilə yığışır, çoxlu söhbətlər edir, siyasətdən danışır, müxalifətçilik edir, BBC, Amerikanın səsi, Azadlıq radiolarını qısa dalğalarla gizlincə dinləyir, "samizdat”ları (gizlincə çap edilmiş materiallar – kitablar, vərəqələr və s.) qrup şəklində oxuyub, dinləyir, "maqnitizdat”ları (gizlincə yazılmış mahnılar, səslər. 1950-60-cı illərdə rentgen vərəqində (neqativində) səs yazır, sonra o vərəqi qayçı ilə oval kəsib, ortasını siqaretlə yandırıb, deşik açırdılar, sonra isə val kimi qulaq asırdılar) dinləyir, ədəbiyyatla məşğul olurdular.


"Xruşşovka”lardan bəri sovet mətbəxi sovet insanının muxtar ərazisi, nəfəsliyi oldu. Onlar burada dinlənilməmələri üçün şübhəli qonşularının yatmağını gözləyir, girişdəki ("blok”da) KQB agentindən yayınır, telefonu balışla basdırır, suyu açıq qoyurdular. 1990-lardakı liberalizasiya dalğası da bu nəslə məxsus idi. Xruşşov hər ailəyə bir mətbəx əta etməklə sovet sistemində elə bir boşluq ("bug”) buraxmışdı ki, Brejnevin sərt durğunluğu da ("zastoy”) bunun öhdəsindən gələ bilmədi.


Mətbəxin insan azadlığının qalasına çevrilməsi tarixən də olub. Bu, xüsusən qadın azadlıqları sahəsində müşahidə oluna bilər. Bu da bir ayrı araşdırma mövzusudur. Mənə maraqlı olan Azərbaycanda qadınların mətbəx istilasıdır. Onlar mətbəxi güzəşətə getməməyə çalışırlar (xüsusən, orta və yaşlı nəsil). Arvadlar ərlərinə, analar qızlarına, qayınanalar gəlinlərinə mətbəxi güzəştə getmək istəmir, onu qorumaq üçün gərgin və sonsuz mübarizə aparırlar.


Səbəb - mətbəxin qadının qismən azad olduğu azsaylı yerlərdən biri, hakimiyyətdə olduğu, demək olar, yeganə yerdir. Mətbəx elə yerdir ki, bütün ailənin sağlamlığı, həyatı oradan asılıdır. Mətbəx kimdədirsə, ailənin taleyi də, əhval-ruhiyyəsi də əslində onun əlindədir.


Çox qədim zamanlarda qadının səlahiyyətləri çox idi, sonra azala-azala getdi və təmizlik, yemək bişirmək, uşağa baxmaq kimi azsaylı işlərlə məhdudlaşdı. Təbii ki, qadınlar boş durmadılar və elə bu sıxışdırıldıqları yerdən daha çox səlahiyyətlər əldə etməyə başladılar. Mətbəxin idarəsi ev təsərrüfatını idarə etməyə bərabərdir. Ev təsərrüfatı isə geniş anlayışdır. Məsələn, "oğlumuza filan qızı alaqmı?” sualına ev təsərrüfatını idarə edən cavab verə bilər, çünki suala oğlanla qız özü cavab vermirsə, deməli, cavabda motiv daha çox iqtisadi, praqmatikdir. Kimin qonaq gəlməsi, kimə qonaq gedilməsi, yəni ailənin xarici əlaqələri də təsərrüfat rəhbərinin əlində olur. Qısası, qadın mətbəxdə ağalığı vasitəsilə əslində ailəni idarə edir.


Mətbəxsiz evlərdə bu, çətindir. Kəndlərdə mətbəxlər son 10-15 ildə ortaya çıxıb. Ona görə də kənd toylarında, yaslarında yeməyə ümumi nəzarət, baş aşpazlıq bir ağsaqqalın əlində olur. Qadının yeməkdə, təsərrüfatda müstəqilliyi yoxdur. Ona görə də kənd qadınları daha çox istismar olunurlar. Şəhərdə azı bir mətbəxi olan qadın isə mətbəxsiz kənd qadınından daha çox hakimiyyətə malikdir, daha az istismar olunur.


Ona görə də analarımız kişi mətbəxə girib, yeməyə qarışanda əsəbləşirlər, "arvad işinə qarışma” deyirlər. Bu, "mənim muxtariyyətimə qarışma, get, öz federal hakimiyyətinlə məşğul ol” deməkdir. Qayınana ilə birlikdə qalan gəlinlərin ən böyük problemlərindən biri mətbəxin dizaynı, öz qablarını yerləşdirmək, ümumiyyətlə, mətbəxdə hakimiyyəti ələ almaqdır. Bu, qayınana-gəlin müharibəsinin şah damarıdır, Şuşasıdır, bunu əldə edən müharibənin formal mərkəzinə - Xankəndiyə nəzarət edir. O dərəcədə yəni.


Həm də bizim analar (qayınanalar) Xruşşov mətbəxlərinin verdiyi müstəqilliyi görüblər, mətbəxin qədrini yaxşı bilirlər. Buna görə də hazırda genişlənməkdə olan "mətbəxli zal” dizaynı, əslində qadınların hüquqlarını məhdudlaşdırır. Onlar işlərini hamının – qonaqların, ərin, uşaqların gözü qabağında görürlər, rəfiqələri ilə mətbəxdə toplaşa bilmirlər – son qalaları işğal olunmuş olur. Çünki ər mətbəxi onun əlindən alır, amma qadının vəzifələrini bölüşmür. Fərq onda olur ki, əvvəl rahat işini görən qadına indi azı bir cüt göz nəzarət edir.


Azərbaycanda patriarxatın yaşamasında qadınların əhəmiyyətli rol oynaması həm də buradan irəli gəlir. Onların əlində xeyli hakimiyyət var və bunu feministlərin cinslərarası vəzifə bölgüsünə çağırışı təhdid edir. Qadına mətbəx ona görə güzəşt edilir ki, orada işləsin. İşini kişi ilə bölsə, əlində olan hakimiyyəti də bölməli olacaq, kişinin isə öz hakimiyyətini böləcəyinə əmin deyil, əksinə inanır ki, kişi öz hakimiyyətindən əl çəkməyəcək. Ona görə də "soğan olsun, nağd olsun” prinsipi ilə feminizmin, cinslərarası hüquq bərabərliyinin əleyhinə çıxır.




Hələ bir də gender bərabərliyi söhbəti var. Feminin xüsusiyyəti olan kişi, yaxud maskulin qadın ənənəvi mətbəx hakimiyyəti üçün təhlükədir. Onlar binar sistemi dağıdırlar. Əgər iş davamlıdırsa, bu, müftə olmur, fədakarlıq bir yerə qədərdir. Müftə iş davam etdikcə, işçi özünə hüquqlar tələb edir, çünki hər vəzifənin qarşılığında hüquq var. Mətbəxdə bütün vəzifələrin qadına məxsus olması mətbəxdə bütün hüquqların da ona məxsus olması anlamına gəlir.

 

Hazırda kəndlərimizdə mətbəxlər çoxalır, nəticədə qadınların muxtariyyəti artır. Üstəgəl hərənin əlində bir telefon – muxtar şəbəkələşmə də var. Amma telefonlar nəzarətdə olur, "xruşşovka”lardakı kimi telefonun üstünə yastıq basmaqla, agentlərin öhdəsindən gəlmək olmur, çünki agent sənin evindədir – axşam kişi gəlib, tərbiyəsizcəsinə sənin telefonuna baxa bilir. Ona görə də mətbəxlər, oradakı söhbətlər yenə əvəzedilməz azadlıq nəfəsliyi olaraq, qalır. Proses gedir, sürət də artır, amma dəyişiklik birdən olmur.


Zaur Qurbanlı

qadinkimi.com/az